Səfərbərlik xidmətinin yeniliyi uğursuz oldu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yenilik etmək cəhdi baş tutmadı




Xəbər verdiyimiz kimi, iyulun 1-dən etibarən Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytında hərbi xidmətə çağırışla bağlı elektron xidmət tətbiq ediləcək. Hazırda bu xidmətin test rejimində tətbiq edildiyi bildirilir.

AzNews.az bir neçə gün sonra istifadəçilərin tam ixtiyarına veriləcək xidməti sınaqdan keçirib. Nəticə uğursuz olub. Belə ki, "hərbi xidmət yeri" bölümünə daxil olaraq iyul ayında həqiqi hərbi xidmətə çağırılan 2 gəncin adını, atasının adını, doğulduğu il, ay və günü daxil etdik. Qeydiyyatda olduğu idarə, şöbə və ya bölməni yazdıqdan sonra axtarış verdik. Məlum oldu ki, "axtarış zamanı bu məlumatlara uyğun gələn insan tapılmadı".

Bunun səbəbini öyrənmək, həmçinin, gələcəkdə adı bu siyahıda çıxmayan çağırışçının nə etməli olduğunu bilmək üçün qurumla əlaqə saxladıq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin Şəhla adlı əməkdaşı sualları saytın əlaqələr bölməsindəki elektron ünvana göndərməyi məsləhət gördü: "Biz icazə olmadan məlumat verə bilmərik. Saytın elektron ünvanına göndərdiyiniz suala yaxın dəqiqələrdə cavab veriləcək".

Elektron ünvandan cavab gözləməyin nə qədər uzun bir proses olduğunu bildiyimizdən mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlamağa cəhd etsək də, məlum oldu ki, qurumun mətbuat xidmətinə heç kim rəhbərlik etmir. Qurumdan bildirdilər ki, mətbuat xidmətinin rəhbərinin kimliyi təsdiqlənəndən sonra onun adı hamıya elan ediləcək.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında hazırda fəaliyyətdə olan "Elektron müraciət" və "Sual-cavab" bölümlərindən başqa "Hərbi xidmət yeri" bölümünün istifadəyə veriləcəyi, bu bölümün bu ilin iyulundan başlayaraq, vətəndaşlara hər çağırış vaxtı çağırışçılar haqqında məlumat almaq imkanı yaradacağı bildirilirdi.

Ruhiyyə
AzNews.az