İctimai Şuralarda “karusel”: VC-nin üzünü qızardan faktlar- ARAŞDIRMA

QANUN SƏHİYYƏ NAZİRLİYİNİN NEŞTƏRİNƏ DƏ DEYİL?!.

Ölkədə qızılca xəstəliyinin yayılması barədə mediada çox sayda xəbər yer alır. Vəfat edənlər də var. Qızılca kəskin yoluxucu virus nəticəsində əmələ gəldiyindən və 1-5 yaşlı uşaqlar arasında daha çox yayılma riski olduğundan uzun müddət yoxa çıxmış bu azarın yenidən peyda olması cəmiyyətimizdə haqlı narahatlıq doğurur. Dövlət qurumları bu narahatlığa son qoymaq üçün tədbirlər görür, açıqlamalar verir. Ancaq yenə də suallar qalır və bu suallar istər-istəməz diqqəti Səhiyyə Nazirliyi yanında İctimai Şuraya yönəldir. Axı “İctimai iştirakçılıq haqqında” qanuna görə, dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşları və vətəndaş cəmiyyət institutlarını təmsil etmək məhz İctimai Şuralara həvalə edilib. Amma nədənsə Səhiyyə Nazirliyi yanında İctimai Şuradan səs-səmir çıxmır. Qanuna görə, İctimai Şuranın fəaliyyəti ilə bağlı xəbərlərini yaymağa mükəlləf olan nazirliyin rəsmi saytında isə, nəinki yanındakı orqanın toplantıları, hətta varlığı barədə heç bir məlumata rast gəlinmir. Səhiyyə Nazirliyinin internet səhifəsində yer alan məlumatlardan bəlli olur ki, nə zamansa, daha dəqiq desək, 2019-21-ci illərdə bu mərkəzi icra hakimiyyəti orqanın yanında İctimai Şura mövcud olub. Bəs, sonra? Şoka düşməyin! “Nuh əyyamında” Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlərindən aldığımız cavaba görə, iki illik səlahiyyət müddəti başa çatdıqdan sonra həmin nazirlik yeni İctimai Şura formalaşdırmayıb. Kəsəsi, Səhiyyə Nazirliyi yanında iki ildir ki heç bir İctimai Şura fəaliyyət göstərmir və bununla da həmin nazirlik Azərbaycan Respublikasının Konstitusiyasını, “İctimai iştirakçılıq haqqında” qanunu, Prezidentin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanını, həmin fərmana uyğun olaraq “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını, yumşaq desək, kobudca pozur.

Nazirlər Kabinetinin təsdiq etdiyi adı çəkilən əsasnamənin 2.2 bəndində deyilir:

“İctimai şuralara seçkilərin təşkili həmin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir”

Ancaq nədənsə bu hüquqi normativ aktlar Səhiyyə Nazirliyinin rəhbərliyinin ya yadına düşməyib, ya da əlahəzrətlər belə qərara gəliblər ki, qanun da, ictimai iştirakçılıq da boş söhbətdir. Bununla da Səhiyyə Nazirliyi nümayiş etdirib ki:

- vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi;

- mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi;

- mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili;

- mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması;

- dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması;

- əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi qanunla müəyyən edilmiş məqsədlər onların heç neştərinə də deyil.

ETSN YANINDA “ÖLÜ” İCTİMAİ ŞURA

Fəqət bu sahədə yeganə problem təkcə Səhiyyə Nazirliyi yanında İctimai Şuranın olmaması ilə bağlı deyil. Səhiyyə Nazirliyindən fərqli olaraq, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura var. Özü də bu Şuranın nə az, nə çox, düz 15 nəfər üzvü var. Yəni, ETSN-nin fəalliyət sferası geniş olduğundan, İŞ üzvlərinin sayı Əsasnamənin imkan verdiyi maksimum həddə müəyyən edilib. Di gəl, səlahiyyət müddəti bitmək üzrə olan bu 15 nəfərlik heyətin iki ildə nə iş gördüyünü Google belə üzə çıxara bilmir. “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyinin namizədi kimi İŞ-a seçilmiş Məmmədov Amin Fəramiz oğlunun sədr (yeri gəlmişkən o, AQTA-da başqa təşkilatın nümayəndəsi kimi İŞ üzvüdür), “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin nümayəndəsi Qəribova Nərminə Şərif qızının sədr müavini, “Gənclərin Töhfəsi” İctimai Birliyinin ictimai sektora töhfəsi, ali təhsili olub-olmaması bilinməyən Hüseynova Məhsəti Əli qızının sədr müavini olduğu bu Şuranın fəaliyyəti barədə nə nazirliyin saytında, nə də digər internet resurslarında gözdən pərdə asmaq üçün çəkilmiş bircə şəkil var. “İctimai iştirakçılıq haqqında” qanunun 7.3.3 bəndinə əsasən, öz fəaliyyətinə dair illik hesabat hazırlamaq və dərc etdirmək İctimai Şuraların əsas vəzifəsidir. Gədəbəyin Söyüdlü kəndində ekoloji problemlər bəhanə edilməklə çıxarılan məlum olaylar zamanı qeybə çəkilən, öz hüquq və vəzifələri çərçivəsində dövlətin və cəmiyyətin maraqlarını müdafiə etməyən, ictimai rəy qarşısına çıxmayan ETSN yanında İŞ rəhbərliyi qanunun hesabatlılıqla bağlı tələblərini kobudcasına pozduqları üçün İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıdıqlarını unudub yeni seçkiyə hazırlaşırlar.

