Misir Mərdanov : “Bəzi məktəblər repetitorluq mərkəzinə çevrilib”

"Bəzi məktəblər repetitorluq mərkəzinə çevrilib. Müəllim 24 saat dərs deyərsə, bunun müqabilində 350 manat əmək haqqı ala bilər. Bu az vəsait deyil". Bunu təhsil naziri Misir Mərdanov deyib.

Nazirin sözlərinə görə, əmək haqqının artırılması məsələsi müzakirə ediləndə müəllimlərin repetitorluq fəaliyyətindən ayda 1500-2000 manat qazanması məsələsi önə sürülür: "Müəllimlər bütün güclərini repetirorluğa verirlər. Bir müəllim gündə 4 saatdan artıq dərs deyə bilməz. Deputatlar da deyir ki, müəllimlər 24 saatdan artıq dərs aparmamalıdırlar. Mən də bu fikirlə razıyam. Bu mümkün deyil. Amma bir çox hallarda müəllimlər məktəblərdə repetitorluq fəaliyyəti ilə məşğul olurlar. Belə olan halda ayda 1500-2000 manat qazananlar şikayətlətlənməsinlər".

Elnarə Əlosmanqızı
AzNews.az