Çörəyin qablaşdırılması və daşınması nəzarətə götürülür

Səhiyyə Nazirliyi çörəyin qablaşdırılması və daşınması ilə bağlı yeni təkliflər verəcək



Səhiyyə Nazirliyinin ölkədə çörəyin qablaşdırılması və daşınması ilə bağlı müəyyən iradları var və bununla bağlı müvafiq tələblər irəli sürəcək. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev deyib.

O bildirib ki, hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən milli standartlar qəbul olunmalıdır: "Dövlət Komitəsi normativləri hazırladıqdan sonra onları razılaşdırılması üçün Səhiyyə Nazirliyinə təqdim edəcək. Bu zaman çörəyin daşınması və qablaşdırılması ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən müvafiq təkliflər veriləcək".

İ.Abdullayev qeyd edib ki, bu gün ən ciddi problemlərdən biri də çörəklərin daşınması məsələsidir. Onun sözlərinə görə, qida məhsullarının daşınmasında nəqliyyat vasitələrindən istifadə olunur. Şöbə müdiri qeyd edib ki, bir çox hallarda çörək minik avtomobillərinə açıq şəkildə doldurularaq daşınır, onun üzərinə palazlıqlar artırılır:

"Bunlar yolverilməzdir. Ona görə də çörəyin daşınmazdan öncə avtomobildə çörək rəfləri düzəldilməli, geniş tutumlu və bağlı olmalı, əlavə məhsulların daşınmasına yol verilməməlidir. Bütün normativlər gözləndikdən sonra həmin nəqliyyatda çörək daşınmasına icazə verilə bilər. Nəqliyyat vasitələri çörəyin daşımasına dair bütün tələblərinə cavab verdiyi halda çörək daşıyanlara xüsusi pasportlar veriləcək".

AzNews.az