Avtomobil dərəyə düşdü: ölən var

Nizami rayonunda avtomobil təmir-tikinti işləri aparılan yolda dərəyə düşüb, iki nəfər ölüb




Trend Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatına istinadən xəbər verir ki, martın 11-də gecə Bakı şəhəri, Nizami rayonunda "Toyota" markalı minik avtomobili yolun təmir-tikinti işləri aparılan hissəsində qazılmış dərəyə düşüb.
Nəticədə avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri, Xüsusi Riskli Xilasetmə Xitmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində yanğınsöndürənlər baş vermiş yanğının söndürülməsini başa çatdırdıqdan sonra, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxslərin - şəxsiyyəti məlum olmayan sürücünün və 1 nəfər sərnişinin meyitlərini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:02-də başa çatıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az