Azərbaycan Rusiyaya təcili nota verməlidir – Rəqqasdan tələb

"Uzun dərə"nin ermənilər tərəfindən oğurlandığını bilirəm. Neyləyim, içim yanır. Tək əldən səs çıxmır. Başda dövlət, sonra da Mədəniyyət və Turizm Nazirliyi olmasa heç nə edə bilməyəcəyik".




Bunu AzNews.az-a açıqlamasında əməkdar artist, qocaman rəqqas Kamil Dadaşov deyib. Onun fikrincə bu rəqs Amerika səhnəsində də erməni xalq rəqsi kimi təqdim olunub: "Amerikada bu rəqsi nümayiş etdirirlər. Baxın, paltar bizim, rəqs də mərhum sənətkarımız Əlibaba Məmmədovun. Amma baxın ki, ingilis aparıcısı onu necə təqdim edir. Deyir ki, "Erməni xalq rəqsi - "Uzundərə"". Sonra isə bunu ingilis dilindən rus dilinə tərcümə edirlər".

Onun sözlərinə görə, "Uzundərə" rəqsini ilk olaraq, rəhmətlik Tutu Həmidova oynayıb. T.Həmidova qadınlar arasında ilk əməkdar artist olub: "Uzundərə" bütün SSRİ-nin hər tərəfində nümayiş olunub. Sovetlər məkanında elə bir diyar qalmayıb ki, bu rəqsi orada tanımasınlar.

Həm də hamı bunu Azərbaycan milli rəqsi kimi tanıyır. Rusiya bunu yaxşı bilir. Onlar həmişə ermənilərin tərəfini saxlayır. Bu nə sənlikdi, nə də mənlik. Ancaq dövlət. Dövlət Rusiyaya nota verməlidir ki, sənin aparıcın Azərbaycan milli rəqsini erməni xalq rəqsi kimi təqdim edib. Qoy cavab versinlər".

Qeyd edək ki, Rusiyanın Birinci (ORT) telekanalında yayımlanan "Sağlamlıq" verilişində aparıcı Yelena Malışeva Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" filmində də istifadə olunan Azərbaycanın məşhur milli rəqs havası "Uzundərə"nin erməni mədəniyyətinə aid olduğunu bildirib. Sonra da erməni rəqqas bu mahnının sədaları altında rəqs edib. Həmin fraqmeti təqdim edirik:




Bahar Rüstəmli
AzNews.az