Əli İnsanova hökm oxundu

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun barəsində 20 aprel 2007-ci il tarixli hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi. Sabiq səhiyyə naziri Əli İnsanov Bakı Apelyasiya Məhkəməsində keçiriləcək məhkəmə zalına girməkdən imtina edib.

Prosesdə qərar oxunub. Hakim Əli İnsanov haqqında 2007-ci ildə çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Əli İnsanov 2005-ci ilin oktyabrında "dövlət çevrilişi" ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bu iş üzrə Avropa Məhkəməsinə verilmiş şikayət bu ilin mart ayında təmin edilib. Məhkəmə hesab edib ki, Əli İnsanova qarşı Konvensiyanın 3-cü maddəsi pozulub, ona işgəncə verilib. Bu işgəncələr ona Bayıl həbsxanasında, 5 saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunub. Əli İnsanov indi də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Avropa İnsan haqları Məhkəməsi hesab edir ki, Əli İnsanov barəsində ədalətsiz məhkəmə keçirilib. Onun müdafiə hüququ və digər prossesual qaydalar pozulub. Bunları əsas götürərək Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb. Heç bir tərəf qərardan Avropa Məhkməsinin Yuxarı Palatasına şikayət etmədiyinə dair qərar 14 iyun 2013-cü ildə qüvvəyə minib.

Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AHİM) sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. Plenumun qərarına əsasən Əli İnsanov barəsində Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib, birinci məhkəmə instansiyanın qərarı isə dəyişdirilməyib və Ə. İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bizim Yol