“Status-kvonu dəyişdik” - Hikmət Hacıyev

"Ermənistanın işğalı davam etdirəcəyini, yoxsa başqa mövqe sərgiləyəcəyini görəcəyik”

“Ermənistanın Azərbaycana qarşı başlatdığı təxribatlara rəğmən status-kvo artıq dəyişdi”.

AzNews.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyəni “Haber Global” kanalında Qarabağdakı vəziyyət və son proseslərə dair müsahibəsində bildirib.

Prezident Administrasiyasının xarici siyasət məsələlər şöbəsinin müdiri rəsmi Moskvanın XİN rəhbərlərinin görüşü ilə bağlı təklifini də dəyərləndirib.

“Xarici İşlər nazirimiz Cenevrəyə səfər edib, ATƏT-in əməkdaşlığı ilə Moskvada bu görüş baş tutacaq. ATƏT həmsədrlərinin mövqelərini ortaya qoymalıdır. Ankara artıq masaya oturacaq, Türkiyə də üzv ölkələrdən biridir. Həmçinin Türkiyə Cənubi Qafqaz coğrafiyasına aid bir ölkədir və Azərbaycan ilə qardaşlıq əlaqələri var. İstənilən halda Türkiyə və Rusiya formatında bu məsələyə baxılması daha etibarlı ola bilər. Həm Moskva, həm də Ankara qonşu və qardaş ölkələrdir. Bölgədə sülhün bərqərar olması qardaş Türkiyə və Rusiyanın da maraqlarına xidmət edir.

Qarabağda 30 ildir davam edən bu vəziyyətin həllinə nail olunması önəmli bir addım olacaq və bölgədə təhlükəsizliyi təmin edəcək”.

H. Hacıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı təxribatlara rəğmən status-kvo artıq dəyişib:

“Prezidentlər səviyyəsində də müzakirələr davam edir, Azərbaycan, Rusiya və qardaş Türkiyə belə bir formatda davamlı proses yarada bilər. Masada müzakirələr aparıldıqdan sonra hərbi vəziyyətə baxıla bilər. Hazırda isə əməliyyatlar davam etməkdədir. Dünya ölkələri və Avropa İttifaqı narahatlıqlarını bildirib. Həmçinin şəhidlərimizin qaytarılması kimi hallar var, çünki döyüş cəbhəsində qalan şəhidlərimiz var.

Ermənistanın işğalı davam etdirəcəyini, yoxsa başqa mövqe sərgiləyəcəyini görəcəyik”.

Prezidentin köməkçisi Azərbaycan-Türkiyə münasibətlərindən də danışıb:

“Türkiyə ilə Azərbaycan arasında geniş hərbi əməkdaşlıq var. Türkiyə Silahlı Qüvvələrinin çox böyük töhfəsi olub, ordumuz Türkiyədə təlimlərdə olub. Bayraqdar dronları isə həm terrora qarşı mübarizədə, həm də Azərbaycan hava məkanında effektiv şəkildə özünü göstərdi. Strateji üstünlük qazandıracaq xüsusiyyətlərə sahibdir və mülki itkilərin qarşısını ala bilir. Türkiyə ilə bütün səhələrdə olduğu kimi, hərbi və texnoloji sahələrdə də əməkdaşlığımız var”.