Azərbaycan-Ermənistan yaxınlaşması: Tarixə əsaslanan model, yoxsa yüksək ehtimal? - Samir Feyruzov yazır

Bu gün Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika əvvəlki mərhələlərlə müqayisədə tamamilə fərqli əlamət kimi çıxış edir. Ermənistan parlamentinin sədri Alen Simonyanın “Ermənistanın təhlükəsizliyinin qarantı Azərbaycandır, Azərbaycanın ən böyük qarantı isə Ermənistandır” fikri səthi tezis deyil. Nəzərə almaq lazımdır ki, bir neçə ildir Cənubi Qafqaz “kənar region” statusundan çıxıb və qlobal enerji, loqistika və təhlükəsizlik sisteminin mərkəzlərindən birinə çevrilir. Cənubi Qafqaz ölkələrinin hər biri ayrı-ayrılıqda “məhdud keçid nöqtələri” kimi diqqət çəkmir və qlobal sistemin elementi rolunda çıxış edir. Bu, Azərbaycan üçün də real imkanlar deməkdir, amma risklər də böyükdür.

Son 5 il ərazində ölkələr arasında sürətlə ittifaqlar yaranır və bu ittifaqlar sürətlə də yenilənir, dəyişir. Hazırda Azərbaycan, Ermənistan və Gürcüstan arasında “Qafqaz üçlüyü”nün formalaşması və bu üç ölkənin əhəmiyyətli yaxınlaşması müşahidə olunur. Nəticə digər situativ ittifaqlardan fərqli ola da bilər, olmaya da.

Məsələ bundadır ki, vaxtilə, 1917-ci il oktyabr inqilabından sonra əsasən azərbaycanlıların, gürcülərin və ermənilərin təşəbbüsü ilə Zaqafqaziya Seymi yaradıldı, daxili ziddiyyətlər səbəbindən ittifaq qısa müddət sonra dağılsa da, bu üç xalq regionda vahid siyasi model qurmaq ənənəsini yaratmış oldu - azərbaycanlılar da, gürcülər də, ermənilər də özlərinə dövlət qurdular. Çar Rusiyasının dağılmasından sonra yaranan tarixi şəraitdən istifadə edə bilmişdilər. Daha sonra bu üç xalqın taleyi 70 il Sovet İttifaqı ilə bağlı oldu. Sovet İttifaqı dağılan ərəfədə isə yeni tarixi şərait formalaşdı və bu üç xalq yenidən müstəqillik əldə etdi.

Heç şübhəsiz ki, on illər boyu eyni taleyi yaşayan xalqların bir-birinə qarşı təcavüzü mənəvi, tarixi və hüquqi baxımdan ağır cinayət hesab oluna bilərdi. Amma Ermənistan bu cinayətə yol verdi, Azərbaycan torpaqlarını işğal etdi, lakin 30 il sonra güc yolu ilə işğal etdikləri torpaqlardan çıxdılar. Bu gün region da, dünya da fərqli çağırışlarla üz-üzə dayanıb.

Bəlkə də bu gün Cənubi Qafqaz xalqlarını yenidən ittifaq şəklində formalaşması üçün tarixi zərurət yarana bilər. Bəs hansısa orbitin içində, yoxsa müstəqil?! Hansı risklər var, hansı təşəbbüslər kimlərin əlində olmalıdır, hansı strateji hədəflərdən söhbət gedir - bunların hər biri soyuqqanlı şəkildə təhlil olunmalıdır.

Bununla yanaşı, Azərbaycanın yeganə çıxış yolu Cənubi Qafqazda Ermənsitandan da, Gürcüstanda da dəfələrlə güclü olmaqdır. Bu, alternativsiz yoldur. Azərbaycan iqtisadi, hərbi, texnoloji, ideoloji baxımdan hər iki ölkəni "yeməyi" bacarmalıdır. Bu gücün əsas sütunları isə ideologiya, texnologiya və sənaye olmalıdır.

Samir Feyruzov