02:46
(077) 610-22-33

Seçkilərə açılan atəş: tətiyi kim çəkdirdi?

  • >
364 4 Fevral 2013 09:40 | Dünya

Yerevanda bir neçə gün əvvəl, təxminən gecəyarısı naməlum şəxslər prezidentliyə namizəd Paruyr Ayrikyana atəş açıblar. Sinəsindən yaralanmış Ayrikyan Yerevandakı "Surb Qriqor Lusavoriç" tibb mərkəzinə aparılıb. Həmin tibb mərkəzi isə Sarkisyanın qudasına məxsusdur.

İndiyədək Ermənistanda dəfələrlə prezidentliyə namizəd olmuş Ayrikyan güllə yarası alsa da, onun həyatına təhlükə yoxdur, ölüm ayağında deyil və huşunu da itirməyib.

Ayrikyan Konstitusiya Məhkəməsinə müraciət edərək, seçkilərin 15 gün müddətinə təxirə salınmasını xahiş etsə də, onun istəyinin nəzərə alınma şansları çox azdır.

Səbəb sadədir.

Ermənistan Konstitusiyasının 52-ci maddəsinə görə, əgər prezidentliyə namizədlərdən birinin yaşamında "dəf edilməsi mümkünsüz maneələr yaranırsa", onda seçkilər 2 həftə müddətinə təxirə salınır. Hərgah həmin maneələr aradan qalxmırsa, onda seçkilər iki həftə təxirə salınandan sonrakı tarixdən etibarən 40 gün sonra keçirilir.

Bu, əsas məsələdir, çünki Ayrikyana açılan atəşin də başlıca məqsədi seçkilərin təxirə salınması idi.

Yaranmış situasiyada nəticə bəlli olduğundan, səbəbləri aramaq gərəkdir.

Paruyr Ayrikyana atəşi kim açdırdı və bu aksiyanın arxasında hansı qüvvələr durur? Ermənistandakı bir çox politoloqlar və siyasətçilər, habelə iqtidar komandasının mənsubları aşkar deməsələr də, dolayı yolla bildirirlər ki, prezidentliyə namizədi güllələyən adamın sifarişçisi Qərbdir.

İqtidar apologetlərinin qulluğunda duran media və politoloqların sözlərinə görə, Qərb Serj Sarkisyana aşkar mesaj verib.

Son vaxtlar Sarkisyanın ritorikasındakı dəyişikliklər aşkardır. Ermənistanın Avropa Birliyinə və Şimali Atlantika Blokuna inteqrasiyası, xarici siyasətdəki oriyentirlərin Rusiyaya maksimal bağlılıqdan Qərblə əlaqələrin genişləndirilməsinə dəyişdirilməsini Moskva bilir, anlayır və görür.

ABŞ ilə Avropa Birliyi də Yerevanın davranışındakı yeni hərəkətləri, həmin hərəkətlərin yönəldiyi məqsədi və ən başlıcası, Sarkisyanın qarşısındakı hədəfləri anlayırlar.

Ermənistan prezidenti parlament seçkilərindən sonrakı çıxışlarının əksəriyyətində tam konkret və aydın şəkildə bildirib ki, ölkəsinin əsas, strateji tərəfdaşı qismində Qərbi yox, məhz Rusiyanı görür.

Paruyr Ayrikyana sui-qəsd cəhdinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Yerevana rəsmi səfəri başa çatan kimi edilməsi də maraqlıdır.

Gürcüstanda iqtidarın Rusiyaya meylli Bidzina İvanişvilinin əlinə keçməsi və prezident Mixail Saakaşvilinin səlahiyyətlərinin az qala günbəgün azaldılması Rusiyaya Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etmək üçün müəyyən imkanlar yaradıb. Təsir rıçaqlarını Tiflislə yanaşı, Yerevana da sirayət etdirməyə çalışan Moskva strateji tərəfdaş və ya geosiyasi müttəfiqdən daha çox əlaltısı, forpostu saydığı Ermənistanın nəzarətindən çıxmasına əsla imkan vermək istəmir.

Şoyqunun Yerevanda olarkən Ermənistan rəhbərliyi ilə müzakirə etdiyi məsələlər arasında konfidensial, ictimaiyyətə açıqlanmayacaq məqamların olduğu da şübhə doğurmur.

Belədə, təbii ki, Yerevanla Moskva arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəvisindən narahat olan Qərb cavab addımları atmağı düşünür. Həmin addımlar və ya qərarlar Yerevandakı situasiyaya nə dərəcədə adekvat olacaq - bunu zaman göstərəcək. Hələliksə bəlli olan budur ki, Yerevanın xarici siyasəti ilə yanaşı, daxilindəki siyasi proseslərə təsir imkanları baxımından Qərb Rusiyaya çox uduzur.

Ayrikyana sui-qəsdi indi Serj Sarkisyana aşkar mesaj kimi qələmə verirlər. Təbii, Sarkisyana bir daha xatırlatdılar ki, insan həyatının qəflətən kəsilmək təki şakəri var və yəqin ki, Ermənistan prezidenti də bu mesajı anlayıb.

