İlham Əliyevin 4 günlük müharibəsi: Xudafərindən Sərsəngədək..

Lələtəpədən görünən Xudafərin hədəfi orada özünə istehkam düzəldən oğulların növbəti həmləsinin baş ünvanıdır

Tarix yaxşı müəllimdir, pis şagirddir, deyirlər. ”Versal sülh müqaviləsi” i dünya müharibəsinin bütün günahlarını məğlubların üzərinə qoyarkən Almaniya imperiyası qaliblərin hazırladığı və taleyinin masada həll olunduğu böyük təslimçilik aktının imzalandığı salona buraxılmamışdı. Onun itirdiyi ərazi və əhali hesabına ən azı 4 dövlət öz qazancını götürmüşdü: Fransa məşhur Elzas-Lotaringiyanı qaytarmışdı, Polşa, Belçika, Danimarka da paylarını almışdılar, lakin 4 illik cahan savaşının 16 milyona qədər insan qanının axıb töküldüyü sular-Reyn, Elba, Oder, Visla da beynəlxalq çaylar elan olunmuşdu.
Görünür, imperiyaların süqutundan sonrakı dünya düzəni arasında bir oxşarlıq, hətta təkrarlıq qanunuyğunluqdur. Sovetlər Birliyinin çöküşü ilə meydana çıxan yeni müstəqil dövlətlər də öz keçmişləri ilə üzülüşə bilmirlər. Bəli, bolşeviklər partiyasının lideri Vladimir Leninin siyasi dühası ilə qurulan İttifaqın qalıcı gücü onun iflasından sonra da kabus kimi üzv dövlətləri izləyir.

Müasir Ukraynanın Rusiyaya ilə 1954-cü ildən qalan Krım ətrafındakı qarşıdurması, Tacikistan, Qırğızıstan və Qazaxıstanın Fərqanə vadisi-Sırdərya çayının üzərində otuz ildir hökm sürən soyuq savaşı, Xəzərin statusu ətrafında qonşu dövlətlər, o cümlədən SSRİ-yə daxil olmayan İranla ortaq nöqtələrin axtarışı və nəhayət, tarixin bizə bəxş etdiyi böyük müharibələrin şahidinə, yolayrıcısına çevrilən Araz çayının əzaları üstündə qurulan dayaqlar hər dəfə bizi sovet keçmişimizə qaytarır.

1950-ci ildən başlayaraq, SSRİ-İran arasında imzlanan sərhəd demarkasiya razılaşmaları indi müstəqil dövlətə çevrilən Azərbacanı da əhatə edir.Naxçıvandan Cəbrayıladək böyük bir zolaqda konfliktləri çözmək üçün iki dövlət arasında ümumi dil tapılandan sonra Araz çayını birgə dostluq-əməkdaşlıq simvoluna çevirməyi qərara alırlar.Axı bir vaxtlar Ağa Məhəmməd Şah Qacarın Qarabağı tutmaq üçün İbrahimxəlil xan tərəfindən dağıdlmış Xudafərin körpüsünü bərpa etməsi də eyni məqsədlərə xidmət edirdi.Qitələri birləşdirən və Çindən başlayan Böyük İpək yolunun gətirdiyi ticarəti, mədəniyyəti, bir sözlə min kilometlərlərlə uzaqdakı insanları, o cümlədən yaxın qonşuları bir-birinə bağlayan etibarlı qovşaqlardan kim imtina edərdi ki?

Ardınca, 1962-ci ildə başlayıb on ilə başa çatan və Horadizdən Mil-Muğan düzlərinə qədər quraq ərazilərə həyat verən növbəti layihə vətəndaşlıq statusu qazanır.İndi öz istehsal gücünü bir milyard kubmetrə qədər artıran həmin sututar yalnız təsərrüfat-iqtisadi məna daşımayıb, eləcə də regionun əsas təhlükəsizlik arteriyalarından biridir.Müasir dövrdə ölkələr yalnız ballistik raketlər vasitəsilə qorunmur.

