Fazil Məmmədov bacısı oğlunu bank sədrliyindən qovdu

Sabiq vergilər naziri yaxın qohumunun “AtaBank”dakı karyerasını bitirdi və onun müavinlərini də işdən uzaqlaşdırdı; ən qabaqcıl bank niyə indi pis günə qalıb?..

Sabiq vergilər naziri Fazil Məmmədova aid “AtaBank” ASC-nin maliyyə durumunun kritik həddə qədər pisləşməsi barədə xəbərlər son dövrlər intensivləşib. “Yeni Müsavat” xatırladır ki, “AtaBank” ASC-nin nizamnamə kapitalının 86%-i “Synergy Group” MMC-yə, 14%-i fiziki şəxslərə (Əşrəf Kamilov 9,3%, Mahir Rəfiyev 4,7%) məxsusdur.

“Yeni Müsavat” bildirir ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” Azərbaycanın ən böyük kommersiya banklarından biri hesab olunurdu. 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC Azərbaycanda ilk dəfə konsolidasiya prosesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində “İlin bankı” nominasiyasına layiq görülüb.

2018-ci ilin iyul ayında “AtaBank” ASC, öz AtaNet internet və mobil bankçılıq tətbiqi ilə Sinqapurda keçirilən və dünyanın aparıcı banklarının iştirak etdiyi “Asian Banking & Finance Wholesale Banking Awards 2018" tədbirində ”Daxili texnologiyalar və əməliyyatlar üzrə" İlin bankı nominasiyasının qalibi olub.

2019-cu ildə isə “AtaBank” Zaqafqaziya və Cənub-Şərqi Avropa regionunda ilkə imza ataraq Visa Signature kartının emissiyasına başlayıb. Bunlar bankın uğurları ilə bağlı statistika olsa da, gerçəkdə vəziyyətin heç də ürəkaçan olmadığı haqda iddialar doğrulmaqdadır.

“AtaBank”dakı ile ilgili görsel sonucu

Bildirilir ki, bankda aparılan araşdırmalar situasiyanın ağır olduğunu təsdiqləyib və təcili dəyişikliklərin zəruri olduğunu üzə çıxarıb.

“AzPolitika.info”ya mötəbər mənbələrdən daxil olan məlumata görə, Fazil Məmmədov, nəhayət, səhhətindəki ciddi problemlərə baxmayaraq, iyulun 25-də şəxsən özü “AtaBank”ın baş ofisinə gedib, yerindəcə bankın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub. Əvvəlki sədr müavinlərindən Rauf Hüseynov və Kamran Orucəliyev vəzifələrində qalsalar da, onların da işdən çıxarılacaqları deyilir. İddialara görə, Dəyanət Quliyev bankın əsas səhmdarı olan “Synergy Group” MMC-də yüksək vəzifəyə təyin edilib.

“Yeni Müsavat” bildirir ki, 1983-cü ildə Bakı şəhərində anadan olan Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən “AtaBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Dəyanət Quliyevi ile ilgili görsel sonucu

Dəyanət Quliyev

Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” fakültəsini bitirib. 2003-cü il - “AtaBank” ASC-nin Xəzinədarlıq Departamentinin baş mütəxəssisi qismində işə başlayıb. Daha sonra bankın Bank kartları və elektron xidmətlər Departamentinin direktor müavini, Kartlar və elektron ödəniş sistemləri ilə iş şöbəsinin rəisi vəzifəsində çalışıb. 2009-cu ildə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə təyin olunub.

2013-cü ildə Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub. 2014-2016-cı illərdə isə “Synergy Group” ASC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

Maraqlıdır ki, sabiq nazirin yeni təyinatı da hamını təəccübləndirib. Belə ki, o, öz qardaşı qızı, 24 yaşlı bir xanımı Müşahidə Şurasına sədr, atasının Şamaxı Vergilər İdarəsinin rəisi işlədiyi bildirilən Samir adlı şəxsi isə İdarə Heyətinin sədr əvəzi təyin edib. Eyni zamanda filiallardan birinin müdiri də sədr müavini təyin olunub.

Dəyanət Quliyevi ile ilgili görsel sonucu

Qeyd edək ki, eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürdüyü, bankın ağır duruma düşdüyü, İdarə Heyətinin sədri Dəyanət Quliyevlə müavini Etibar Babaşlı arasında kəskin konfliktin olduğu, bu səbəbdən bankda ciddi dəyişikliklərin olacağı barədə məlumatlar vardı. F.Məmmədovun sərt qərarları bu məlumatları təsdiqləmiş oldu.

Ancaq mənbə hesab edir ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Hazırda bankın rəhbərliyində yüksək peşəkarlığı ilə seçilən, bankı inkişafa doğru aparacaq kadrların olmadığı bildirilir.

Hesab olunur ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və bankı ağır vəziyyətdən çıxarmağa kömək etməyəcək. Fazil Məmmədovun isə bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunur. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.

“AtaBank”ın özündən isə toplantının və rəhbərlikdə dəyişikliklərin olduğunu təsdiqləyiblər. Lakin məsələ ilə bağlı geniş məlumat verilməyib. Bildirilib ki, bank tərəfindən ictimaiyyətə rəsmi açıqlama veriləcək. (“Yeni Müsavat”)