“Hər bir ölkə vətəndaşı öz potensialını reallaşdırır və bütün sərvətlərdən istifadə edə bilir” “Hər bir ölkə vətəndaşı öz potensialını reallaşdırır və bütün sərvətlərdən istifadə edə bilir”

"İnklüziv inkişaf indikatorları üzrə Azərbaycan liderliyini saxlayır” - Rəsul Cahangirli

“Hər bir ölkə vətəndaşı öz potensialını reallaşdırır və bütün sərvətlərdən istifadə edə bilir”

Son illər Azərbaycanın sürətli və dinamik inkişafı bütün sahələrdə özünü göstərir. Sevindirici məqam bundan ibarətdir ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlar, iqtisadi tərəqqi yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da tez-tez vurğulanır və bir sıra hesabatlarda qeyd edilir.

Buna nümunə kimi 2009-cu ildə Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın "Dünyanın aparıcı islahatçı ölkəsi" kimi qiymətləndirilməsini göstərmək olar. Əsas iqtisadi platforma hesab edilən Dünya İqtisadi Forumunun hesabatlarında da Azərbaycanın uğurları hər zaman yüksək qiymətləndirilib. Belə ki, Davos Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatı”nda Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutub.

Ötən ilin sonunda isə Ümumdünya Davos İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Bu il yanvarın 22-də Dünya İqtisadi Forumu ölkəmizlə bağlı daha bir hesabatını açıqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Ümumdaxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi" insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Bu hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb.

Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.

Bu arada Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı tamamilə yeni metodologiya əsasında ictimaiyyətə təqdim edilib. Azərbaycan ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda da lider mövqelərini qoruyub.

Ümumən bunu ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu, Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğunu bir daha göstərir:

“Məsələ ondadır ki, intellektual potensialına və qabiliyyətinə uyğun olaraq, hər bir Azərbaycan vətəndaşı cəmiyyətin bütün sərvətindən istifadə edə bilir. Bununla bağlı hansısa maneə yoxdur. Hər bir ölkə vətəndaşı öz potensialını reallaşdırır və bütün sərvətlərdən istifadə edə bilir. Onu da qeyd edim ki, hazırda dünyada iqtisadi inkişafın və sosial bərabərsizliyin aradan qaldırılmasının əsas göstəricisi məhz İnklüziv İnkişaf indeksidir. Bununla bağlı Azərbaycanın mövqeyi yaxşı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, milli gəlirlərin bölüşdürülməsindəki inklüzivlik, bütovlükdə, ölkənin dayanıqlı iqtisadi inkişafına və sosial təsisatların güclənməsinə səbəb olur. Təsadüfi deyil ki, 2016-cı ildə qəbul edilmiş strateji yol xəritələrində də əsas hədəflərdən biri kimi Azərbaycanda inklüziv inkişafa nail olunması göstərilir. Ölkə büdcəsində sosial xərclərin artması da inklüzivliyin artrılmasına hesablanıb. Eyni zamanda, ölkədə internet infrastrukturunun inkişafı, əhalinin 75 faizdən çoxunun internetdən istifadə etməsi, “ASAN xidmət” mərkəzlərinin sayının artırılması, kiçik və orta sahibkarlar üçün çoxsaylı proqramların qəbul edilməsi və digər işlərin görülməsi Azərbaycanda inklüziv inkişafı gücləndirib. Bütün bunların nəticəsidir ki, inklüziv inkişaf indikatorları üzrə Azərbaycan lider mövqeyini qoruyub saxlayır”. (baki-xeber.com)

© AzNews.az