Onun sui-qəsdin, aldığı mesajın arxasında hansı qüvvənin durduğunu dərk etdiyi də məlumdur. Amma Sarkisyan, çətin ki, özündə cürət taparaq o qüvvənin adını çəksin, Ermənistandakı proseslərə aşkar müdaxilə etməyə başlamış qüvvəyə qarşı müqavimətə çağırsın. Belə mübarizlik Sarkisyanın siyasi, bir qədər də inadkarlıq edərsə, fiziki ölümü ola bilər.

Rəsmən bəyan olunub: "Bu çirkin cinayətin araşdırılmasını dövlət başçısı şəxsi nəzarəti altına alıb və Paruyr Ayrikyana sui-qəsd edərək onu öldürməyə çalışanlarla həmin qatillərin sifarişçilərinin adları ən yaxın zamanlarda açıqlanacaq".

Bəyanat və... vəssalam. Daha sonra isə Ermənistanda prezident seçkiləri keçiriləcək, seçkilər bitəndən sonra ya bu cinayət ümumiyyətlə açılmayacaq, ya da bilavasitə tətiyi çəkən adamlar qismində təqdim edilən şəxslər gerçəkləşdirmədikləri cinayətdə suçlanaraq cəzalanacaqlar.

Cinayət də qatı xuliqanlıq, yaxud kiminsə Ayrikyanla haqq-hesab çəkmək istəyi kimi qələmə veriləcək.

Yerevandakı politoloqlarla siyasətçilər Ayrikyana sui-qəsdi "dövlətçiliyə qarşı sui-qəsd" adlandırmaqda yanılmırlar.

Di gəl, hər şey ehtimal və güman səviyyəsində qalacaq, rəsmilərdən kimsə gerçəyi söyləməyəcək.

Çünki rəsmi Yerevanın indi çıxış yolu yoxdur.

Ayrikyanın Qərbin xüsusi xidmət orqanlarının sifarişi ilə vurulduğu bəyan edilərsə, Ermənistan Qərbin arzuolunmaz dövlət sandığı məkana çevriləcək və Sarkisyanın da hakimiyyətdə qalması həddən artıq çətinləşəcək.

Ayrikyanın Rusiyanın ssenarisinin qurbanı olduğu deyilərsə, onda Serj Sarkisyanın ikinci dəfə prezident seçilməsi boş xülyaya çevriləcək və o, həbs olunmamağın yollarını arayaraq təhlükəsizliyinin təminatı üsullarını düşünmək məcburiyyətində qalacaq.

Üstəlik, Sarkisyanın iqtidar dəstəsi baş verənlərin Qərbin çirkin əməliyyatı olmasından Moskvaya, ya da yaşananların Rusiyanın yürütdüyü siyasətin təzahürlərindən biri qismində qəbul edilməsi üçün Qərbə üz tuta bilməyəcək.

Çünki sifarişçi nə Rusiya, nə də Qərbdir.

Sarkisyan özü-özündən kimsəyə şikayətlənərək istəyinə çata bilməz: Yerevandakı bivec və yarıtmaz dövlət strukturlarından fərqli olaraq, ABŞ, Avropa Birliyi və Rusiyanın bəlli təşkilatları pis çalışmırlar.

Paruyr Ayrikyana atəş açılmasının Ermənistanda yalnız Serj Sarkisyana sərf etməsi və bu "sui-qəsd" adlı məzhəkənin arxasında da onun durmasına şübhə olmadığı ilə bağlı versiyalar da səslənir.

Ən azı, ona görə ki, belə sui-qəsd olayı Sarkisyana Moskva ilə danışıqlarda daha "səbatlı" mövqelərdən çıxış etməyə imkan verərdi.

Paruyr Ayrikyana sui-qəsdin arxasında Qərbin durması ilə bağlı ehtimallar absurd təsir bağışlamır. Ssenari ilk baxışdan bəsitdir: prezidentliyə namizəd atəşə tutulur, sonra ölkədəki ideya qulluqçuları vasitəsilə Ayrikyanın Rusiyanın xüsusi xidmət orqanlarının qəzəbinə gəlməsi ilə bağlı eyhamlar səsləndirilir və Moskvanın Yerevanı nəzarətdən buraxmamaq istəyi xüsusi vurğulanır, sonra da Serj Sarkisyan siyasətində dəyişikliklər edərək yönünü Qərbə çevirir.

Versiya pis səslənmir, amma sadəlövhdür.

Çünki nə Qərb belə idiotizm səviyyəli ssenarilər hazırlayır, nə də Rusiyanın xüsusi xidmət orqanları oliqofrenlərdən ibarət strukturlar deyil ki, forpostunda rəqibin "at oynatmasına" imkan verərək baş verənləri seyr etməklə kifayətlənsin.

Ayrikyanın Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə vurulması barədə versiyalar çoxdur və onları səsləndirənlər arasında ən müxtəlif insanlar var. Keyfiyyət çoxluğu kəmiyyətdə dəyişikliklər yaratmadığı üçün versiyaları sadalamağa lüzum görmürük. Yalnız onu yazaq ki, Rusiya Ermənistanda daha mürəkkəb işlər görür, çoxşaxəli əməliyyatlar həyata keçirir və belə bəsit sui-qəsd hazırlamaqla olayları qarışdırmaq istəmir.

