“Traktorsazi” Futbol Klubu Cənubi Azərbaycanın simvoluna çevrilib. “Traktorsazi” Futbol Klubu Cənubi Azərbaycanın simvoluna çevrilib.

“Azərbaycan yurdumuz, Tiraxdur boz qurdumuz”

“Traktorsazi” Futbol Klubu Cənubi Azərbaycanın simvoluna çevrilib.

Cənubi Azərbaycanın mərkəzi Təbrizdə yerli traktor zavodunun dəstəyi ilə 1970-ci ildə “Traktorsazi” Futbol Komandası yaradılıb. Addım-addım inkişaf edən bu klub 1990-cı illərdə İranın ən məhsuldar və azarkeşiı olan komandasına çevrildi. Əslən rumın Vasili Qocanın baş məşqçiliyi “Traktorsazi”nin ölkə futbol çempionatının yüksək liqasına qalxmasına səbəb oldu. Avropanın nüfuzlu idman qəzetlərində “Traktorsazi”ni “İranın ən coşqulu azarkeşi olan futbol klubu” kimi dəyərləndirdilər.

Türkiyə KİV-ləri isə ““dünyada ən çox tərəfdarı olan türk komandası” kimi təqdim etdilər. “Traktorsazi”ni həm də dünya futblonunun bayraqdarı “Barselona” futbol klubunun azarkeşləri ilə müqayisə olunur və onu “Asiyanın Barselonası” adlandırırlar.

Təbrizdə futbol sadəcə idman növü deyil

1925-ci ildə xarici dövlətlərin siyasi, hərbi və maliyyə dəstəyi ilə hakimiyyətə gətirilən Rza Pəhləvi az sonra özünü şah elan etdi. Bunun ardınca ölkədə yaşayan azərbaycanlıların milli kimliyinin inkarı siyasəti dövlətin aparıcı hədəfi kimi gündəmə gətirildi. Bu siyasət daha sonra, onun oğlu Məhəmmədrza Pəhləvinin hakimiyyəti zamaəında da davam etdirildi. 57 illik Pəhləvilər xanədanlığının dövründə hətta azərbaycanlılara rəsmi dairələrdə “türkə xər” (eşşək türklər) və başqa aşağılayıcı ayamalar da qoşulmuşdu. 1978-ci il fevral ayında Pəhləvilərin zülmünə qarşı bütün İran xalqları, xüsusilə də Cənubi Azərbaycan ayağa qalxdı. Nəticədə dini baxımdan üstünlüyü ələ alan çevrələr az sonra “İran İslam Respublikası”nı elan etdilər.

“Bütün dünya müsəlmanları qardaş və bacıdırlar”, “İslam millət deyil, ümmət tanıyır” tipli şüarlar pəhləvilər rejiminin fəsadlarının aradan qaldırılması məsələsində bütün xalqlara böyük ümidlər verdi. Aradan 40 il ötməsinə baxmayaraq, “İran İslam Respublikası”nı idarə edən molla rejimi pəhləvilərin yürütdüyü “paniranizm” və “panfarsizm” ideyasından uzaqlaşmadılar. Çünki “iranilik” kimliyi məsələsində din pərdəsi altında digər xalqların assimilyasiya olunması siyasəti rejimin ideoloji hədəflərindən biridir. İslam bayrağı altında bəsmələni(“bismillahi rəhmani rahim ”-Rəhimli, rəhamn Allahın adıyla) belə farslaşdırıb- “be name xoda” etdilər.

Belə faktların sayı minlərcədir. Bəs nədən Cənubi Azərbaycanda “Traksotsazi” futbol klubu ümummilli hədəfə çevrilib? Bu sualın cavabı belədir: Cənubi Azərbaycana ögey münasibət sadəcə milli amillə bağlı deyil. Cənubi Azərbaycan sosial-iqtisadi baxımdan İran dövlətinin ən çox geridə qalmış bölgəsi hesab olunur. Cənubi Azərbaycanın təbii sərvətlərinin gecə-gündüz talan edilərək farslara məxsus bölgələrdəki iri sənaye müəssisələrində istehsal olunaraq həmin məhsulların dəyərindən baha qiymətə Cənubi Azərnbaycanda satılması acı gerçəklikdir. İranda ən çox dəhşət saçan ekoloji problemlər məhz Cənubi Azərbaycan ərazilərində mövcuddur. Zəncandakı qurğuşun zavodunun müasir standartlara cavab verməməsi ucbatından burada insanlar müxtəlif xəstəliklərə düçar olurlar. Dövlət isə heç nə olmamış kimi məsuliyyət hiss etmir. Etiraz edən insanları isə, “cəsus”, “islam rejiminin düşməni” və sair adlar altında həbsxanalara salırlar. Urmu gölünün süni şəkildə qurudulması nəticəsində Urmu vilayətinin əkin sahələri, tarla və meşələri tamamilə quruyub, eyni zamanda şoranlaşma sürətlə davam etməkdədir. Hətta bölgənin kəndlərində içməli su quyuları belə şoranlaşıb. Fauna və flora tamamilə sıradan çıxıb. Kütləvi işsizlik ucbatından minlərlə kəndlərin boşalması müşahidə olunur.

