Bahar Muradova hərbi paraddan danışdı

"Keçirdiyim hisslər sözlə ifadə edilə bilməyəcək qədər güclüdür"



Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının 95 liik yubileyi münasibətilə Bakıda keçirilən hərbi parad hamı kimi məndə də böyük təəssürat yaratdı. Bu barədə Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

Paradı bilavasitə Azadlıq meydanından izləyən vitse-spiker qeyd edib ki, keçirdiyi hisslər sözlə ifadə edilə bilməyəcək qədər güclüdür.

"Burada Azərbaycanın qüdrəti, hərbi sahədə qazandığı nailiyyətlər öz əksini tapdı və Azərbaycan Ordusunun həm şəxsi heyətinin, həm də texniki imkanlarının nəyə qadir olması təkcə mütəxəssislərə yox, adi gözlə baxan insanlara da aydın oldu. Hesab edirəm ki, Azərbaycan həm iqtisadi, həm hərbi cəhətdən, həm də insanların və xüsusilə, ordunun şəxsi heyətinin əhval-ruhiyyəsi və döyüş ruhu baxımından Ermənistanı bir neçə dəfə üstələyir."

Parlament sədrinin müavininin fikrincə, belə bir güclü orduya malik
Azərbaycan öz ərazi bütövlüyünü də həll edə biləcək:

"Bir Azərbaycan vətəndaşı kimi belə bir güclü orduya malik olmağımızla qürur duyuram. Bütün imkanlara malik belə bir ordunu yaratmağı bacaran bir dövlətin qarşısında hər hansı problemin qalacağına inanmıram. Mən inanıram ki, cənab Prezidentin də söylədiyi kimi, gün gələcək, ordumuz öz sözünü döyüş meydanlarında deyərək Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəkdir".

Qeyd edək ki, bu paradda bütün qoşun növlərinin, birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərədək şəxsi heyəti, 300-ə yaxın hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarə və vertolyotu, 40-a qədər gəmi iştirak edib.

AzNews.az