ƏƏSMN NÜMUNƏSİ

Ədalət naminə qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinin pozulmasına görə məsuliyyət daşımalı olan təkcə sözügedən İctimai Şura deyil. İctimai Şuraların fəaliyyətinə informasiya dəstəyi vermək üçün yaradılmış İctimaiShura.az saytında “Hesabat” bölməsi mövcuddur. Ölkədəki İctimai Şuralar bu sayt və bölmə vasitəsi ilə öz hesabatlarını cəmiyyətə təqdim edə bilərlər. Lakin həmin imkandan cəmi bir neçə İŞ yararlanıb. Bunlar DİN, Gənclər və İdman Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzdə Dövlət Komitəsi, Minatəmizləmə Agentliyi, Mingəçevir şəhər İcra Hakimiyyəti yanındakı İŞ-lardır. Həmin saytın xəbərlər bölməsinə nəzər saldıqda, Daxili İşlər, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Energetika nazirlikləri, “Qaçqınkom”, AQUPDK, DMX yanındakı İŞ-ların fəaliyyəti barədə məlumatlara rast gəlmək mümkündür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındakı İctimai Şuranın fəaliyyəti ilə bağlı məlumatları cəmiyyət üçün tam əlçatan edib. Şuranın tərkibinə nəzər saldıqda dərhal bəlli olur ki, burada vətəndaş cəmiyyətinin müvafiq sahədə təcrübəsi olan isimləri cəmləşib. İŞ üzvləri nazirliyin fəaliyyət istiqamətinə uyğun sahələrdə ixtisaslaşmış VC təşkilatlarını təmsil edirlər.

“DİNİ QURUMLAR”DA İŞ ALLAHIN ÜMİDİNƏ QALIB!

Çox təəssüflər olsun ki, eyni sözü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni seçilmiş tərkibi haqqında söyləmək mümkün deyil. Əgər əvvəllər bu qurum yanındakı İctimai Şurada ixtisaslaşmış təşkilatların bir neçə nümayəndəsi təmsil olunurdusa, son seçki Nəriman Qasımoğlu, Vasif Sadiqlı kimi ilahiyyatçıları, konfessiyalarla işləmək təcrübəsi olan vətəndaş cəmiyyəti nümayəndələri də qıraqda qoyub. Ümumiyyətlə, “Ortaq dəyərlər” İB-nin sədri Aqil Camal istisna olmaqla, bu qurumda Komitənin fəaliyyətinə uyğun sahədə ixtisaslaşmış heç bir QHT yoxdur. Yeni tərkibdə təmsil olunan 9 nəfərdən 4-ü gənclər təşkilatlarının, biri isə davamlı turizmi təşviq edən QHT-nin nümayəndəsidir.

2 QHT ADINDAN ƏN AZI 5 YERDƏ!

Maraqlıdır ki, bu quruma seçkilərdə ən çox səs alan Məhsəti Əli qızı Hüseynovadır. VCT-nın 52 nümayəndəsinin səsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İŞ üzvü seçilən bu xanım bu dəfə “Gənc Diplomatların Peşəkarlığının İnkişafına dəstək” İctimai Birliyinin icraçı direktoru kimi qatılıb. Halbuki noyabrın 27-də həmin xanım Dövlət Gömrük Xidməti yanında da İctimai Şuraya üzv seçilib və orada “Gənclərin töhfəsi” adlı QHT-nin nümayəndəsi- ETSN-də olduğu kimi- kimi qeydə alınıb. Daxili İşlər Nazirlyi yanında İctimai Şuraya bu yay keçirilən seçkilərdə onun namizədliyini isə, bir daha “Gənc Diplomatların Peşəkarlığının İnkişafına dəstək” İctimai Birliyi irəli sürüb. Bu ilin yayında Dövlət Miqrasiya Xidməti yanında İŞ-a keçirilən seçkilərdə Məhsəti Əli qızı Hüseynova daha bir kərə “Gənclərin töhfəsi” kimi irəli çıxıb.

https://mia.gov.az/az/menu/30015/

https://customs.gov.az/az/faydali/xeberler/3749

https://www.migration.gov.az/az/news_detail/16000

https://scwra.gov.az/az/view/news/11967/dqidk-yaninda-ictimai-shuraya-sechkiler-kechirilib

https://eco.gov.az/index.php?ln=az&pg=640

Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamənin 1.2 bəndinə görə, mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan İctimai Şuralara “müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik” şəxslər seçilə bilər. İndi sual meydana çıxır: eyni şəxs ən azı 5 müxtəlif mərkəzi icra hakimiyyəti orqanı yanında İŞ-da təmsil olunursa, müvafiq komissiyalar onun namizədliyini hansı universal diplom və ya əmək stajı müqabilində təsdiq edirlər?