Bu haqsızlıqlara etiraz edən əhalini hakimiyyət “irqçilik”də və “pantürkizm”də ittiham edərək həbsxanalara salır,onlara işgəncələr verir.
İraq və Suriyadan gələn kürd terrorçularının vilayətin ərazisində məskunlaşdırılması yerli demoqrafik duruma, eləcə də iqtisadi və maliyyə sektoruna da çox ciddi zərbələr vurur. Belə ki, Tehran rejimi Urmu vilayətində ancaq mənşəcə kürd olanlara istənilən miqyasda maliyyə dəstəyini verir. Cənubi Azərbaycanın Ərdəbil, Savə, Həmədan, Qəzvin, Qaradağ və digər vilayətlərində də bu acı həqiqətlər günün mənzərəsdir. Təbii olaraq azərbaycanlılar da öz sözlərini demək üçün tribuna axtarışına çıxdılar. Bu, 70 minlik tamaşaçı tutumu olan məşhur “Səhənd Stadionu” və “Traktorsazi” komandasının zəfərləri ilə bağlıdır.

“Azərbaycan var olsun, istəməyən xar olsun!..”

Bu növ şüarlar artıq Cənubi Azərbaycanda açıq şəkildə və heç nədən çəkinmədən ifadə olunur. Çünki, gərilmiş bir xalqın özünün etiraz etmək hüququndan istifadə etməsi həm də təbii bir proses deməkdir.

“Yel yatar, tufan yatar, yatmaz Traktor bayrağı!”

“Azərbaycan yurdumuz, Traktror boz qurdumuz!”

“Yaşasın Azərbaycan!”

“Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”

“Bakı-Təbriz-Ankara, biz hara farslar hara!”

Bu növ şüarlar sadəcə Təbrizdə səsləndirilmir. “Traktorsazi” klubu ölkə çemiponatında hansı şəhərdə oynayırsa, azarkeş qismində Cənubi Azərbaycanlı soydaşlarımız da orada yaşadıqları bölgənin sosial-iqtisadi, mədəni, təhsil və digər sahələrdə mövcud problemləri dünyaya eşitdirməyə çalışırlar. Ona görə ki, dəfələrlə Cənubi Azərbaycanın problemləri müxtəlif səviyyələrdə qaldırılsa da, hər dəfə Tehran rejimi heç nə olmamış kimi gözlərini qapamışdır. Ana dilində mətbuatın olmaması, təhsil almaq üçün qoyulan qadağalar, mədəniyyət mərkəzlərinin fəaliyyətinə görə yaradılan yasaqlar və digər amillər təbii olaraq, Cənubi Azərbaycandakı soydaşlarımızın öz fikirlərini tam sərbəst şəkildə ifadə etmələri üçün “Traktorsazi”dən başqa tribuna görmürlər. Azarkeşlər üçün fərqi yoxdur, “Traktorsazi” hansı klubla görüşür. Başlıca məqsəd Cənubi Azərbaycana qarşı 93 ildir aparılan assimilyasiya siyasətinin və Cənubi Azərbaycanın milli kimliyinin inkarının qarşısının alınmasıdır.

“Traktorsazi” komandasının Cənubi Azərbaycanda nüfuzunun artması İrandakı və eləcə də xaricdəki “paniranizm” tərəfdarlarının narahatlığına səbəb olub. 2010-cu ildə klubun sahibi Nasir Şəfəqi KİV-lərə açıqlamasında: “Traktorsazinin rəsmi qeydiyyatdan keçmiş 482 min azarkeşi var” sözü bomba kimi partladı. Çünki klubun tərəfdarlarının getdikcə çoxalması rejimin başağrısına çevrilməsinə səbəb olmuşdu. Əslən Xoy şəhərindən olan Nasir Şəfəqinin zorla əlindən alınan klub Tehran rejiminin hərbi gücü sayılan “SEPAH”a (İslam İnqilabının Keşikçiləri Korpusu) tapşırıldı. Çünki klubun tərəfdarlarının sayının yüz minləri ötməsi, “Traktorsazi”nin oyun zamanı qələbə çalmasının və ya məğlub olmasının fərqinə varmadan futbol azarkeşlərinin milli hədəflərə hesablanmış şüarlar səsləndirməsi Tehran rejimini rahatsız edir. Mühafizəkar hərbçilər isə “irani kimlik”, “paniranizm” və “panfarsizm” ideyasının xəstəsi olduqları üçün mümkün qədər klubu zəiflətmək siyasətini yürütməyə çalışdılar.

