ATƏT-in Minsk Qrupu həmsədrlərinin “intensiv” bəyanatı daldan atılan daş da deyil, kağız parçasıdır ATƏT-in Minsk Qrupu həmsədrlərinin “intensiv” bəyanatı daldan atılan daş da deyil, kağız parçasıdır

Minsk Qrupu ATƏT-i dalana salıb - Taleh Şahsuvarlı yazır

ATƏT-in Minsk Qrupu həmsədrlərinin “intensiv” bəyanatı daldan atılan daş da deyil, kağız parçasıdır

Agentliklər xəbər verir:

“Sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında intensiv məsləhətləşmələr keçirilib. Həmsədrlər bəyanatla çıxış edərək Azərbaycan və Ermənistan XİN başçılarını yaxın həftələrdə “qeyd-şərtsiz” danışıqlara başlamağa çağırıb. Həmsədrlər bəyanatda qeyd ediblər ki, “iyul ayında Ermənistan-Azərbaycan sərhədində yaşanmış gərginliyə xüsusi diqqət ayıraraq, regiondakı vəziyyəti müzakirə ediblər”.

Bu məlumatda, yəqin mənim kimi, elə sizin də diqqətinizi ATƏT Minsk Qrupunun həmsədrlərinin Azərbaycan-Ermənistan sərhədində gərginliyin pik həddə çatmasından, yəni Tovuz döyüşlərindən bir neçə ay keçəndən sonra “intensiv məsləhətləşmələr”ə başlaması çəkdi.

“Yahu, bu nə tələskənlik, bu nə operativlik belə” soruşmayın, çünki “operativ” deyil, “intensiv” məsləhətləşmələr aparıb ATƏT MQ həmsədrləri.

1994-cü ildə, yəni bundan tam 26 il əqdəm, o ilki qışın oğlan çağında, dekabr ayının beşinci və altıncı günlərində ATƏT Budapeştdə bir sammit keçirmiş, yekunda bir qərar çıxarılmışdı. Qərar “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlanırdı.

Qərarın tam təfsilatını yazmağa hacət yox, amma xatırladım ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün danışıqların aparılması məqsədilə Minsk Konfransının həmsədrlik institutu o qərarla təsis edilmişdi.

Gördüyünüz kimi, 1994-cü ildən, yəni bundan tam 26 il əqdəmdən, o ilki qışın oğlan çağından başlayaraq ATƏT intensivləşdirə-intensivləşdirə Dağlıq Qarabağ münaqişəsini çözür, amma ortada heç bir nəticə yoxdur.

Ortada heç bir nəticə olmasa da, uzun müddətdir ki, ATƏT-in Minsk Qrupu bizi, bizlər də ATƏT Minsk Qrupunu müşahidə edirik.

Bu müşahidələrə əsasən ATƏT-in Minsk Qrupunun fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi haqqında cəmiyyətimizdə formalaşan qənaətlər birmənalıdır.

Kimdən soruşsan, deyəcək ki, Minsk Qrupunu sülhyaratma missiyasından çox, mandatını unutmuş, işğalçı dövlətə qarşı təsirli tədbirlər görməyə meyil etməyən diplomatik turist bürosudur.

Bu “büro” Dağlıq Qarabağ münaqişəsinə artıq o qədər barmaqarası yanaşır ki, real situasiyaya belə münasibət bildirməyə can çəkir.

Məsələn:

Bu günlərdə işğalçı Ermənistan ordusunun kəşfiyyat qrupu yeni diversiya törətməyə cəhd göstərib, bir zabiti əsir düşüb. ATƏT MQ-nun bəyanatında “axı sənin əsgərinin, zabitinin Azərbaycan torpaqlarında nə işi var” sualı ünvanlanmır Ermənistana.

Yaxud:

Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni olaraq Livan ermənilərini yerləşdirir, bununla Dağlıq Qarabağda təbii demoqrafik balansı dəyişmək istəyir, ancaq ATƏT-in Minsk Qrupundan bir “çırt” səsi çıxmır.

Nəhayət:

Ermənistan rəhbərliyi Dağlıq Qarabağa Azərbaycan cəmiyyətini hiddətləndirən səfərlər edir, həm İrəvandan, həm də Xankəndindən aqressiv bəyanatlar səsləndirilir, lakin ATƏT MQ bütün bunları da görməzlikdən gəlir.

Deyəsən:

Gecikmiş açıqlamalar verməkdən, zibil qutusuna atılmaqdan savayı heç nəyə yaramayan bəyanatlarında münaqişə vəziyyətinin gərginləşməsinin motivləri və nəticiləri haqda susan ATƏT MQ hələ də fərqinə vara bilmir, yaxud fərqinə varmaq istəmir ki, Ermənistan bəyanat verərək sülh danışıqlarından faktiki olaraq çəkilib, beynəlxalq qurumların nizamlayıcı təkliflərini isə nümayişkaranə şəkildə rədd edib.

Odur ki, ATƏT-in MQ ilk növbədə özünə bir sual ünvanlamalıdır: o, bir institut kimi kimə və nəyə xidmət edir, onun fəaliyyətinin səmərəsi nədir?

Zənnimcə, bu sual Azərbaycan xarici siyasət idarəsini də düşündürməli və ATƏT-in Minsk Qrupu yenidən formatlanması istiqamətində addımlar atılmalıdır.

ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi sammitinin çağırılmasında yarar var.

O sadə səbəbə görə ki, SSRİ-nin çökməsindən sonra yeni dünya düzənin formalaşmasında üzərinə önəmli məsuliyyət düşən ATƏT-i Minsk Qrupu dalana dirəyib və təşkilat öz məramlarına uyğun fəaliyyət göstərə bilmir.

Taleh ŞAHSUVARLI,

AzNews. Az analitik-informasiya portalının Baş redaktoru