- Maraq dairəsi
- 17:21
- 1 220
Bu xərçəng növləri artıq qan analizi ilə də aşkar edilə biləcək
Yoğun və düz bağırsaq xərçənginin skrininqində yeni bir mərhələ başlayır.
Aznews.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Kolonoskopiya uzun illərdir yoğun və düz bağırsaqda başlayan kolorektal xərçəngin aşkarlanması üçün ən etibarlı müayinə üsulu hesab olunur. Anesteziya altında aparılan bu prosedur həkimlərə yoğun və düz bağırsağı ətraflı müayinə edərək xəstəliyin ilkin əlamətlərini müəyyən etməyə imkan verir. Lakin bir çox insan invaziv prosedurdan çəkinərək müayinədən imtina edir.
Bu səbəbdən Amerika Xərçəng Cəmiyyəti kolorektal xərçəng üzrə skrininq tövsiyələrinə yeni test variantları əlavə edib və ilk dəfə olaraq qan analizini də alternativ müayinə üsulu kimi təqdim edib. Söhbət ABŞ-ın biotexnologiya şirkəti Guardant Health tərəfindən hazırlanmış "Shield" qan testindən gedir. Test 2024-cü ildə ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənib.
Mütəxəssislər bildirirlər ki, xərçəng simptomlar meydana çıxmazdan əvvəl aşkarlanarsa, erkən müalicəyə başlamaq mümkün olur və bu da sağ qalma şansını əhəmiyyətli dərəcədə artırır. Statistikaya görə, kolorektal xərçəngi I və II mərhələlərdə aşkarlanan xəstələrin 90 faizdən çoxunun ən azı növbəti beş il ərzində yaşaması gözlənilir.