“Traktorsazi”nin azarkeşlərinin digər şəhərlərdə keçirilən oyunlara getməsi hüquq-mühafizə orqanlarına əlavə problemlər yaradıb. Xüsusilə Tehranın “Persepolis” və “İstiqlal” komandaları ilə oyunları rejim ən böyük başağrısı sayılır. Hətta bu oyunların keçirildiyi Tehrandakı 100 min nəfər tamaşaçı tutan “Azadi” stadionunun yarıdan çoxu “Traktorsazi” tərəfdarları ilə dolu olur. Oyunun sonu isə hər dəfə kütləvi dava ilə bitir. “Traktorsazi”nin əleyhinə səsləndirilən irqçi şüarlara tərəfdarlar tərəfindən verilən sərt cavablar komanda ətrafındakı həssaslığı daha da artırır. Dövlət televiziyası isə oyun zamanı səsləndirilən şüarların məqamında səssiz efirə verir. “Traktorsazi” dəfələrlə azarkeşlərinin rəftarına görə cəzalandırılmış və hətta oyunlar tamaşaçısız keçirilmişdir.

İranda qadınların stadiona girişi yasaqdır. Bəzən qadınlar kişi paltarı geyərək stadiona daxil olurlar. Lakin “Traktorsazi”nin qadın azarkeşləri bu tələbə riayət edərək, stadiona getmirlər. “Səhənd” stadionunda keçirilən oyunları ətrafdakı təpələrdən izləyirlər. Bu təcrübənin adət halını alacağından qorxan rejimin xüsusi cəza dəstələri qadınları təpələrdən uzaqlaşdırması dəfələrlə kütləvi iğtişaşlarla nəticələnmişdir. Minlərlə qadın azarkeş həbs olunmuşdur. Son illər bu faşizm düşərgəsində olduğu kimi təpələr tikanlı məftillə hasara alınmışdır.

Cənubi Azərbaycanda müstəqil Azərbaycan dövlətinə xalq sevgisi

“Traktorsazi” komandasının tərəfdarları Azərbaycan Respublikasının uğurlarına sevinir, ölkəmizin problemlərini özlərinə problem hesab edirlər. Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğalına etiraz əlaməti olaraq “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirirlər. Hətta oyunlar Qarabağla bağlı xüsusi günlərə təsadüf edərsə, Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsi xüsusi olaraq anılır və şüarlar səsləndirilir. “Traktorsazi”nin azarkeşləri 2016-cı il aprel ayının əvvəlindəki dörd günlük döyüşlərdən sonra keçirilən ilk oyunda Azərbaycan Respublikası əsgərinin şücaətindən ruhlanaraq

“Sən çağırsan gələrəm mən, Sən Yaşa Azərbaycan!

Eybi yoxdur ölərəm mən, Sən Yaşa Azərbaycan!

Mən bilirəm Vətənimsən, Sən Yaşa Azərbaycan"

şüarlarını səsləndiriblər. Demək olar ki, bu şüar müxtəlif oyunlarda da təkrarlanır. Komandanın azarkeşləri son illərdə İran hökumətinin biganəliyi səbəbindən Urmu Gölünün qurumasına etiraz edir və

“Urmu gölü səslənir, susuzam, haray, haray!”,

“Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!”

kimi şüarlar səsləndirirlər. Məqsədli şəkildə adıçəkilən klubu zəiflədərək dağıtmaq siyasətinin əks effekt verdiyini görən Tehran rejimi 2017-ci ilin sonunda “Traktorsazi”ni hakim dairələrə yaxınlığı ilə tanınan təbrizli iş adamı Məhəmmədrza Zunuzi Mütləqə satdılar. Klubun yeni sahibi “yeni məşqçi və oyunçu cəlb edəcəyik və komandanın tərəfdarlarına yeni-yeni qələbələr sevinci yaşadacağıq” sözləri ilə fəaliyyətə başlasa da süni olaraq yaradılan çətinliklər müşahidə olundu. Klubun yeni sahibi baş məşqçi kimi Türkiyə futbolunun canlı əfsanəsi, “Beşiktaş” klubunda uzun illər oynamış Ərtoğrul Sağlam və Con Toşakla bağladığı anlaşmalara sonradan Tehran rejiminin təzyiqi ilə xitam verilmişdir.

