Gediş haqqı mobil telefonlar vasitəsilə ödəniləcək?

Bakıda avtobuslara monitorlar quraşdırılır. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, pilot layihə kimi bəzi avtobuslara əlavə monitorlar quraşdırılıb. Bu monitor vasitəsilə sərnişin həmin marşrutun hərəkət istiqaməti və avtobusun şəhərin harasında olduğunu görə bilir. N.Həsənov bildirdi ki, yaxın günlərdə avtobuslarda gediş haqqının kartla ödənilməsi sistemi tətbiq ediləcək.

"Hələlik bu, müəyyən avtobuslarda tətbiq ediləcək və ilk gediş kimi ödənişin paralel aparılması variantı da var. Metroda olan trunketler avtobusun giriş qapısında qurulacaq. Kartı aparata yaxınlaşdırıb oxutmaqla yaşıl işıq yandırmaq olar"- deyə o bildirib.

N.Həsənov deyib ki, kart sisteminə keçid həm sərnişinlər, həm də nəqliyyatçılar üçün böyük rahatlıq yaradacaq. Avtobuslarda gediş haqlarının istifadəsini asanlaşdırmaq üçün Bakı şəhərində qurulan Nəqliyyatın İntellektual İdarəetmə Sistemi çərçivəsində də müəyyən elementlər nəzərdə tutulub.

Belə ki, kartlardakı vəsait qalığını avtobus dayanacaqlarında quraşdırılan monitorlar vasitəsilə də öyrənmək mümkün olacaq. Bunun üçün kartı monitorun buna görə nəzərdə tutulan hissəsinə yaxınlaşdırmaq kifayət edəcək. Kart sisteminə keçidlə əlaqədar paytaxtın müxtəlif ərazilərində kartların avtomatik satışı üçün xüsusi qurğular quraşdırılacaq. Bu qurğularda kart almaq və ona lazımi məbləği yükləmək mümkün olacaq. Belə qurğular çoxsaylı ərazilərdə quraşdırılacaq ki, əhali bu kartları tapmağa çətinlik çəkməsin.

Bundan başqa, Bakıya xaricdən və ya ölkənin regionlarından bir neçə günlüyə gələnlər də belə kartlardan istifadə etməli olacaq. Belə şəxslərin kart almalarını asanlaşdırmaq üçün aeroport, avtovağzal, dəmiryol vağzalı və s. yerlərdə də kartların satışı qurğuları quraşdırılacaq. Kartlardan hətta bir günlüyə də istifadə etmək mümkün olacaq. İstənilən şəxs kartı istifadə etdikdən sonra onu həmin qurğular vasitəsilə qaytara və ona yüklədiyi məbləği geri ala bilər.

Bu məqsədlə qurğular pulu qəbul etməklə yanaşı, kartı qəbul etmək və pulu geri qaytarmaq funksiyasına da malik olacaq. Qeyd edək ki, gələcəkdə metroda pilot olaraq tətbiq edilən kimi, avtobuslarda da gediş haqqını mobil telefonlar vasitəsilə ödəmək mümkün olacaq.

AzNews.az