Lakin Sovetlər Birliyinin xəritədən silinməsi və Ermənistanla Azərbaycan arasında başlanan 6 illik qanlı savaş İranın Xudafərin üzərində başlatdığı, hələ də ölü nöqtədən tərpənməyən planlarının yarımçıq qalması ilə nəticələnir.Diqqət edin, Qarabağda silahlı əməliyyatların ən qaynar çağında Araz çayı növbəti dəfə hərbi teatrın əsas səhnələrindən birnə çevrilir. Daxildə etnik azərbaycanlıların böyük təzyiqi qarşısında qalan dini hakimiyyət müxtəlif humanitar və diplomatik təşəbbüsləri işə salmağa məcbur olur.

Bununla belə,1992-ci ildə İran prezidentinin xüsusi nümayəndəsi Mahmud Vaizinin iki dövlət rəhbəri-Yaqub Məmmədov və Levon ter Petrosyanla apardığı danışıqlar, bütün kommunikasiya xətlərinin bərpasını vəd edən sülh təşəbbüslərinin iflasa uğraması və sazişin mürəkkəbinin elə həmin gün Şuşanın işğalı ilə birlikdə quruması münaqişənin həllini öz üzərinə götürən beynəlxalq vasitəçilərin sırasından rəsmi Tehranın az qala birdəflik silinməsi üçün zəmin yaratdı.Hər halda ötən 28 ilin təcrübəsi azərbaycanlıların ağrılı yaddaşının silinmədiyini deməyə əsas verir.

Bununla belə, İran, Xudafərin hövzəsini sərhəd kəndlərdə yaşayan ən azı 100 min insanının nəzərində bərq vuran mayaka çevirməkdən vaz keçə bilməzdi.Onun az qala hərbi-strateji əhəmiyyəti də öz-özünə formalaşırdı. Belə ki, əgər planlanan işi başa çatdıra bilsəydilər, o halda regionüstü bir infrastruktur sahibi kimi Ermənistan və Azərbaycanla sövdələşmələr üçün güclü bir resurs əldə edilirdi.

Lakin müharibənin kölgəsi ilə sürünən inşaat dəstələri 1994-cü ilin mayın 12-də Bakı ilə İrəvan arasında atəşkəs razılaşması imzalanandan dərhal sonra, cəmisi 20 gün keçmiş 2 iyul tarixində Qafqazın siyasi patriarxı Heydər Əliyevlə anlaşmaya nail olurlar.Doğrudur, xaos içərisində dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalan bir dövlət üçün başqa alternativ təklif düşünmək sadəcə cinayət olardı.

Məgər, o vaxtlar masa üzərinə qoyulan şərtləri öz süngüsü ilə dağıdacaq ikinci bir qüvvə vardımı? Türkmənçay və Gülüstan müqavilələri sırasına üçüncü dəfə bölünmə aktının əlavə edilməsi faktiki olaraq, reallaşma mərhələsindəydi. ABŞ-ın ölkəmizdə səfiri Stenli Eskudero o vaxt üzərində məxfi qrif olan sənədi açaraq, Azərbaycanın bir neçə dövlət arasında pay-püş planını ictimaiyyətə təqdim etmişdi.Həmin məşum ssenariləri pozan siyasi qrossmeyestr Əliyev İranla dostluq sazişini həm də blokadada yaşayan Naxçıvanın qaz yanacağı almaq, istilik problemini həll etmək şərtilə imzalamışdı.Yaxşı ki, əlyazmalar gerçəkdən yanmır və istənilən antiazərbayçı element onunla rahat tanış ola bilər.
Region uğrunda savaşı öz xeyrinə dəyişəndən sonra iqtisadi və siyasi cəhətdən özünə gəlmiş rəsmi Bakı artıq yeni əsrdə daha əmin davranmağa başlayır.Diqqət edin, zaman artıq 2001-ci ili göstərir.İndi səhnədə zəif və i dünya müharibəsində bölünən Almaniya kimi hamıdan yardım istəyən Bakı əvəzinə böyük bir dövlətə qapını çırpıb gedən bölgəsəl güc meydandadır. Təhlükəsizliyini və milli maraqlarını əlindən verməyən, amma işğal gerçəkliyi ilə əzilən bir tərəfə təbii ki, hər cür aşağılayıcı təkliflər oluna bilərdi.İranın Energetika naziri Həbibulla Bitərəf də öz məntiqi ilə doğru hərəkət eedirdi.O Heydər Əliyevə belə demişdi: "Xudafərin su bəndinin inşası üçün İran və Ermənistan siyasi rəhbərliyi arasında lazımi danışıqlar aparılmış və erməni tərəfi təhlükəsizliyə zəmanəti öz öhdəsinə götürmüşdür. Biz işi başlamaq istəyirik”.

