Tanınmış rəssam Yusif Mirzə: "Laçına aid olmayan şəkillərimin də rəngində Laçın var..." Tanınmış rəssam Yusif Mirzə: "Laçına aid olmayan şəkillərimin də rəngində Laçın var..."

"Ermənilər Qaragölün bütün çevrəsini ələ keçirmək istəyirdilər" MÜSAHİBƏ/FOTOLAR

Tanınmış rəssam Yusif Mirzə: "Laçına aid olmayan şəkillərimin də rəngində Laçın var..."

Əslən Laçından olan, illərlə öz torpağının həsrətini çəkən tanınmış rəssam Yusif Mirzə 31 ildən sonra doğma yurdu Laçına səfər edib. O, təəssüratlarını AzNews.az analitik-informasiya portalına bölüşüb. Laçınlı rəssamla müsahibəni təqdim edirik:

- Yusif müəllim, bu günlərdə Laçında səfərdə olmusunuz. Təəssüratlarınz necədir?

- Bəli, ötən həftə Laçında səfərdə oldum. Doğma yurdumu ziyarət etdim. Bu mənim üçün sıradan bir səfər deyildi. Bu, illərdir arzusunda olduğum, 31 il əvvəl göz yaşlarımızla, ağrı-acı ilə itirdiyimiz doğma yurdla bir görüş idi. Bu illər ərzində mənim bir arzum olub. O da bizim dağları yenidən görmək idi. Şükürlər olsun ki, bu arzum həyata keçdi. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzu edirəm. Mən Ali Baş Komandan, cənab İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirmək istəyirəm. Biz həyatımız boyu cənab Prezidentə minnətdarıq. Bu səfərdə çox duyğusal anlar yaşadıq. Səfərdə doğma yurdumuzdan kənarda itirdiyimiz günləri, o ağrı-acılı günləri də xatırladıq. Bununla yanaşı xüsusi bir sevgi hissi də var idi. Bu yerlərə yenidən qayıtmağımız, Laçının yenidən inkişafını görmək insana zövq verirdi. Laçının işğalını düşünəndə 1992-ci ilin 18 mayından da əvvələ getməliyik. Mən 1969-cu illərə geri dönmək istəyərəm. Bizim Laçın ərazisində yerləşən müqəddəs yerimiz- Qaragöl yaylağı Ermənistan SSRİ-yə peşkəş kimi verilmişdi. Bu, Heydər Əliyev o zaman Azərbaycan rəhbərliyinə gəlməzdən əvvəl olmuşdu. Bu ermənilərin sürünən anneksiya siyasətinin növbəti qələbələrindən biri idi. Qaragöl ətrafı azərbaycanlıların yaylaq yerləri idi. Biz uşaq olanda orada Qaraqışlaq, Sadınlar, Qılınclı, Soyuqbulaq, Hacılar kəndinin alaçıqları qurulurdu. İşıqlı dağının digər tərəfinin adı dəyişdirilmiş Qarakilsə mahalıdır. Bu ərazilər insanların təsərrüfat yerləri idi. Bu yerlər yüksək dağlıq ərazi olduğuna görə qışda qalın qarla örtülür və hava çox soyuq olurdu. Qaragölün birdən-birə ermənilərə peşkəş olmasını insanlar çox böyük etirazla qarşıladılar.1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə birinci katibi vəzifəsinə ümumilli lider Heydər Əliyev seçildi. Yaxşı yadımdadır, Qaragöldə idik və Heydər Əliyevin bu vəzifəyə gəlişindən sonra qarşı tərəf heç bir qarış torpaq da ala bilmədi. Heydər Əliyevin gəlişi ilə sürünən anneksiya siyasətinin qarşısı alındı. Ermənilər Qaragölün bütün çevrəsini ələ keçirmək istəyirdilər, Heydər Əliyev imkan vermədi. Bu tarixi hamımız yaxşı bilirik. Heydər Əliyevin SSRİ rəhbərliyinə təyinatından bir müddət sonra, Qorboçovun ona qarşı kampaniya başlaması ilə yenidən torpaqlarımızın işğal siyasətinə start verildi. Bizim kəndin "Qəysefə" adlanan ərazisi ermənilər tərəfindən işğal olundu. 1988-ci ildə konflikt başlayanda mən Bakıda yaşayırdım. Mütəmadi olaraq Laçına gəlir, çalışırdım. Şuşaya da həmişə baş çəkirdim.

- Laçından nə vaxt çıxmısız? İşğal dövründə Laçını necə xatırlayırsınız?

