Ermənistanda həbs olunmuş general M.Qriqoryan ətrafındakı müzakirələr bizim bu cinayətkar xunta haqqındakı təsəvvürlərimizə prinsipial yeniliklər gətirməsə də, hər halda, düşünmək və daşınmaq, illərlə bizə inanmayanları bir daha inandırmaq üçün heç də pis fürsət deyil. Ermənistanda həbs olunmuş general M.Qriqoryan ətrafındakı müzakirələr bizim bu cinayətkar xunta haqqındakı təsəvvürlərimizə prinsipial yeniliklər gətirməsə də, hər halda, düşünmək və daşınmaq, illərlə bizə inanmayanları bir daha inandırmaq üçün heç də pis fürsət deyil.

O siyasi klana nahaq yerə “kriminal” deyilmirdi...

Ermənistanda həbs olunmuş general M.Qriqoryan ətrafındakı müzakirələr bizim bu cinayətkar xunta haqqındakı təsəvvürlərimizə prinsipial yeniliklər gətirməsə də, hər halda, düşünmək və daşınmaq, illərlə bizə inanmayanları bir daha inandırmaq üçün heç də pis fürsət deyil.

Bəli, illərdir ki, biz azərbaycanlılar deyirik ki, bu işğalçı ölkəni kriminal siyasi klan idarə edir. Fəqət, Ermənistan və ermənilərlə bağlı əsl həqiqətləri bilmək istəməyənlər, öz cari siyasi məqsədləri üçün onlara dəstək verən yaxın və uzaq ölkələrin “siyasət və ictimaiyyət adamları” bunu eşitmək istəmirlər.

Amma çox yaxşı olardı ki, onlar təkcə Dağlıq Qarabağa da yox, ümumiyyətlə, digər münaqişələrə də nəzər salıb bir suala cavab versinlər: buralarda toplanmış nəzarətsiz silahlar haradan daxil olur; bu kiçik regionlar özlərindən qat-qat güclü və resurslu olan mərkəzi hakimiyyətlərlə illərlə müharibə apamaq üçün maddi resursları haradan tapırlar; buralardan daha hansı kriminal trayektoriyalar keçir?

Necə olur ki, 10 milyon nəfər əhalisi olan Azərbaycan bircə rayonu qədər, hətta ondan da qat-qat az əhalisi olan kiçik bölgə ilə guya ki, üçüncü onillikdir ki, bacarmır?

Haradan alır bu “dqr”lər, abxaziyalar, osetiyalar, donetsklər “güc”ünü? Belə nəzarətsiz və qanunsuz bölgələrdə hansı “biznes” çiçəklənir, hərblə kriminal biznes burada necə çulğalaşır?

Düşünmürük ki, onlar bir az əvvəldə dediyimiz kimi, tamam məlumatsızdırlar. Yox, belə deyil. Böyük dövlətlərin, eləcə də illərlə bizim başımızı tovlayan sayğılı həmsədlərin müvafiq strukturlarının sərəncamında həmin separatist bölgələrlə bağlı bütün informasiyalar, özü də bütün təfərrüatı ilə var. Nəzərə alsaq ki, müasir dünyanın idarə edilməsində ən vacib amillərdən biri də informasiyadır, o zaman “dünyanı idarə edənlər”in bu ölkələrdə baş verənlərdən məlumatsız olduğunu düşünməyə heç bir əsas yoxdur. Sadəcə, onlara bu cür sərf edir desək, daha doğru olar.

Ən gülməlisi və həm də düşündürücüsü bilirsinizmi nədir? Məsələn, məni Avropa institutlarının, xüsusən də Avropa Şurasının Ermənistandakı son proseslərlə bağlı qiymətləndirmələri olduqca çox maraqlandırır. Görən, nə deyirlər? Necə yozur, necə izah edirlər bütün bu olayları?

