Bakcell yeni təlimlər vasitəsilə “AppLab” iştirakçılarının bacarıqlarını zənginləşdirir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçıları üçün onların davamlı inkişafına istiqamətlənən treninqlər keçirir.

AzNews.az xəbər verir ki, şirkətin inkubasiya mərkəzində 7 layihə üzrə fəaliyyət göstərən qrup üzvləri aşağıda göstərilən mövzular üzrə keçirilən treninqlərdə iştirak edərək öz bacarıqlarını artıracaqlar:

- Pitçinq üzrə master-klass

- Trend Konsepsiyası üzrə intensiv təlim

- Block-chains Giriş intensiv təlim

- İnvestor Münasibətlərinin İnkişaf Etdirilməsi üzrə intensiv təlim

- Məhsuldar Komandanın Saxlanması üzrə təlim

- Strategiyanın İnkilşaf Etdirilməsi və Kommersiyalaşdırılması intensiv təlim

Qeyd olunan treninqlərdən hər biri əsas nəzəri hissədən və konkret halların təhlilindən (“case study”) ibarət olacaq. Treninqlərin müddəti ümumilikdə 28 saatdır.

Treninqlər ölkə daxilində təlim, qiymətləndirmə və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı təchizatçılardan biri olan “CAC Training Center” şirkəti ilə birgə təşkil olunur.

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur. Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyov küç. 48, 3-cü mərtəbə ünvanında yerləşən “AppLab” ofisindən (Sahil parkının yaxınlığında) istifadə edib, pulsuz internet, ofis və treninq üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana bilirlər. “Bakcell”in, Qualcomm şirkətinin və “AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul və ya xidmətlərin pilot variantını tərtib etmək və həyata keçirmək üçün tələb olunan araşdırmalar və məsləhətlərlə təmin edirlər.

AzNews.az