XİN məlumat yayıb XİN məlumat yayıb
  • Paytaxt
  • 3 Dekabr 2021 16:12
  •  4 756

Azərbaycan və Polşa xarici işlər nazirləri görüşüb

XİN məlumat yayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Polşa xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Polşa və Azərbaycan arasında mövcud olan münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.

Nazirlər, gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi olduğuna istinad edərək, bununla əlaqədar müvafiq tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, Polşanın 2022-ci ildə ATƏT-ə sədrliyi və bu xüsusda, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, Polşa sədrliyinin prioritetləri, o cümlədən ATƏT çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov həmkarına postmünaqişə regional təhlükəsizlik vəziyyəti, Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normallaşması istiqamətində atılmalı addımlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barəsində geniş məlumat verib.

Azərbaycanın XİN başçısı polşalı həmkarına işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə məlumat verib.

Görüşdə tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.