Xankəndi-Laçın yolunda BQXK-nin avtomobilləri maneəsiz keçib

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Aznews xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 8 minik və 5 yük maşını Xankəndidən Laçın istiqamətində keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 129 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.