25 noyabr 2018-ci ildə Tehranın “Azadi” stadionunda “Persepolis” - “Traktorsazi” komandalarının oyunu çox böyük qalmaqala səbəb oldu. “Persepolis” tərəfdarları oyundan qabaq sosial şəbəkələrdə xəbərdaredici video bildirişlər yayaraq ölkənin rəsmi dilindən başqa qeyri-dildə şüarlar səsləndirildiyi təqdirdə əks şüarlar səsləndirəcəklərini və “Artsax” plakatı qaldıracaqlarını ifadə etmişlər. “Traktorsazi” tərəfdarları Azərbaycan dilində və “Qarabağ bizimdir, bizim olacaq” şüarının əleyhinə azərbaycanlıları təhqir edən fikirlər səsləndirmiş və fars dilində “Artsax” yazılmış plakat qaldırmışlar. Rejimin mühafizəkar hərbi dairələrə yaxınlığı ilə tanınan sosial şəbəkələrdə yayılmış videoların birində “Persepolis” tərəfdarı formasında olan şəxs qəliz ləhcə ilə Azərbaycan dilində söyləyir ki, “biz Persepolisin azəri tərəfdarları stadiona gedəcəyik. pantürkçülərə cavab olaraq biz Qarabağın sözünün əvəzinə “Artsax" səsləndirəcəyik. Erməni “Artsax erməni!” söyləyəcəyik”.

Cənublu millət vəkillərinin etiraz dalğası

İran molla rejiminin əsas dayağı olan “İslam Şurası Məclisi”nin üzvü olan azərbaycanlı nümayəndələr də “Traktorsazi” komandasına, eləcə də Qarabağ məsələsində farsların tutduqları sərt mövqeləri sərt şəkildə tənqid etmişlər. İran parlamentində Urmu vilayətini təmsil edən millət vəkili Seyid Hadi Bahaduri bildirmişdir: “Qanuna görə ölkənin Baş prokuroru azərbaycanlıları təhqir edənləri cəzalandırmalıdır. Stadionda təhqirə yol veriləcəyi təqdirdə oyunun dayandırılacağı əvvəlcədən elan olunsa da, buna əməl edilmədi”.

Urmu şəhərindən seçilmiş digər millət vəkili Ruhullah Həzrətpur bildirmişdir: “Ölkənin Futbol Federasiyası bu məsələ ilə bağlı tədbir görməlidir. Qarabağ islam dünyasının ayrılmaz bir hissəsidir. Bu kimi hərəkətlər cahilliyin göstəricisidir və insan hüquqlarına ziddir. Biz bu məsələni diqqətdə saxlayacağıq”.

Təbrizdən seçilmiş millət vəkili Şahabəddin Bimeğdar bildirmişdir: “Bu kimi hərəkətlər beynəlxalq aləmdə qəbuledilməzdir. Məsələni İslam Şurası Məclisində qaldıracağam və ölkənin gənclər və idman nazirinə xəbərdarlıq edəcəyəm”.

Mərənddən seçilmiş millət vəkili Məhəmməd Həsənnejad “Twitter”də yaydığı paylaşımda yazmışdır: “Əgər bu gün ermənilərin Qarabağı işğal etməsinə göz yumsaq, sabah yəhudilərin Fələstində, xristianların Bosniya və Herseqovinada və buddistlərin Cənub-Şərqi Asiyada müsəlmanlara hökmranlıq edəcəyini gözləməliyik”.

Ərdəbilli millət vəkili Hemayat Mirzadə bildirmişdir: “Azərbaycanlılar onlara qarşı edilən təhqirlərə necə cavab verəcəklərini yaxşı bilirlər. Biz lazımi yerlərə etirazımızı bildirəcəyik. Əgər məsul şəxslər bu məsələ ilə bağlı dərhal ölçü götürsə, belə hadisələr təkrarlanmayacaq. Aidiyyəti qurumların nəzarətinə baxmayaraq, bəzən belə hadisələrin qarşısını almaq olmur. Bir kiçik qrup nəsə etməyə çalışır, digərləri isə onu təkrarlayır. Lakin belə hərəkətlər qəbuledilməzdir. Qarabağ sözünün mənası açıq-aşkar məlumdur. Gec və ya tez Azərbaycan xalqı doğma torpaqlarında-Qarabağda yaşayacaq. Ermənilər özləri də bilirlər ki, Azərbaycanın haqqını tapdalayıblar, Qarabağı işğal ediblər. Tərəfdarların bir qismi üzərində “Artsax” yazılmış plakat qaldıraraq, ixtilaf yaratmaq məqsədi ilə bu addımı atmışlar. Persepolis tərəfdarlarının bu addımı farsdilli və Tehran sakinlərinin münasibəti deyil. Azərbaycan bütün İran deməkdir. İranın Azərbaycansız heç bir mənası yoxdur. Traktorsazi tərəfdarlarının stadionda əxlaqlı və səbrli davranışı Azərbaycan xalqı üçün fəxrdir”.

Ə.Yusifoğlu
AzNews.az