Data jurnalistikası - sadəcə texniki bacarıq deyil

Jurnalistika daim dəyişən, yenilənən və texnologiyanın ritminə uyğunlaşan bir sahədir. Əgər dünən jurnalistin əsas vəzifəsi xəbəri ilk çatdırmaq idisə, bu gün həm də onu təhlil etmək, sübutlarla təqdim etmək və oxucuda güvən yaratmaqdır. Bu baxımdan, data jurnalistikası müasir medianın ən vacib alətlərindən birinə çevrilməkdədir.

Bu günlərdə iştirak etdiyim “Data Jurnalistikası” təlimi bu mövzuya baxış bucağımı tamamilə dəyişdi. Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə baş tutan bu iki günlük təlim, jurnalistikanın gələcəyinə atılmış kiçik, lakin əhəmiyyətli addım oldu.

Təlimlər, Virginia Birləşmiş Universitetinin fəxri dosenti, 20 ildən artıq təcrübəyə malik Cef Sauz tərəfindən aparıldı. Cef Sauz dünyanın müxtəlif xəbər agentliklərində müxbir və redaktor kimi çalışmış, praktik biliklərini illərin təcrübəsi ilə yoğurmuş bir mütəxəssisdir. O, bizə data jurnalistikasının nə olduğunu, necə işlədiyini, məlumatların haradan tapılacağını, necə təhlil ediləcəyini və ən əsası, oxucuya hansı formada çatdırılmasının vacibliyini izah etdi.

Həmişə xariciləri öyəsi deyilik. Azərbaycanda data jurnalistikasının tədqiqatçısı Vəfa İsgəndərova öz bilikləri ilə heç də əcnəbilərdən geri qalmadı. O, sadəcə nəzəri biliklərdən yox, həm də praktik təcrübədən danışdı. Onun çıxışı bir daha göstərdi ki, bəzən gözümüzün qabağındakı dəyərləri görməkdə gecikirik.

Sözsüz ki, iki gün data jurnalistikasını tam mənimsəmək üçün yetərli deyil. Ancaq bu müddət ərzində təqdim olunan nəzəri biliklər və keçilən praktiki vörkşoplar bizə bu sahənin potensialını görmək imkanı verdi. Təlimin ən maraqlı hissələrindən biri real nümunələr üzərində işləmək oldu. Sadə məlumat dəstlərindən necə maraqlı hekayələr çıxarmağın mümkünlüyü bizə sübut edildi.

Təəssüf doğuran məqam isə budur ki, ölkəmizdə data jurnalistikası hələ geniş tətbiq olunmur. Hələ də əsasən sözə və sitata əsaslanan xəbərlər üstünlük təşkil edir. Halbuki inkişaf etmiş medianın bugünkü dili artıq rəqəmlərlə danışır. Biz də bu dilə yiyələnmək üçün ilk addımları atmalıyıq. Data jurnalistikası həm araşdırma jurnalistikası, həm də vizual jurnalistika üçün çox zəngin bir qaynaqdır. İnformasiyanı sübutlarla təqdim etmək, rəqəmlərlə danışmaq və oxucunun diqqətini faktlarla cəlb etmək jurnalistin inandırıcılığını artıran ən önəmli məqamdır.

Bu baxımdan hesab edirəm ki, universitetlərin jurnalistika fakültələrində data jurnalistikası ayrıca fənn kimi tədris olunmalıdır. Tələbələr bu sahə ilə daha erkən tanış olmalı, statistik məlumatlarla işləməyi, vizual təqdimatlar hazırlamağı öyrənməlidirlər. Bu, həm onların peşəkar hazırlığını gücləndirər, həm də gələcəkdə medianın keyfiyyətini artırar.

Fürsətdən istifadə edərək, həmçinin bildirmək istəyirəm ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindəki təhsilimi nəzərə alaraq, qabiliyyət imtahanı bəzi hallarda bu sahəyə girmək istəyən, lakin imtahanı keçməkdə çətinlik çəkən potensial istedadları məhdudlaşdırır. Jurnalistika istedadı təkcə akademik biliklərlə ölçülməməlidir. Mətbuat və media dünyasında uğurlu olmaq üçün yaradıcı düşüncə, tədqiqat bacarığı və məlumatla işləməyi bacarmaq da vacibdir. Lakin bu qabiliyyətlər, bəzən, imtahan sistemində özünü tam şəkildə ifadə edə bilmir. Bu baxımdan, qabiliyyət imtahanın daha əlverişli, daha geniş və daha praktik bir formata salınması çox vacibdir. Bu dəyişikliklər, yalnız jurnalistikaya girmək istəyənlərin sayını artırmaqla qalmayacaq, həm də gələcəkdə media sahəsində daha peşəkar, daha yaradıcı və daha məlumatlı jurnalistlər yetişdirməyə imkan verəcəkdir.

Bununla yanaşı, ümumilikdə jurnalistika təhsili də yenilənməlidir. Nəzəriyyə vacib olsa da, praktiki biliklər olmadan jurnalist yetişməkdə çətinlik çəkir. Əgər tələbə auditoriyada illərlə dərs dinləyib, amma real həyatda müsahibə götürməyi, məlumat toplamağı, fakt yoxlamağı bilmirsə, bu biliklər kağız üzərində qalır. Təlim zamanı bunun bir daha şahidi oldum.

İki günlük bu təlim mənim üçün yalnız yeni bilik deyil, həm də motivasiya mənbəyi oldu. Gördüm ki, tətbiq etdikdə data jurnalistikası ilə çox güclü və maraqlı yazılar hazırlamaq mümkündür. Məlumat bolluğunun olduğu bu dövrdə, əsas məsələ bu məlumatları düzgün seçmək, təhlil etmək və oxucuya faydalı formada təqdim etməkdir.

Sonda deyə bilərəm ki, data jurnalistikası- sadəcə texniki bir bacarıq deyil. O, həm də məsuliyyətdir. Məlumatla işləməyi bacaran jurnalist, cəmiyyətə daha dürüst, şəffaf və obyektiv məlumat çatdırır. Bu isə bütövlükdə medianın nüfuzunu artıran əsas amildir.

Rəfiqə NAMAZƏLİYEVA