Qalib xalqın şüarı. Tahir Budaqov ilk debatda- ŞƏRH

Dünən prezident seçkilərinin təşviqat mərhələsinin ilk günü idi.

Seçki texnoloqları, siyasi kampaniyaların təcrübəli iştirakçıları çox gözəl bilirlər, təşviqata hansı templə başlamaq nəticəyə birbaşa təsir edən amillərdəndir.

Əlbəttə, səsvermənin nəticələri barədə bütün proqnozlar birmənalı olaraq üst-üstə düşür. Hakim partiyanın namizədi, prezident İlham Əliyev nəinki ölkəmizdə, hətta dünya tarixində seçkilərə misli görünməmiş bir reytinqlə gedir. İkinci Qarabağ savaşında İlham Əliyevin Ali Baş Komandanlığı ilə xalqımız qalib sifəti qazanıb. Qalib xalq öz qalib liderinə inamını, etimadını və təşəkkürünü ifadə etmək üçün 7 fevral seçkilərinə bir fürsət kimi baxır. Bu baxımdan YAP-ın seçki texnoloqları İlham Əliyevin kampaniyası üçün gerçəkdən mükəmməl və sərrast bir şüar müəyyən ediblər: QALİB XALQIN QALİB LİDERİ!

Digər namizədlər inciməsinlər, şüardan çox tarixi gerçəkliyi ifadə edən bu zəfər düsturu qarşısında digər adayların və aday olmağa cürəti çatmayanların bütün çabaları sönük və əhəmiyyətsiz görsənir. Heç də təsadüfü deyil ki, İlham Əliyevin posterləri dərhal sosial şəbəkələrin trendinə çevrildi, cəmiyyətin bütün kəsimlərinin nümayəndələri tərəfindən paylaşıldı. İnsanlarımız bizi tarixi xəcalətdən xilas edən müzəffər sərkərdəyə, təcrübəli liderə, Azərbaycan davasının baş ideoloquna açıq dəstək verməklə bir daha nümayiş etdirdilər ki, İlham Əlieyev milli kimliyimizin və həmrəyliyimizin mərkəzi fiqurudur. Bu təkzibolunmaz fakt qarşısında 7 fevralda keçiriləcək seçkilərin vacibliyinə, demokratikliyinə və legitimliyinə şübhə yaratmaq istəyənlər ya reallıq hissini itirmişlər, ya da milli heysiyyatı və müstəqil mövqeyi olmayanlardır.

Bəli, Azərbaycan yeni tarixi dönəmə İlham Əliyevin liderliyi ilə daxil olmaqdadır. Zamanın milli kimliyimiz və missiyamız qarşısında qoyduğu tələblər yeni milli ideologiyamızı formalaşdıracaq. Strateji planlarımızın reallaşması üçün ölkəmiz üçün qurulan xaos planlarını puça çıxarıb sabitlik və konsensus içində gələcəyə addımlamağımız olduqca vacibdir. Diqqət edirsinizsə, Azərbaycanla ziddiyyətləri açıq şəkildə gündəmə gələn xarici güclərin əlində maşa olanları cin atına mindirən də elə ölkəmizdəki sabitlik və seçkilərin çaxnaşmasız, iğtişaşsız getməsidir. Avropanın bir çox ölkələrində az qala hər ay referendumlar keçirilir. Vətəndaşlar xoş ovqatla sandığa gedirək mövqelərini ifadə edir və səsvermədə iştirakı həyatlarının rutin qaydalarından biri hesab edirlər. Bizdə niyə belə olmamalıdır? Seçkilərə zopalaşma, üsyan və inqilab mənbəyi kimi baxmağa alışanlar xalqımızın 30 illik müstəqillik təcrübəsini nəzərə almaq istəməyənlərdir.

Hər seçki istənilən lider və siyasi təşkilat üçün həm də öz tərəfdarlarına, sıralarına baxış imkanı yaradır. Bu baxımdan prezident İlham Əliyevin başçılıq etdiyi Yeni Azərbaycan Partiyası da istisna deyil. Azərbaycanın ən yeni tarixi göstərir ki, prezidentlər seçki debatlarında iştirak etmirlər. İctimai Televiziyada dünən keçirilən debatda YAP-ı namizədin səlahiyyətli nümayəndəsi olaraq Tahir Budaqov təmsil etdi. Tahir Budaqov YAP sədrinin müavini və Mərkəzi Aparatının rəhbəri olaraq bu cür debatlarda publika qarşısına ilk dəfə çıxırdı. Odur ki, prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsinin çıxışı xüsusi maraq doğururdu.

Tahir Budaqovu şəxsən tanıyıram. Bir neçə tədbirdə çıxışını dinləmiş, davranışlarını müşahidə etmişəm. Təəssüratlarım son dərəcə müsbətdir. Budaqov təcrübəli, kübar, insanlarla xoş ünsiyyət qurmağı bacaran intellektual siyasi xadim, yaxşı təşkilatçıdır. Zənnimcə, dünənki debatın mövzusu olan Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı dolğun çıxış etdi. Geniş təhlil, faktoloji baza və arqumentləşdirmə bacarığı tələb edən bir mövzuda meydan hərəkatının fəal iştirakçıları ilə üz-üzə gəlməyin asan olmadığını nəzərə alanda Tahir Budaqovun hakim partiyanı layiqincə təmsil etdiyini obyektiv bir şəkildə söyləmək mümkündür.

Taleh ŞAHSUVARLI