İŞ SEÇKİLƏRİ, YOXSA XALA-BİBİ YIĞINCAĞI?

Nazirlər kabinetinin təsdiq etdiyi Əsasnamənin 2.11.4 bəndinə görə, mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər) tələb olunmalıdır.

Vətəndaş cəmiyyəti kadr baxımdan bu qədərmi kasaddır və ya “ortaq ağlı”nı bu qədər itiribmi ki, ümumi yığıncaqlarda sözün əsl mənasında bazar açaraq, hətta bəzən saçyoldusuna çıxaraq İŞ-lara heç bir sahədə doğru-dürüst uğur qazana bilməyənləri sırıyır? Həqiqətən maraqlıdır: eyni QHT-nin eyni nümayəndəsi necə ola bilər ki, iki fərqli İctimai Şuraya iki fərqli soyadla üzv seçilir?

İŞ-lara “seçki prosesi”nə yaxşı bələd olan abırlı VCT nümayəndələri deyir ki, ölkədə keçirilən bütün ümumi yığıncaqların aqibətini “karusel” həll edir. Bu “karusel”i isə aşağı-yuxarı eyni adamlar- kim daha çox İŞ-da üzv olacaq yarışına çıxanlar yaradır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi “İctimai iştirakçılıq haqqında” qanunun şəffaflıq prinsipinə əməl edərək İŞ seçkilərində seçici kimi iştirak edən VCT təmsilçilərinin siyahısını açıqlayıb. Bu siyahıdakıların yarıdan çoxu nəinki adlarının qabağındakı QHT-lərin qanuni təmsilçiləridir, hətta vətəndaş cəmiyyətindən tam bixəbər qonum-qonşu, xalaqızı, bibioğludurlar. Eyni “karusel” DGK yanındalı İŞ seçkilərinin də aqibətini həll edib, indi ETSN-də bazar açmağa hazırlaşır. Həmçinin “karusel”ə regional QHT-lərin möhürü- qanuni təmsilçiləri yox, məhz möhürləri!- də cəlb olunur ki, bu da “İctimai birliklər haqqında” qanunun 6-cı maddəsinə tamamilə ziddir. Həmin maddədə deyilir:

6.1. Qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasında ümumazərbaycan, regional və yerli statusla təsis oluna və fəaliyyət göstərə bilərlər. Qeyri-hökumət təşkilatının fəaliyyət ərazisi təşkilat tərəfindən müstəqil müəyyən olunur.

6.2. Ümumazərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. Regional qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının iki və ya artıq inzibati ərazi vahidini əhatə etməlidir. Yerli qeyri-hökumət təşkilatları bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət göstərirlər.

SORĞU NƏYİ GÖSTƏRMİŞDİ?

Ötən il “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyevanın rəhbərliyi ilə İctimai Şuralara keçirilən seçkilərlə bağlı sorğu keçirilib. Hədəf qrup İŞ-lara namizədlər olub. Sorğuda üzə çıxan bəzi nüansları bu araşdırmanın məntiqi yekunu kimi xatırlatmaqda yarar var:

  • İctimai şuralara keçirilən seçkilərdə ciddi qaydalar yaradılmalıdır. Xüsusən bir qrup QHT-lərin inhisarçı-lobbiçilik fəaliyyəti və müvafiq qurumun iş üzvlərinin özünə yaxın insanlardan formalaşmasını istəməsi olduqca zərərlidir.
  • Qaydalar dəyişdirilməlidir. Sahə üzrə seçici və namizədlər həmin sahəyə aid olan insanlar olmalıdır.
  • İctimai şuralara seçkilər zamanı səsvermədə iştirak edən şəxslərin namizədin dost-tanışı və ya qohum əqrəbası deyil, sırf vətəndaş cəmiyyətində təmsil olunan şəxslərin olmasına diqqət verilməlidir.
  • Bir şəxs yalnız bir Şurada təmsil olunsa yaxşı olar.
  • Bir çox İŞ-lər fəaliyyətlərinə dair hesabatı hazırlamır və ictimaiyyətə çatdırmırlar.

TƏKLİF

İctimai Şuralar bu gedişatla ictimai etimad qurumları kimi formalaşa bilməyəcəklər. Odur ki, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Artıq bu təkliflərin sistemləşdirilməsi və parlamentə təqdim olunması barədə məlumatlar yayılır. Zənnimizcə, qanunvericilik təkmilləşdirilərkən İctimai Şuraların formalaşmasına və fəaliyyətinə nəzarət QHT-lərə Dövlət Dəstəyi Agentliyinə həvalə edilməlidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs statusunda ictimai əhəmiyyətli fəaliyyət göstərdiyindən və nizamnamə məqsədi dövlət və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi olduğundan vətəndaş iştirakçılığı institutu ilə funksional olaraq bağlıdır. Eyni zamanda, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İctimai Şuralarla iş üzrə xüsusi departament yaratması məqsədə uyğun görünür.

SOSİAL İNFORMASİYA AGENTLİYİNİN ARAŞDIRMA QRUPU