21:14
(077) 610-22-33

Gənc Təlimçilər Şəbəkəsinin qurulmasına start verildi

  • >
371 15 Noyabr 2013 12:47 | Cəmiyyət

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Gənc Təlimçilər Şəbəkəsinin qurulması" layihəsinə start verir.
Ölkəmizdə ilk dəfə həyata keçirilən bu layihənin əsas məqsədi gənc təlimçilərin şəbəkələşməsinə, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunmasına və təlimçilik bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.

Layihə çərçivəsində müxtəlif idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən gənc təlimçilərin bir araya gətirilməsi, Bakı və regionlarda yeni təlimçilərin formalaşdırılması, onlarla birgə qeyri-formal təhsil metodologiyasının yenidən işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadənin sözlərinə görə, bu layihə təlimçilik fəaliyyəti ilə məşğul olan gənclərimizin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə, onların fəaliyyətinin əlaqələndirilməsinə, yeni-yeni təlimçilərin meydana çıxmasına və ən əsası təlimçilik institutunun ciddi şəkildə inkişafına təkan verəcək. Bu gün mövcud təlimçilər pərakəndə fəaliyyət göstərir və onların arasında koordinasiya yoxdur. İstənilən şəxs müxtəlif auditoriyalara daxil olub, özünü təlimçi kimi təqdim edə bilir. Belə olduğu halda, təlimlərin keyfiyyəti aşağı düşür, iştirakçıların qeyri-formal təhsil proqramlarına marağı da azalır. Bu baxımdan yaradılacaq Şəbəkə, əlaqəndirmə funksiyası ilə yanaşı, gənc təlimçilərin professionallaşmasına və akreditasiyasına, elmi əsaslarla hazırlanmış metodologiyalardan istifadə edilməsinə, beynəlxalq təcrübənin tətbiq olunmasına və s. yardım edəcək. Bir sözlə, kim professional təlimçi axtaracaqsa, Şəbəkə ona yardımçı olacaq.
Yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən gənc təlimçilərin məlumat bazasının hazırlanmasına, onlar arasında qiymətləndirmə sorğusunun keçirilməsinə, təlimçi olmaq istəyən gənclər üçün xüsusi proqramların və məsləhət saatlarının təşkilinə başlanılacaq.
Qeyd edək ki, pilot layihə Bakı şəhəri ilə yanaşı, 7 müxtəlif regionda həyata keçiriləcək.

AzNews.az
Bağla X