Ölkədəki əcnəbilərin sayı açıqlandı

2012-ci ilin 9 ayı ərzində fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6 faiz artıb. Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun verdiyi məlumatda belə deyilir. Bildirilir ki, 2012-ci il oktyabrın 1-ə olan statistikaya əsasən, DSMF 1051 nəfər əcnəbi vətəndaşa fərdi hesab açıb və nəticədə sistemdəki əcnəbilərin sayı 13 272 nəfərə yüksəlib.

Ümumilikdə 95 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyəyə vətəndaşları (7733 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1551 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 687 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (435), Hindistan (294), Çin Xalq Respublikası (259), Böyük Britaniya (169), Özbəkistan (161), Bosniya və Herseqovina (128), Pakistan İslam Respublikası (116), Almaniya (114), Ukrayna (109), Filippin (108), İtaliya (93), Türkmənistan (91), Malayziya (87), Qazaxıstan (78), ABŞ (71) gəlir.

Gültəkin Qəhrəmanlı
AzNews.az