“Ən az tanıdığımız Azərbaycan millisidir“

Sloveniyanın 19 yaşadək qızlardan ibarət milli komandasının baş məşqçisi Petra Mikelnin müsahibəsi



Apasport.az saytının məlumatına görə, xanım mütəxəssis Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan, İsveç və Rusiya ilə birlikdə mübarizə apardıqları qrup haqda danışıb.

- Seçmə mərhələdən nə gözləyirsiniz?

- Böyük, amma mümkün olan hədəflərimiz var. Uzun illər çox sayda oyunlar keçirmişik. Matçdan-matça nə isə öyrənib təkmilləşmişik. Azərbaycan, İsveç və Rusiya ilə birlikdə yer aldığımız qrup kifayət qədər çətindir. Lakin təcrübə göstərir ki, onlardan hər birisini uda da bilərik, uduza da.

- Komanda yarışa nə dərəcədə hazırdır?

- Bütün qızlar əvvəllər də seçmə mərhələlərdə oynayıblar. Beynəlxalq təcrübələri var. Əla hazırlaşmışıq. Ən əsası zədəli oyunçularımız, itkilərimiz yoxdur.

- Hansı üstünlüyünüzə güvənirsiniz?

- Müdafiədəki nizam-intizam və rəqibləri yaxşı tanımaq. Biz hər 3 rəqibin oyunlarını izləyib təhlil etmişik.

- Rəqiblər haqda nə bilirsiniz?

- Çox ağır qrupdayıq. İsveç son Avropa çempionudur. Rusiyalılar isə daim 2-ci mərhələyə adlayırlar. Azərbaycan millisi isə az əvvəl başa çatan 17 yaşadək qızlar arasında dünya çempionatında iştirak edib. Amma ən az tanıdığımız da onlardır. Azərbaycan yığması naməlum komandadır. Rusiya və İsveçlə isə əvvəllər də oynamışıq.

- Qrupun favoriti kimi görürsünüz?

- Əlbəttə ki, İsveç şübhəsiz favoritdir. Onlar qadın futbolunda nəhənglərdən sayılır. Amma biz də sürpriz etməyə qadirik.

AzNews.az