-1988-1989-cu illərdə ağrılı-acılı illərimiz başladı. İnsanlarımıza qəsd olundu, kəndlərimiz talan olunub, yandırıldı. Laçının işğalı faciəsinə addım-addım yaxınlaşdıq. Torpaqlarımızın işğal faciəsinin qurbanlarından biriyəm. İllərdir əziyyət çəkərək yaratdığımız elimizi-obamızı məhv etdilər. Biz bu yaralarımızı, müharibənin bizə vurduğu zərbələri hələ də unutmamışıq. O vaxt hakimiyyətdəki zəiflik də buna şərait yaratdı. Laçın işğal olunan zamanı çox sayda rəsm əsərlərimi itirdim. Bir dəfə məndən itirdiyim rəsmlərin sayını soruşdular. Diqqətlə hesablayanda 6 min rəsm əsərimi itirdiyimin fərqinə varanda məni dəhşət bürüdü. Şübhəsiz ki, hər bir yaradıcı insan üçün bu ciddi fəlakətdir. Uşaqlıq illərimdən başlayıb tələbəlik illərim də daxil olmaqla çəkdiyim çox sayda rəsmləri itirməyim mənə çox pis təsir etdi.

- İşğal dövründə Laçına aid bir çox əsərlər yaratmısınız. Alban məbədləri ilə bağlı olan rəsmlərinizlə sərgilərdə iştirak etmisiniz.

- Mən universitetdə oxuyanda diplom işimi də Laçına həsr etmişdim. Yaradıcılığımın demək olar ki, çox böyük hissəsi məhv olmuşdu. Amma mən özümdə böyük güc tapa bildim. Bu yaradıcılığı davam etdirə bildim. Hər zaman deyirəm ki, mənim bütün əsərlərim, hətta Laçına aid olmayan şəkillərimin rəngində belə Laçın var. Yaradıcılığımın böyük bir hissəsi Qafqaz Albaniyası abidələrinə həsr olunub. Bu mövzuda çoxsaylı sənət əsərlərim var. Mənim doğma kəndim olan Sadınlarda dörd alban kilsəsi var. Onların içində "Dəmirovlu Pir" adlanan məbəd var idi. Qayanın başında gözətçi məntəqəsi kimi idi. Daha sonra Quşçu Güney adlanan ərazidə Sınıq Kilsə deyilən bir məbəd var. Bu ərazilərdə kilsələr çoxdur. Mirik, Sadınlı, Əhmədli kəndində də kilsə memarlıq abidələri var. Əhmədli kəndinin Varazhun adlanan ərazisində də kilsə var. Digər kilsələr bazilika tipli memarlıq abidəsidir. Amma bu, fərqli görünüşə sahib olan günbəzli kilsədir.

- Ağoğlan kilsəsi daha öncədən əsərlərinizdə yer alıb. Laçına gedərkən Ağoğlan kilsəsini gördünüz. Rəssamın öz əsəri ilə qarşı-qarşıya dayanması necə hiss idi?

- Ağoğlan..... Dağların qoynunda çox gözəl bir abidədir. İşğaldan əvvəl dəfələrlə Ağoğlan kilsəsinin rəsmini çəkmişəm. Mən Ağoğlan kilsəsini görəndə həmin o illəri xatırladım. İşğaldan əvvəlki xatirələr gözümdə canlandı. Yaradıcılığımda Ağoğlan kilsəsinə yer ayırmışdım. Bu dəfə sadəcə fotolarını çəkdim. Bundan sonra da yaradıcılığımda bu möhtəşəm abidəyə yer ayıracağam. Həmin anlar sözlə ifadə edilə bilməyəcək qədər möhtəşəm idi. Bu ərazi alban abidələri ilə doludur. Bunların içində ən məşhuru Ağoğlan kilsəsidir. Mən kilsə sözünü çəkinmədən işlədirəm. Kilsə sözünü bizim bədxah qonşumuza aid etmək yanlış bir fikirdir. Kilsə memarlığı Qafqaz Albaniyasında çox böyük yer alıb. Ağoğlan kilsəsi Kosalar kəndi ətrafında yerləşir. Əhmədli, Mirik kəndində də belə kilsələr var. Bunların əksəriyyəti bazilika tipli kilsələrdir.

- Laçına olan yeni səfərlə bağlı əsərləriniz olacaqmı?