Bir vaxtlar SSRİ-nin rəhbərlərindən biri kimi dünyanın yüzlərlə ağır diplomatik döyüşlərindən qalib çıxan Əliyev qətiyyən imperiya ədasını yerə vurmadan belə cavab verir.Protokolu originalda olduğu kimi saxlamağa borcluyuq: "Xudafərin Ermənistan tərəfindən işğal olunmuşdur. Siz işi hansı tərəflə görəcəksiniz? Bu, əsla mümkün deyil...Ermənistanla sülh müqaviləsi əldə olunmayınca və ərazilərin işğalına son qoyulmamış Xudafərin su bəndinin tikintisindən söz gedə bilməz. Mən bu işə əsla icazə vermirəm. Əslində, Siz bizim Azərbaycan torpağında Ermənistanla əməkdaşlıq edəcəksiniz və bu, mümkün deyil".Razılaşın ki, burada diplomatik nəzakət və yumşaqlıq faktiki olaraq təslimçiliyə bəraər olardı. Əliyevsə təkcə ölkəsi və xalqı üçün deyil, eləcə də miqyaslı adına görə heç zaman məğlubiyyətlə tarixdə qala bilməzdi.

Burada bir haşiyə çıxmaq yerinə düşər-tilsinlənmiş Xudafərin hidro-elektrik-körpü triadası sonaçatmayan üvertüra kimi ildə bir bənd inşa edilərkən Azərbaycanın dünya birliyini nə üçün onun üzərinə qaldırmadığına, eləcə də Ata Əliyevin razılıq vermədiyi halda nədən yarım əsr sonra ona hazırki dövlət rəhbərinin xeyir-dua verdiyinə dair son həftənin şəbəkə tufanını qaldıranlar sanki Ulu öndərin qətiyyətli mövqeyinin müdafiəçisi kimi görünürlər.Doğrusu, istənilən siyasi mədəniyyət daşıycıları üçün bu normal davranış sayılardı.Lakin böyük ideallardan və dövlətçilik məfkurəsindən uzaq olanlar üçün Heydər Əliyevin portreti başlarından çox yüksəkdə-görünməz ucalıqda durduğuna görə onların belə fəndi tez oxunur.

Halbuki iki Əliyevi üz-üzə qoymaq sadəcə məntiqsiz görünür. Axı Həbibulla Bitərəf razılıq üçün Bakıya deyil, İrəvana getmişdi və ona görə də tarixdə həmin qəzəblə üzünə çırpılan sillənin ünvanı olmuşdu.

Nəhayət, Azərbaycan yeni əsrin unikal sazişini məhz 2016-cı ilin fevralın 23-ü tarixində-bir qədər rəmzi mənalı kişilər bayramında Tehran şəhərində üç dildə imzalamağa razılıq verir.Lakin ona qədər İlham Əliyev onlarla diplomatik raundu öz xeyrinə yekunlaşdırmağı bacararaq, tarixi aprel günlərinə yaxınlaşmağa çalışır.

