Adil Əliyev: “Burda erməni faktorunun olduğunu düşünürəm”

Moskvada Orxan Zeynalovun qətldə ittiham edilməsi ilə bağlı yaranan vəziyyətə millət vəkili Adil Əliyev münasibət bildirib.

Millət vəkili sosial şəbəkədə yazdığı statusunda "Müstəqil Azərbaycanımızın dünyada qazandığı uğurlar və bu uğurları sevməyənlərin əlinə düşmüş fürsət... Orxan Zeynalovu məhkəmənin qərarı olmadan cinayətkar adlandırmaq, törətdiyi cinayəti sübuta yetirmədən onu cinayətkar adlandırmaq özü bir ədalətsizlikdir, cinayətdir və insanlığa qarşı zorakılıqdır. Amma Orxan Zeynalova qarşı törədilən cinayəti biz sizlərlə bir fakt olaraq televiziyadan gördük. Maskalıların özlərini sanki Usama Bin Ladeni tutmuş kimi aparması, şübhəli şəxsi qatı cinayətkar kimi təpikləməsinin arxasında nəyin durmasını mən gözəl başa düşürəm" deyə bildirib.

A.Əliyevin sözlərinə görə, bu tipli cinayətlər bütün ölkələrdə bəlkə də hər gün törədilir: "Əlimizdə Rusiya DİN-nin baş vermiş hadisələrin statistikası olsaydı, görərdik ki, Rusiyanın başqa regionunda həmin vaxt bu tipli başqa bir hadisə də törədilib. Bu cinayət hadisəsini Orxan Zeynalov yox başqa birisi də törətsəydi, onu böyük bir olaya çevirəcəkdilər. Sadəcə kimlərəsə, bu hadisə göydəndüşmə oldu və çox bacarıqla bu hadisəni miqrantlara və miqrantların çörək pulu qazandığı meyvə-tərəvəz bazarları ilə əlaqələndirdilər və bağladılar. Burda erməni faktorunun olduğunu düşünürəm. Biz hər dəfə böyük uğur qazandıqca, bu tipli təxribatların da ola biləcəyini düşünməliyik. Öz vətəndaşlarımızı bu cür təxribatlara şərait yaradan hadisələrin törədilməsinin qarşısını almağa çağırmalıyıq. Hamımız səbrli olmalıyıq, Allah böyükdü, haqq nazilər, ancaq üzülməz... Allah bütün azərbaycanlıları və türkləri qorusun. Amin..."

Elnur
AzNews.az