11:59
(077) 610-22-33

“Müsavat Milli Şuraya mane olub, əl-ayağa dolaşıb” - AXCP

  • >
780 10 Yanvar 2014 11:38 | Siyasət

Fuad Qəhrəmanlı: "Arif Hacılı yalanla məni yalançı çıxarmağına heç təəccüblənmədim"


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının Müsavat Partiyasını Milli Şuranın Bəyannaməsinə əməl etməməsi haqda açıqlaması tərəflər arasında gərginliyi artırıb. Belə ki, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı F. Qəhrəmanlıya cavab verərək, onu yalançılıqda ittiham edib.

F. Qəhrəmanlı isə "Facebook" səhifəsində A. Hacılının fikirlərini cavablandırıb: "Arif Hacılı bu gün mənim mətbuatda getmiş fikirlərimi təhlil edərək məni danışmaqda ittiham edib. Mən də onun bu iddalarınına aydınlıq gətirmək qərarına gəldim.

1)Arif bəyin dediklərindən belə çıxır ki, Müsavat Divanının qərarını ya oxumayıb ya da ki, məqsədli şəkildə yalan danışır. Müsavat Divanının Milli Şuradan çıxmaqla bağlı qərarının son nəticə hissəsində göstərilir ki, MŞ prezident seçkiləri ilə əlaqədar yaranmış qurum olduğu üçün Müsavat Partiyası bu qurumda fəaliyyətini dayandırır. Açıq-aydın Müsavatın addımı MŞ-nın prezident seçkisi ilə bağlı yaradılmış qurum olması ilə əsaslandırılır. Mən də bildirmişəm ki, MŞ-nın təsis bəyannaməsində bu qurumun prezident seçkiləri ilə bağlı deyil, demokratiyaya keçid üçün yaradıldığı bildirilir. Kim yalan danışır, Arif bəy, yoxsa mən?

2) Arif bəy iddia edir ki, MŞ üzvləri bu qurumun təsis bəyannaməsini imzalamayıblar. Bunu mənim Müsavatın imzaladığı təsis bəyannaməsini pozması fikrimə qarşı deyir. Arif bəyin məntiqindən belə çıxır ki, Müsavat bu bəyannaməni ona görə pozub ki, ona yalnız səs verib, imzalasaydı pozmazdı. Bu nə yanaşmadır, nə fərqi var, bir siyasi partiya nümayəndələri sənədə əl qaldırıb səs verdilər ya onu imzaladılar. Hər iki halda bu sənəd öhdəlik yaratdığı üçün onu pozmaq etik deyil. Bu baxımdan Arif bəyin Müsavat üzvlərinin də səs verdiyi sənədi pozmasına haqq qazandırması məncə siyasi etikaya uyğun deyil.

3) Arif bəy iddia edir ki, mən Müsavat Partiyasının MŞ qarşısında götürdüyü öhdəliyi pozmağını deyərkən doğru danışmamışam. Fikrini də onunla əsaslandırır ki, MŞ partiyaların deyil, fərdlərin birliyidir. O zaman sual yaranır ki, bəs necə olur ki, MŞ-dakı müsavatçıların fəaliyyəti partiya üzvlərinin şəxsi qərarı ilə deyil, partiya Divanının qərarı ilə dayandırılır? MŞ dakı müsavatçıların Müsavat partiyasını təmsil etməsini və Müsavatın onlar vasitəsi ilə bu qurumda iştirak etdiyini necə inkar etmək olar? Arif bəy MŞ yaranarkən uzun müddət partiyalar arasında təmsilçilik kvotası ilə bağlı müzakirələrin getdiyini də bilə-bilə bu qurumda partiya təmsilçiliyini inkar edərək həqiqəti təhrif edir.

