Akademik Urxan Ələkbərov “Uzaktan Eğitim Kapısı”nda

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov tərəfindən hazırlanmış “İnkişaf nədir və necə ölçülür?” mövzusunda təlim videosu Türkiyə Respublikası Prezident Administrasiyasının dövlət qulluqçularının ixtisasartırma məqsədilə yaratdığı beynəlxalq “Uzaktan Eğitim Kapısı” platformasında yayımlanmağa başlayıb.

Bu təşəbbüs Azərbaycan və Türkiyə arasında dövlət idarəçiliyi və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın daha bir mühüm göstəricisi kimi qiymətləndirilir. Platforma üzərindən paylaşılan təlim dünyanın müxtəlif ölkələrində dövlət qulluqçularının və idarəçilik mütəxəssislərinin istifadəsinə açıqdır.

Təlimdə davamlı və inklüziv inkişafın əsas meyarları, müasir idarəçilikdə ölçülə bilən nəticələr konsepsiyası, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində tətbiq olunan metodologiyalar ətraflı izah olunur. Akademik Urxan Ələkbərov həm də sosial rifah, vətəndaş məmnunluğu və insan potensialının inkişafı göstəricilərinin dövlət siyasətinə inteqrasiyasını elmi əsaslarla şərh edir.

Qeyd edək ki, “Uzaktan Eğitim Kapısı” platforması Türkiyə Prezident Administrasiyasının İnsan Resursları Ofisi tərəfindən yaradılıb və hazırda 60-dan çox ölkənin dövlət idarəçiliyi qurumları ilə əməkdaşlıq edir. Akademik Ələkbərovun təliminin bu platformada yer alması Azərbaycan idarəçilik məktəbinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.

Mütəxəssislərin fikrincə, bu addım həm də Azərbaycan alimlərinin qlobal idarəçilik müzakirələrində elmi və praktik iştirakının artması, həmçinin Türkiyə ilə strateji insan kapitalı əməkdaşlığının dərinləşməsi baxımından əhəmiyyətlidir.

AzNews.az