Ermənistan çox kiçik, Qərblə Rusiyanın maraqlarının toqquşduğu ölkə olduğundan burada üzdə olan adama qarşı törədilən istənilən aksiyanı olduqca qısa müddətdə aşkarlamaq, təşkilatçı və sifarişçiləri müəyyənləşdirmək ifrat çətinlik yaradan proseslər deyil.

Tam əksinə, işin arxasında Rusiya və ya Qərb dayansaydı, tərəflərdən biri sifariçi ilə tətiyi çəkənin adını dolayı yolla, "sızdırma" ilə çoxdan əyan etmişdi.

Sadalanan məqamlara görə, sifarişçinin Rusiya və Qərb olmadığı aydındır.

İranın Ermənistanda əlahiddə və xüsusi, hətta "spesifik" maraqlarının olmasına rəğmən, Tehran da belə riskə getməz.

Ona görə Paruyr Ayrikyana sui-qəsdin potensial sifarişçilərini Yerevanın özündə aramaq gərəkdir. Çünki bu olay sadalanan tərəflərin hamısından çox, Yerevandakı iqtidara sərfəlidir.
Ermənistan prezidenti Serj Sarkisyan sui-qəsd cəhdindən sonra bəyan etdi ki, seçkiqabağı təbliğat kampaniyasını müvəqqəti olaraq dayandırır.

Daha sonra o, tibb mərkəzinə yollanaraq Ayrikyana baş da çəkdi.

Yenə də yalanlar danışdı, çünki təbliğatın dayandırılması barədə bəyanata rəğmən Ermənistanda televiziya kanalları, internet və radiostansiyalarda Sarkisyanın təbliğat kampaniyasında əsla fasilə müşahidə olunmayıb.

Təxirəsalma barədə bəyanatın real səbəbi Sarkisyanın səsinin batmasıdır.

Bu, ilk məqam.

Sui-qəsd barədə xəbər yayılandan az sonra iqtidar komandasının üzvləri və hakimiyyətə yaxın olan "müstəqil müxalifətçilər" və "radikal müxalifətçilər" Ayrikyanın "Qərbin sifarişi ilə vurulması" barədə versiyalarla çıxış etdilər.

Onlar Sarkisyanın qudasına məxsus tibb mərkəzinə tələsdilər ki, orada kameraların qarşısında duraraq çıxışlar etsinlər.

Daha sonra Sarkisyan mərkəzə yollandı və istintaq hələ başlamadığı halda Ayrikyanın vurulmasında "seçkiləri pozmaq istəyən şər qüvvələri" suçladı. Yəni faktiki olaraq Sarkisyan ölkə polisi, Milli Təhlükəsizlik Xidməti və prokurorluğunu xeyli qabaqladı.

Həmin yaramazlar da "müdrik rəhbəri" pərişan etməyərək onun səsləndirdiyi kəlmələri "istintaqın əsas versiyası"na çevirdilər.

Ermənistandakı mövcud siyasi və seçkiqabağı şəraiti nəzərə alsaq, Serj Sarkisyanın tibb mərkəzinə baş çəkməsinin az sonra "Ermənistanda demokratiyaya və inkişafa yönəlmiş addım" kimi qələmə veriləcək videoçarxla telekanallarda nümayiş etdirilməsi də istisna deyil.

"Seçkiqabağı təbliğatdan müvəqqəti imtina edən" Serj Sarkisyan Ayrikyanın vurulduğu gecənin ertəsi bütün günü özünü təbliğ etməklə məşğul oldu və bu işə də Paruyr Ayrikyanın yataqdan danışmalarını cəlb etdi.

İqtidarda olan Ermənistan Respublika Partiyasının mənsubları, David Şahnazaryan kimi "müxalifətçilər" və "müstəqil" kütləvi informasiya vasitələrinin bütün gün yaydıqları xəbərlərin qayəsi Ayrikyana sui-qəsd cəhdi nəticəsində Serj Sarkisyanın böyük itkilərə məruz qalması idi.

Bir az da keçsin, ermənilərə deyiləcək ki, zərərçəkən əslində Serj Sarkisyandır. Paruyr Ayrikyanın bədənindən isə sadəcə, güllə çıxarıblar.

Ayrikyanın vurulması prezident seçkilərinə Serj Sarkisyanın göstərişi və dəstəyi ilə fikir yayındırmaq, seçkilərin demokratik olması barədə rəy yaratmaq və sadəlövh insanları "radikal müxalifətçi" çıxışları ilə öz tərəfinə çəkmək məqsədilə iqtidarın kuklası, marionetka qismində qatılan adamın populyarlığını da artırıb.

Ermənistanda indi kim deyə bilər ki, Ayrikyan saxtalaşdırılacağı indidən bəlli olan seçkilərə qatılır və bu minvalla böyük ləyaqətsizliyi dəstəkləyir?!

Bu qədər bəsit.

Novruz Sultanov
Milli.Az
Bağla X