- Xarici ölkələrdə bu əsərlər sərgilərdə nümayiş etdirilib. Bu rəsmlərin vasitəsilə mən torpaqlarımızın işğal oldunduğunu və abidələrimizin saxtalaşdırılmağa məruz qaldığını deyirdim. Mən rəssam kimi tarixi ənənələrimizə də müraciət edirəm. İlk olaraq yaradıcılığımda Qobustan qayası rəsmlərini də əks etdirmişəm. Yazdığım bir məqalədə sübut etməyə çalışdım ki, bu qayaların rəsmləri primitiv deyil, o bizim incəsənət tariximizin gözəl bir qoludur. Müasir sənətə uyğun gələn bir üslubdur. Norveçdə yaradıcılığımın bu hissəsinə çox böyük maraq göstərdilər. Müxtəlif qəzet və jurnallarda mənim yaradıcılığıma da yer ayırdılar. Həmçinin ABŞ, Finlandiyada da rəsmlərim böyük maraqla qarşılandı.Torpaqlarımızın işğaldan azad olunması mənim yaradıcılıq eşqimi geri qaytardı. Bu istiqamətdə böyük işlər etməyə çalışıram. Laçının işğaldan azad olunmasının 1 illiyində “Can Laçın” adlı bir sərgi keçirdim. Laçına adi şəkillərimin içində "Xatirə" adlı əsərimi xüsusilə qeyd etmək istəyirdim. Bu, Laçında yaşadığım dönəmlərdə pəncərədən düşən lampa işığına həsr etdiyim rəmzi bir rəsm əsəri idi. Bu əsərdə Laçında yaşadığım xatirələrim əks olunub. Laçında səfərdə olduğum zamanlarda da saat 4.30-da oyanıb rəsm çəkdim. Bu mənim üçün çox xoşbəxt an idi. Bundan sonra bu işlər üzrə də fəaliyyətimi davam etdirəcəyəm. Laçının hər daşı, qayası mənim üçün əziz və doğmadır. Qarıqışlaq kəndini də ziyarət etdik. Bu mənim nənəmin kəndi idi. Bir çox qohumum burada yaşayırdı. Kəndin bu vəziyyəti həqiqətən də mənim qəlbimi ağrıtdı. Qarıqışlaq kəndi həm də mərkəz rolunu oynayırdı. Bu kənd öz məktəbi ilə məşhur idi. Başqa yerlərdən bura təhsil almağa gələnlər var idi. Dostum Taleh Şahsuvarlı Qarıqışlaq məscidini də ziyarət etmək arzusunu dilə gətirdi. Ətrafı kol-kos idi. Oraya getmək çətin olsa da, biz bunu bacardıq. Təsəvvür edin, biz həm Laçındakı alban kilsələrinə, həm də məscidlərə eyni dərəcədə doğma yanaşırıq. Bu, əsl tolerantlıq nümunəsidir.

- Bayaq adını çəkdiyiniz "Dəmirovlu Piri də kətana köçürmüsünüz. Həmin piri də görə bildinizmi?

-Təəssüflə bildirmək istəyirəm ki, Dəmirovlu piri biz uzaqdan müşahidə etməli olduq. Çünki ora gedən körpü işğal dövründə dağıdılıb. Dəmirovlu Pirinin rəsmini çəkmişəm. Bu rəsm əsərini sevə-sevə dostum Taleh Şahsuvarlıya bağışlamışam. Onun evindədir. Bu onun çox sevdiyi əsərlərdəndir. Elə onun sevgisi də bu əsərin yaranmasında böyük rol oynadı. Mən oraya yenidən qayıdacağam. Digər abidələrin də rəsm əsərlərini yaradacağam. Varazhun abidəsi var. O digər kilsələrdən fərqlənir. Bu abidə günbəzi olan klassik bir kilsə nümunəsidir. Şübhəsiz ki, mənim bu istiqamətdə işlərim davam edəcək.

- Laçında aparılan yenidənqurma və bərpa işləri aparıldığının şahidi oldunuz. Bu barədə nə düşünürsüz?

- Həkəri çayının sahili ilə biz Laçın ərazisinə daxil olduq. Laçın çayı deyilən yerdə böyük bir bulvarın yaradıldığının şahidi olduq. Orada çayın qarşısı kəsilərək süni göl yaradılıb, asma körpü inşa olunub. Gözəl bir mənzərə yaranıb. Həqiqətən də çox qısa zaman kəsiyində bu gözəlliklərin yaradılması bir laçınlı kimi məni heyran etdi. Şəhəri tanımağa çətinlik çəkirdik. Yüksək səviyyədə salınmış yollar insana ruh verir. Bir azərbaycanlı kimi bütün bunları izləyir və sadəcə qürur duyuruq. Cənab Prezidentimizə bir laçınlı kimi təşəkkür edirik. Bu qələbəni bizə yaşatdığı üçün ona həyatımız boyu minnətdarıq. Biz bunları tarix üçün də deməliyik.