4) Arif bəy mənim Müsavatın siyasi kursunu dəyişməsi ilə bağlı fikirlərimi də inkar edir. Bunu təkcə mən iddia etmirəm axı, Müsavat partiyasının MŞ-dan ayrılmasına siyasi dəstək verən "Yeni Müsavat" qəzeti də iddia edir. Baxın, "Yeni Müsavat" qəzeti "Müsavat tək başına iqtidar olmaq yürüşünə start verdi" adlı məqaləsində Müsavatın MŞ-dan ayrılması ilə bağlı yazır ki, "Müsavat başqanı həm də görür ki, Əli Kərimli ilə hakimiyyətə gəlmək mümkün deyil; bunun səbəbi çoxdur; ... aşırı radikallıq, nifrət, aqressiya insanlarda narahatlıq və qorxu yaradır".

Demək, "Yeni Müsavat" qəzeti bizdən də əvvəl etiraf edir ki, Müsavat Əli Kərimlinin, onunla bərabər həm də Cəmil həsənlinin, demək həm də Milli Şuranın sadalanan epitetlərlə xarakterizə olunan siyasi kursundan fərqli siyasət yürütməyə qərar verib.

Arif bəy də daxil olmaqla heç bir Müsavat rəsmisinin bu fikirlərə etiraz etməməsi siyasi kurs dəyişikliyini təsdiq etmirmi?

Müxalifətin fəaliyyətinə bu cür münasibət daha çox iqtidar təmsilçilərinin baxışları ilə üst üstə düşmürmü?

Digər bir tərəfdən hazırkı iqtidarın son seçkilərdə beynəlxalq səviyyədə legitimliyini sarsıdan bir güc mərkəzini-demoikratik qüvvələrin birliyini tərk etmək, başlanmış işləri yarıda buraxmaq kurs dəyişikliyi ilə bağlı deyilsə, bəs nə ilə əlaqədardır?

Arif bəy bu gerçəkliyi inkar edə bilmirsə, bizi niyə suçlayır, bu, aydın deyil?

5)Arif bəy mənim Müsavat müttəfiqlərini buraxıb meydanı tərk edib fikrimə qarşı iddia edir ki, əksinə Müsavat əl ayağa dolaşanlardan azad olub, meydanı da tərk etməyib. Maraqlıdır, Müsavat Milli Şuradakı müttəfiqlik, birgə əməkdaşlıq imkanlarından imtina edib bu qurumu tərk edirsə, bu, hərəkətin adı nədir?

MŞ da birgə mübarizə apardığı tərəfdaşlarını meydanda yarı yolda buraxıb getməkdir, yoxsa əl ayağa dolaşanlardan azad olmaqdır? Belə çıxır ki, prezident seçkiləri kampaniyası gedişində Müsavat partiyası Cəmil Həsənli də daxil olmaqla MŞ üzvlərinə tərəfdaş, mübarizə yoldaşı kimi yox, əl ayağına dolaşan şəxslər kimi baxıb.

Bəlkə Arif bəy onu nəzərdə tutur ki, 2013-cü ilin əvvəlindən Müsavat başqanı vahid namizədi Şaxta baba adlandırıb, müxalifətin geniş birliyi ideyasına qarşı çıxanda məhz Əli Kərimli onlara ictimai rəyin gücü ilə bu ideyanı qəbul etdirərkən, Rüstəm İbrahimbəyov Milli Şuranı yaradarkən və Cəmil Həsənli seçkidə rejimə qarşı kəskin ritorika ilə tənqid səsləndirərkən onun və onunla birgə olanların qəlbində saxladığı fikirlərin gerçəkləşməsinə mane olub, əl ayağa dolaşıb.

Buna görəmi yəqin, Arif bəy seçkilər vaxtı seçki qərargahının rəhbəri olsa da, Müsavatın heç bir dairədə müşahidəçilərinin siyahısını ortalığa çıxara bilmədi, təmsil etdiyi partiya Cəmil Həsənlinin bir görüşünü belə təşkil etmədi və ya edə bilmədi.

Əksinə, bütün görüşlərin təşkilatçısı olan AXCP-nin bir sıra rayonlardakı görüş qrafikini müxtəlif bəhanələrlə təxirə saldırdılar. Bütün bunları bilə-bilə Arif bəyin məni yalançı çıxarmağına heç təəccüblənmədim də".

AzNews.az
Bağla X