Əvvəlcə Hind okeanına qədər böyük diapazonda strateji obyektləri izləməyə imkan verən Qəbələ radiolakasiya nəzarət məntəqəsi tərəflərin birgə razılığı ilə tamam ləğv edilir.Bir qədər iti nəzərli təhlilçilər hər yerdə baza saxlayan regional və beynəlxalq derjavalar üçün “könüllü imitina” qərarının necə formalaşdığını yaxşı bilirlər.Ardınca oğul Əliyev Rusiya ilə iki yüz illik yumşaq desək, mübahisədən sonra 2009-cu ildə Medvedev Rusiyası ilə tarixi delimitasiya aktını Cənubi Osetiya və Abxaziya atəşinin altında tanıtmağa nail olur. Bəli, ordusuz, tanksız və topsuz qazanılan strateji yüksəkliklər şərq mentallığına, onun impulsiv vətəndaşlarının ağlına yerləşmir.90-cı illərdə rus ordusu ilə toqquşdurulub əzilən və yalnız Qərbin platsdarmı kimi əldə vasitə olmağa yarayan əbədi təyinatdan çıxmaq necə normal sayıla bilər?

Əliyev daha sonra Xaçmazın Kraxoba və Üryanoba kəndlərini özünə qaytarır, səssiz bir şəkildə növbəti gərginlik ocağını məharətlə söndürür, urapatriotlar və daim hərbi kazarma rejimində yaşayan siyasi populistləri şimala doğru səngər qazmaq şansından məhrum edir. Elə həmin entüziazm və gizli danışıqlar beynəlxalq konfliktləri masa arxasında çözən məgik diplomatiyanın Qafqaz sıra dağlarının ətəyində uğurla yekunlaşmasına səbəb olur, Samur çayının Abşerona qədər uzanan kollektorlarını təntənəli şəkildə susuz çöllərə bəxş edilməsi Azərbaycan prezidentinin siyasi sərkərdərlik gücünü sübut edir. Əlbəttə, Dağıstan xalqlarının qardaşlığını da Qafqaz müdrikliyinə xas bir şəkildə, onlarla humanitar aksiyalarla qoruyub saxlamaq mümkün olur. Əliyev mübarizəni demək olar təkbaşına qazanır və qələbəsini ümumxalq bayramına çevirmədən sakitcə yoluna davam edir.

Nəhayət, illər sonra Xəzərin dünyaya çıxan ilk boru xətlərinin çığıraçan statusunda beş dövlətin arasında ortaq məxrəcə gəlməsində “Əsrin müqaviləsi” də əvəzsiz rol oynayır. Məgər , 94-cü ildə Kozırev və Qraçov neft sazişlərindən sonra Bakını tutmaqla hədələmirdimi? Tehran Xəzəri bərabər bölmək tələbindən nəhayət yan keçərək, heç olmasa dibinin və resurslarının reestr aktını almağa sonda imza verir.Həmin günlər “xəyanət” səslərinin İran küçələrini bürüdüyünü yaddan çıxarmamalıyıq.

İlham Əliyev 2016 cı ili uğurla başlayarkən hansı qalaqurma taktikasına söykəndiyini indi aydın nəzərlə görənlər var.Əvvəlcə Avropa Şurasında Sərsəng su anbarı ətrafında uzun illər aparılan mübarizə bəhrəsini verir. Strasbuqrdan verilən xəbərə görə, 26 yanvar 2016- cı il tarixdə qəbul edilən qətnamədə Qarabağın su təminatında əvəzsiz yeri olan bir hidroobyektin necə silaha çevrldiyi, nəinki ekeloji, eləcə də hərbi təcavüz aləti olaraq yararlandıqları açıq əksini tapır. Qərbdə belə diplomatik qələbənin rəsmi Bakı üçün yalnız siyasi mövqe sənədi olaraq qalacağı inandırıcı görünmürdü. Əks halda, BMT qətnamələri kimi onun təsir gücü anındaca sıfra enər, hətta təbliğat materialı kimi də əhəmiyyəti qalmazdı.

