Universitetdən çıxarılan şairin ölümündən 10 il keçdi

Bəxtiyar Vahabzadə bütün zamanların şairidir.

Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anım günüdür. O, 2009-cu il fevralın 13-də vəfat edib.

AzNews.az qələm adamlarının şair haqqında fikirlərini təqdim edir:

Yazıçı Varis: “Mənim tələbəliyim Azərbaycan tarixinin ən təlatümlü dövrünə - 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə: Milli Azadlıq Hərəkatı, 20 yanvar, Qarabağ müharibəsi dövrünə təsadüf edib. O dövrdə milli azadlıq ideyalarının, millətçilik və vətənpərvərlik ideyalarının bütün tərənnümçüləri bizim gözümüzdə milli qəhrəmanlar idi. Bəxtiyar Vahabzadə də imperiyanın qılıncının kəsdiyi vaxtda həmin imperiyanın iç üzünü açan "Gülüstan" poemasını yazıb təqib olunduğu faktına görə bizim qəhrəmanımız idi. Bir də, Bəxtiyar Vahabzadə gəncliyimdə ən çox sevdiyim 10 sevgi şeirindən birinin müəllifi kimi yaddaşımdadır:

Heyif o gözlərə, o baxışlara,

Özgə birisinə baxacaq həmən,

Heyif o ilahi qövsi qaşlara

Sınacaq kədərli

düşüncələrdən...

Bu yazını oxuyan Flora xanımın ifasında "Heyif" mahnısını dinləsin hökmən. Əsl sevgi elegiyası!".

Şair Dayandur Sevgin: “Bəxtiyar Vahabzadə gənclik illərimdən üzü bəri ən çox oxuduğum, sevdiyim şairlərdəndir. Hələ sovetlər dövründə azadlıq, müstəqillik sözləri yalnız Bəxtiyar müəllimin şeirlərində səslənirdi. “Gülüstan” poemasını yazmaqla öz həyatını təhlükəyə atan şair Azərbaycan xalqının ürəyində azadlıq toxumunu cücərtdi. Sovet hökümətinin taxtının laxlayan vaxtlarında şair xalqının azadlıq səsinə səs verib, öndə gedənlərdən oldu. Bəxtiyar Vahabzadə bütün zamanların şairidir, onun əsərləri bu gün də müasirdi, sabah da. Məkani cənnət olsun BÖYÜK söz ustasının”.

Qeyd edək ki, Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da anadan olub. Milli azadlıq hərəkatının öncüllərindən biri olan şair 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilib. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib.

O, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.

Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də dünyasını dəyişib, Fəxri Xiyabanda dəfn edilib.

AzNews.az