Azərbaycanlı müğənnini İranda girov götürdülər - ŞOK

Müğənni Sübhi Səid Tehranda girov götürülüb. AzNews.az-ın xəbərinə görə, müğənniyə Tehran xəstəxanalarından birində böyrək köçürülüb. Ancaq tələb olunan məbləği ödəyə bilmədiyinə görə, sənətçini tibb müəssisəsində girov saxlayıblar. Bildirilir ki, o, uzun müddət Rusiyanın bir sıra şəhərlərində, o cümlədən Tümen vilayətində restoran biznesi ilə məşğul olub və bu ölkədəki elitar toyların əsas simalarından hesab edilib.

Amma sonradan Rusiyada ciddi problemlərlə qarşılaşıb və biznesi çöküb. Əldə etdiyimiz məlumata görə, əslən Göyçay rayonundan olan sənətçi "Azəristar" mahnı yarışmasının iştirakçısı Cavid Qafarovla uzun müddətdir dostluq edir.

Elə buna görə də məsələ ilə bağlı Cavid Qafarovla əlaqə saxladıq. Müğənni faktı qismən təsdiqlədi və bildirdi ki, maddi problemlərə görə xəstəxana ilə Sübhi Səid arasında problem yaranıb: "Sadəcə bir balaca anlaşılmazlıq var idi, qaydasına düşdü. Yəni pulla bağlı problem olmuşdu. Mən də dost kimi əlimdən gələni elədim. Hazırda həmin xəstəxanada müalicəsini davam etdirir".

İntiqam Valehoğlu
AzNews.az