- Laçınlı olmağınıza baxmayaraq, ilk dəfədir ki, Qorçu adlanan əraziyə də səfər etdiniz. İlk təəssüratlarınızı öyrənmək istəyirdik.

- Birinci gün bizim səfərimizin son dayanacağı Minkənd oldu. Bu kəndin bulaqlarından su içdik. Daha sonra Oğuldərə istiqamətində Qorçu kəndinə doğru yol aldıq. Bu, mənim üçün çox əhəmiyyətli kənd idi. Çünki mən heç vaxt bu kənddə olmamışdım. Laçının kəndlərindən keçdikcə bir-birindən gözəl yerlərlə qarşılaşdıq. Ərikli kəndi ərazisində çox qədim bir kilsənin fotosunu çəkdik. Saymaqla bitməyən ərazilər var. Məşhur şairimiz Əliağa Vahidin bir sözü var: "Bütün gözəllikləri Tanrım o sərvinaza verib". Laçında olanda bunu düşündüm. Tanrı təbiətin bütün gözəlliklərini seçib sanki Laçına bəxş edib. Bizim tanınmış bir rəssamımız Maral Rəhmanzadə hər yay Laçına gələrdi. Bütün Laçın əhalisi onu sevə-sevə qarşılayardı. Çox təəssüf ki, işğal müddətində onun 50-ə yaxın irihəcmli əsərləri Laçında məhv oldu. Maral xanımın bir sözü var idi: "Dünyanın 60-a yaxın ölkəsini gəzmişəm, amma Laçın kimi gözəlini görməmişəm". Qorçu kəndindən sonra Oğuldərə kəndi istiqamətində irəlilədik. Mən uşaq vaxtı çobanların əhatəsində böyümüşəm. Orada onları da gördük. Oğuldərə kəndində Söhbət adlı fermerlə danışdıq. Onların təbii və səmimi davranışları adamı heyrətə gətirir. Qonaqpərvərlikləri o qədər doğma gəlirdi ki... Onlar bizi qantəpər çayına qonaq elədilər. Mən bunu heç vaxt unutmaram. Qorçu səfəri mənim üçün çox sürpriz oldu. Biz yeni tikilməkdə olan Laçın hava limanını gördük. Laçında yenidənqurma işlərinin aparılması insana fəxr hissi verir.

- Laçından Qərbi Zəngəzurun dağları görünür. Sizcə, biz o dağlara nə vaxt qovuşacağıq?

- Bizim unutmadığımız Qərbi Zəngəzurumuz var. Laçın bizim üçün sanki Qərb qapısıdır. Laçından baxanda Zəngəzurun möhtəşəm dağları görünür. Mən oraları uşaq vaxtı gəzmişəm. Gorusu, Qafanı bir-bir gəzmişəm. Laçın Qərbi Zəngəzurdan çıxan insanların ikinci məskənidir. Mən uzaqdan o dağları seyr etdim. Qərbi Zəngəzurun indi Sisyan adlanan Qarakilsə mahalından olan dostumuz Kərim də bizimlə idi. Ora da bizim üçün Vətəndir. Bizim hər şeyimiz o torpağa bağlıdır. Bir dəfə Norveç səfərindən qayıdanda dostlarım orada qalmağı məsləhət bildilər. Lakin mən Azərbaycana qayıtmağa üstünlük verdim. Məndən bunun səbəbini jurnalistlər də soruşdu. Mən torpaq itkisinin nə olduğunu bilirəm. Ona görə də öz yurdumda qalmaq istəyirəm. Bütün illər ərzində inanırdım ki, bir gün o torpaqlara geri qayıdacağıq. 2011-ci ildə Ağcabədidə Taxtakörpüdə Laçının məcburi köçkünləri ilə Prezident İlham Əliyevin görüşü var idi. Cənab Prezident o görüşdə dedi: "Mən ad günümü öz ailəmlə Qarabağda keçirirəm. Mənim ailəm sizsiniz". O, həmişə çıxışlarında bizə bu torpaqlara qayıdacağımızı deyirdi. İndi biz o torpaqlardayıq. Mən buna görə çox xoşbəxtəm. İnanıram ki, bir gün hamımız Zəngəzura da gedəcəyik. O günlər yaxındadır.

Ayan Rzayeva

QEYD: Məqalə işğaldan azad olunmuş ərazilərə "Büyük Qayıdış" sahəsi üzrə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanmışdır.

image description image description image description image description image description image description image description image description