Əliyev daha sonra İranın uzun danışqlardan sonra Xudafərin məchulunu çözmək üçün sərf etdiyi 60 ilin çabalarına qəribə bir şəkildə müsbət mesajlar verir və onu imzalamaq üçün naziri Tehrana yola salır.Adətən çətin gedən danışıqlar sanki işğal faktı ortada yoxmuş kimi ən üstün hüquqları Azərbaycanın əldə etməsi şəraitində diplomatik raundun uğurla başa çatmasına imkan verir. Talış kəndi və Ağdərə hərbi məntəqəsinin zirvəsində yerləşən Sərsəngdən sonra onunla 252 km-lik bir qövsdə böyük bir təmas xətti Araz çayına qədər yeni təhlükəsizlik zolağının yaradıcılağından xəbər verir.Onda hələ kimsə növbəti erməni təxribatına Əliyevin hansı cavab zərbəsi ilə reaksiya verəcəyini təxmin edə bilmir.
İranın ən yüksək səviyyədə dini-siyasi rəhbərlərinin işğal faktını rəsmi olaraq tanıyaraq bəyan etdikləri Azərbaycanın öz ərazilərini azad etməyə qalxarkən mənəvi-siyasi və hüquqi üstünlüyün kimin tərəfində olduğunu deməyə ehtiyac qalmır.Uzun illər Qarabağa nəfəslik açılacağını düşünən Xankəndi rejimi üçün aprel müharibəsi ata-oğul əliyevlərin vahid bir ideyadan geri çəkilmədiklərini gün üzünə çxarır.Məgər həmin günlər Ağdərə və Cəbrayıl bölgələri boyunca növbəti atəş qarşılığında keçilməz Ohanyan xəttini bir saatın içində adlayan azərbaycanlı əskərlərin Sərsəng üzərində möhkəmlənməyə çalışdıqlarını kim inkar edə bilər? Yəqin ki, heç kəs.

O biri tərəfdə isə Lələtəpə yüksəkliyi ondan çox da uzaqda olmayan Xudafərində görüşməyə can atan ordunun qarşılıqlı olaraq bir –birinə yağdırdıqları Qrad mərmiləri Arazın bu birinə sahilinə düşürdü. Məhz yanvar və fevral aylarında iki siyasi cəbhədə uğurlu takitiki əməliyyatla diplomatların dalınca gedən silahlı qüvvələrin daha cəsarətli olduqlarını və nə Tehranın, nə də digər paytaxtların Azərbaycanı qınamağa fürsət tapmadıqlarının sübut etdi.
Lələtəpədən görünən Xudafərin hədəfi orada özünə istehkam düzəldən oğulların növbəti həmləsinin baş ünvanıdır.

Deməli, Xudafərin müqaviləsi aprel müharibəsinin prelüdüyiası idi və o gilzi deyil, məhz açıq imzalanmalı idi ki, dünya görsün.Baxın, sizə təqdim olunan hakimiyyətə qatı müxalif Meydan tv saytıdır https://azvision.az/redirect.php?url=http://aws-www.meydan.tv/az/article/milli-meclisde-iran-dartismasi/?ref=search.

Yaxşı deyək, antiiqtidar cəbhəsi rəsmi tvləri izləmir, bəs buna sözləri nədir?

İkincisi, Qəbələ RLS, Xəzərin statusu, Kraxoba və Üryanoba, Samurçay nümunələri, ən sonra Keşikçıdagda Əliyevin sərt xarakteri və diplomatik gücü gerçəkdənmi onun dövlətçilik məfkurəsinin hansı ideallardan ibarət olduğunu görməyə imkan vermir?

