Valideynlərin nəzərinə: “Pulla kitab almayın!“

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) valideynlərə növbəti müraciətini edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib ki, məktəblərdən bəzi dərslikləri ala bilməyən şagirdlərin valideynləri satışdan pulla kitab almasınlar. Çünki kitablar şagirdlərə pulsuz verilməlidir.

İdarə rəsmisi deyib ki, hazırda dərslik çatışmazlığı ilə bağlı əsas problem 1-ci sinif şagirdləri üçün yaranıb. "Məktəb rəhbərləri tərəfindən dərsliklərin sifarişi bizə ötən tədris ilinin mayında daxil olub.

Onlar bu sifarişi müəyyənləşdirərkən həmin ildə I sinfə gedən uşaqların sayını nəzərə alırlar. Amma yeni tədris ilində I sinfə gələn şagirdlərin sayı çox olduqda dərslik çatışmazlığı yaranır", - Əliqızı deyib.

O bildirib ki, artıq BŞTİ Təhsil Nazirliyinə çatışmayan dərsliklərin verilməsi üçün sifariş edib. O, qısa vaxt ərzində həmin dərsliklərin məktəblərə paylanılacağını və şagirdlər üçün yaranmış bu problemin həll olunacağını söyləyib.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı isə çərşənbə günü Trend-ə deyib ki, dərslikləri çatmayan məktəblər rayon, şəhər təhsil şöbəsinə müraciət etməlidirlər. Onlar isə müvafiq sayı TN-ə sifariş etməlidirlər. O, TN-nin şagirdləri bütün dərsliklərlə təmin etmək imkanının olduğunu da söyləyib.

AzNews.az