Vaxt var idi ki, R.Koçaryan da, S.Sarksiyan da Avropa Şurasının mötəbər toplantılarında, Avropa Parlament Assambleyasında çıxışlar edirdilər. Öz qiymətləndirmələrində Ermənistana daha loyal yanaşır və onu az qınayırdılar. Amma nə oldu? S.Sarkisyan hakimiyyətini uzatmaq istədi və buna görə devrildi. Axı o, belə etməməli idi! Həm Avropa Xalq Partiyasına üzv olan siyasi təşkilatın lideri, həm də Avropa Parlametində çıxışları alqışlarla müşayiət olunan bir adam kimi belə etməməli idi...

Fəqət, məsələ təkcə Sarkisyanın siyasi tamahındadırmı? Yox, bu gün belə məlum olur ki, ölkəni korrupsioner hakimiyyət idarə edirmiş və burada hətta onillərlə davam edən müharibə bir siyasi klanın varlanmasına xidmət edirmiş! Bu gün məlum olur ki, təkcə 1991-ci ilin prezident seçkiləri istisna olunmaqla, qalan bütün seçkilər saxtalaşdırılıb! Bunu biz yox, elə bugünkü baş nazir N.Paşinyan deyir.

Yaxşı, bəs onda bu seçkilərə verilmiş beynəlxalq rəylər necə olsun? Bəlkə Avropa institutlarının, lap elə Avropa Şurasının təmsilçilərinin “korrupsiya sərgüzəştləri”nin bir ucu da Ermənistana gedib çıxır? Niyə bu məsələ araşdırılmasın? Elə həmsədr ölkələr də, məsələn, Fransa niyə “kiçik bacı”sının bu qədər korlanmasından xəbərsiz olub?

Bəli, kimsə deyə bilər ki, ermənilər “məxməri inqilabları” ilə bir növ günahlarını “yudular”. Ola bilər, amma tələsməyin – şəxsən biz bunun da əsl ermənisayağı finalını gözləyirik.

Hətta çalışırlar bundan da özləri üçün bir reklam çarxı düzəltsinlər ki, bəs baxın, biz belə qəhrəman xalqıq! Amma ağıllı insanları bir xalqın nə vaxtsa ayağa qalxıb oğru və cinayətkar hakimiyyəti devirməsi yox, illərlə buna dözməsinin, bayaq dediyimiz kimi, özünü “demokratiya lakmusu” hesab edənlərin bunları qəti görməməsinin səbəbləri maraqlandırır...

Ölkələr var ki, lap əzəl gündən adını qeyri-demokratik və avtoritar qoyublar. Olsun. Buna da sözümüz yox. Amma bizə demokratik dediyiniz ölkələri göstərin! Ermənistanmı? Tamam absurd alınmırmı? Axı demokratik ölkələrdə inqilablar yox, seçkilər olur!

Hələ onu demirik ki, bəlkə də mədəni dünyanın ən böyük səhvi ermənilərdən “əzabkeş” və “dərin mədəni-tarixi köklərə malik xalq” obrazı yaratmasıdır. Əslində özləri də bilirlər ki, bu da bir saxtakarlıqdır. Bir dəfə Ermənistanla Rusiya arasında kiçik anlaşılmazlıq yaranmışdı – söhbət bir erməni ailəsini qətlə yetirmiş rus əsgərinin harada mühakimə olunmasından gedirdi. İnamazsınız, bir-iki günün içində rusiylalı media əhli və politoloqlar ermənilər haqda elə şeylər dedilər ki, onların bəzisi bizim üçün hətta tamam yenilik idi...

Odur ki, düşünməyək ki, bilmirlər. Yox, bilirlər, özü də çox gözəl. Sadəcə, hamıya kriminallarla işləmək daha asan olur – bu, bir növ “kompromat dostluğu”dur və ipin ucunu əldə daha möhkəm saxlamağa imkan verir...

Hüseynbala Səlimov
AzNews.az