Tarixi Rusiya imperiyası daha mövcud olmadığından Xudafərin razılaşmaları ətrafında qaldırılan isterika , onun az qala təslimçilik aktı kimi təqdim edilməsi və vahid Azərbaycanı simvolizə edən körpülərin hidroqovşaqlardan tökülən şəlaləlinin sərt zərbəsi ilə tamam dağılacağı haqqında ictimai fikrə “qəlb mühəndisləri” tərəfindən ötürülən saxta xəbərlər koronavirus pandemiyasından daha az itki ilə çıxan azərbaycanlılara yanlış bir gündəlik sırımaq üçündür. Şərq-Qərb nəşriyyatı tərəfindən nəşr olunan “Azərdövlətlayihə” kitabının 93-cü səhifəsi tamam ayrı mətləbləri ortaya qoyur.O vaxtlar ictimaiyyətin haqlı tələblərini nəzərə alan konstruktorlarımız(diqqət edin-məhz milli layihəçilərimiz) indi virtual meydanı Kərbəla düzünə çevirən şəbəkəçilərin bəhanəsinə əsas verməyib və cizgi-planı yenidən işləyiblər.Buyurub tanış ola bilərsiniz: https://azvision.az/redirect.php?url=http://anl.az/el/p/pe_ait&iy.pdf

Səngər qazılmalı yeri buraxıb 90-cı illərin eyforiyası və şövqü ilə hərəkət edərək yenidən milləti sərhəd dirəklərinə çırpıb əzmək olmaz.Halbuki müharibəni həm də iqtisadi relslər üzərində daşıyan Azərbaycan lideri Şimal-Cənub layihəsini meydana gətirməklə sizə sovet tikanlı məftilləri ilə ayrılan Təbrizdən istədiyiniz qədər vətən qoxusu gətirə bilər.Gerçəkdən də polad magistrallarla möhkəmlənən iki ölkə-iki qardaş xalqın yalnız siyasi bəyənatlarla uzağa gedə bilməyəciyini dərk etmək o qədər çətin deyil.Rusiya və İranı həmin dəmir yolları ilə birləşdirmək imperiya keçmişinə malik dövlətlərin iqtisadi gücündən faydalanmaq deməkdir.Əvəzində Ermənistanın oxşar planları düz 20 ildir elə arzu olaraq qalır.İrəvana dəmirdən yol çəkən tapılmır!

Ona görə də hidroqovşağın, iki su elektrik stansiyanın və iki körpünün tikintisi ərazilərimizin azad olunmadan İranın çətiri və təhülkəsizliyi altında bizə istehsal olunan elektrik enerjisindən birgə tam hüquqlu istifadə imkannı verir. Müqaviləyə görə yaradılan Texniki Heyət az qala hərbi mundirdə hər addımda ölkələrin maraqlarını təmin etməyə öhdəlik götürüb.İndi üçrəngli bayrağı hələ ki, İranın təhlükəsizlik çətiri altında Xudafərin üzərində asmaq qalır.Doğrudur, onu qonşu ərazilərdən keçərək deyil, əsarətdə olan Cəbrəyıl torpaqlarını azad edəcək əskərlərlə birlikdə qorumaq təkcə hakmiyyətin deyil, hamımızın vəzifəsidir.

Bir də unutmaq olmaz ki, iki “Qız qalası” abidəmiz var-biri Xəzərin sahilində, o birisi Cəbrayılın Xələfli qəsəbəsi, Diridağ ərazisində.Əfsanəyə uyub özünqəsdə deyil, Araz çayına yetib “Qız qalası” üzərindəki elektrik çırağını yandırmaq gərəkdir!

Diplomatiyanın getdiyi yolu ordular fəth etməlidir!

Aprel müharibəsinin davamı kimi!

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili
Zahid Oruc