Deputatın qardaşı oğluna ömürlük həbs – Yeni video


"1001 gecə" istirahət mərkəzində ölümlə nəticələnən insidentə görə həbs edilən və hazırda məhkəməsi davam edən deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmova ömürlük həbs cəzası verilə bilər.

Bunu AzNews.az-a açıqlamasında Rəşad Mirələmovun vəkili Kamandar Nəsibov bildirib. Vəkilin sözlərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən proses fevralın 24-ə təxirə salınıb.

Prosesin təxirə salınmasına səbəb zərərçəkən tərəfin nümayəndəsinin vəkilinin qaldırdığı məsələ olub:

"Qarşı tərəf bildirdi ki, hadisənin baş verdiyi "1001 gecə" restoranına gedən yolda çəkilən bəzi videogörüntülər var. Həmin görüntülər təhlil edilməlidir. Əslində həmin görüntülər istintaqda təhlil edilib, ancaq heç nə olmadığına görə maddi sübutlara daxil edilməyib. İndi isə ittiham tərəflərindən biri digərini, yəni prokurorluğu bunda ittiham edir. İttiham tərəfi yenidən bu videogörüntülərə baxmaq istəyir. Buna görə də proses təxirə salındı".

Vəkil ümumilikdə məhkəmə prosesinin uzadılmasından narahatlığını ifadə edib:

"Məhkəmə prosesinin uzanmasına səbəb Rəşad Mirələmovun psixiatriya xəstəxanasından qeydiyyatdan çıxarılması ilə bağlı hazırda davam edən başqa bir məhkəmə prosesinin nəticəsini gözləməkdir. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılan qərarla Rəşad Mirələmova təyin edilmiş tibbi xarakterli məcburi tədbir ləğv edilib.

Hazırda bununla bağlı iş Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır. Bakıda da bu prosesin başa çatmasını gözləyirlər ki, Rəşad Mirələmovla bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 07 iyul 2004-cü il tarixli hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 8 il 2 ay 3 gün müddətini də bu cəzaya əlavə etsinlər. Rəşad Mirələmov psixi xəstəlikdən əziyyət çəkdiyi üçün cəzanın qalan hissəsini çəkməkdən azad edilmişdi.

Lənkəran məhkəməsi isə R. Mirələmovun psixi xəstəlikdən sağaldığını əsas gətirərək, hesab edib ki, ona təyin olunmuş cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Hazırda bu iş appelyasiya mərhələsindədir. İndi isə Bakı Ağır Cinayətlər Məhkəməsi bu məhkəmənin qərarını gözləyir. Mən düşünürəm ki, ona ömürlük həbs cəzası vermək istəyirlər".

Xatırladaq ki, R.Mirələmov 2012-ci il iyulun 17-də "1001 gecə" istirahət mərkəzində daha bir qətl hadisəsi törədib. Ölümlə nəticələnən hadisə ilə bağlı R. Mirələmovun mühakiməsi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

Elnarə
AzNews.az