Millət vəkili hökumətə çağırış etdi: “Qiymətlər qalxır, qoymayın!”

Milli Məclisin deputatı Fazil Mustafa son günlər Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarının bahalaşmasına diqqət çəkərək, hökumətə çağırış edib.


AzNews.az-ın məlumatına görə, millət vəkili bildirib ki, hökumət qiymət sıçrayışının qarşısını almaq üçün tədbirlərə əl atmalıdır:

"Putinin avantürasının əziyyəti artıq Azərbaycanda da özünü hiss etdirməyə başlayır. Son günlər bazarda bütün meyvə, tərəvəz və bostan məhsullarının qiyməti sürətlə artmağa başladı. Müvafiq olaraq bütün qida-ərzaq xassəli məhsullarının və sənaye mallarının, eləcə də xidmət sferasında qiymətlərin qalxmasınnı qaçınılmaz olduğunu görürük.

Rusiya bazarına yönələn Qərb sanksiyaları orada bizim fermerlər və inhisarçılar üçün nə qədər əlverişli imkanlar yaratsa da, mövcud maaşların səviyyəsinə və infilyasiyanın sürətli artım təhlükəsinə görə əhalinin aztəminatlı hissəsi öz ölkəmizdə ciddi əziyyət çəkəcəkdir. Hökumət dərhal təxirəsalınmaz tədbirlər barədə düşünməli və dəqiq bir strategiya işləməlidir. Maaşların, pensiyaların hansısa 5-10 faiz qaldırılması cüzi bir yüngülləşmə sayıla bilər, əsas tədbirlər qiymət artımının sıçrayışının qarşısını almağa yönəlməlidir. Bu vəziyyət Qərb tərəfindən Rusiyaya qarşı sanksiyalara başlanılan andan gözlənilirdi, ancaq həmişəki kimi, bizdə xəstəliyin baş vermə ehtimalını əsas alan profilaktik addımlar olmur, xəstəliyə yoluxandan sonra birbaşa müalicə və cərrahiyyə barədə düşünülür".

AzNews.az