- Köhnə - Dünya
- 7 Fevral 2014 18:16
- 2 366
Nuland AB - dən üzr istəyib

Dövlət Departamentinin mətbuat katibi Cen Psaki keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ iki amerikalı yüksək rütbəli diplomatın telefon danışığının yayılmasının arxasında Rusiyanın dayandığını hesab edir.
"Hesab edirik ki, bu, Rusiyanın ictimailəşdirmə bacarığının yeni bir təxribatıdır. "Youtube"a yerləşdirilən audioyazının mənbəyi barədə müstəqil məlumatlara malik deyilik. Bunun bir neçə gün əvvələ aid olduğu və yeni olduğu aydındır. Bunu fəal şəkildə təbliğ edir, dərc edir, bunun haqqında Tvitterdə yazırlar və biz əminik ki, bu, yeni bir təxribatıdır." - deyə, Cen Psaki bildirib.
"Youtube" videoportalında yerləşdirilən audioyazıda Viktoriya Nuland və ABŞ-ın Ukraynadakı səfiri Cefri Payatt arasında söhbət əks olunub. Nuland və Payatt Ukraynada davam edən siyasi böhranın həlli istiqamətində beynəlxalq təşəbbüslər barədə danışırlar. Ağ Ev və Dövlət Departamenti həmin audioyazının qeydə alınması və yayılmasına görə birbaşa Rusiyanı ittiham etməsə də, audioyazıya ilk diqqət çəkənin Rusiya baş nazirinin müavini Dmitri Roqozin olduğunu vurğulayıb.
Qeyd edək ki, audioyazı "Youtube" video-portalına fevralın 4-də, "Maydanın marionetləri" adı altında yerləşdirilib.
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland isə audioyazıdakı səsin ona məxsus olduğunu inkar etməyib və təhqiramiz sözlərinə görə Avropa Birliyindən üzr istəyib. Hazırda Ukraynada səfərdə olan Viktoriya Nuland bu ölkənin prezidenti Viktor Yanukoviçlə də görüşüb.(ANS Press)