“Əsassız qiymət artıranlar tamahını idarə edə bilməyənlərdir”

Milli valyutanın məzənnəsində baş verən yumşalmadan sonra mal və məhsulların qiymətlərində yaranan dəyişikliklər müxtəlif səviyyələrdə ciddi müzakirə olunmaqdadır.



"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov hesab edir ki, məzənnə dəyişikliyi kontekstində ölkəyə idxal olunan mal və məhsulların qiymətində müəyyən dəyişikliklərin baş verməsi təbidir: "Apardığımız araşdırmalar göstərir ki, qiymət artımları istehlak səbətinə daxil olan məhsullara aid olmayıb. Belə olan halda qiymət artımı nəticəsində əhalinin az təminatlı təbəqəsinin ailə büdcəsində itkilərin yaranmaması müsbət dəyərləndirilməlidir. Bunun əsas səbəbi odur ki, istehlak səbətinə daxil olan məhsullar əsasən yerli istehsal məhsullarıdır, yerli istehsal məhsullarının qiymət artmı isə praktik olaraq baş verməyib. Lakin buna baxmayaraq məzənnə dəyişikliyinin ilk günlərində bəzi yerli istehsalçılar və bir sıra ticarət müəssisələri xaricdən mal və məhsul gətirənlərə qoşulub qiymətləri süni surətdə qaldırmaqla əlavə qazanc əldə etmək həvəsinə düşdülər. Bu, sadə bir möhtəkirlik - yaranmış vəziyyətdən vicdansızcasına sui istifadə etməklə daha çox qazanmaq istəyi idi. Təbii ki, belə olan halda dövlət vəziyyətə müdaxilə etməklə problemin həlli istiqamətində zəruri olan bütün tədbirləri görmək məcburiyyətində qaldı. Görülən tədbirlər öz nəticəsini verdi və tamahını idarə edə bilməyənlər cəzalarını aldılar".

Yerli istehsalçıların və yerli məhsulların satışını həyata keçirən ticarət təşkilatlarının qiymət artımına getməsinə ehtiyac olmadığını deyən F.Yusifov qeyd edib ki, məhsulların maya dəyərini formalaşdıran xammalın və digər komponentlərin qiymətində dəyişiklik baş vermədiyi halda yerli istehsal məhsullarının qiyməti dəyişməz qalmalıdır: "İstehsal olunan məhsulun maya dəyərininin əsasını yeri istehsal üçün zəruri olan xammala çəkilən xərclər və əmək haqqı xərcləri təşkil edir. Bundan başqa məhsulun maya dəyəri elektrik enerjisinin, yanacağın qiymətlərindən, sosial ayırmaların və amortizasiya ayırmalarının səviyyəsindən də asılıdır. Bunları bildikdən sonra ortaya sual çıxır. Manatın məzənnəsi dəyişdikdən sonra yerli xammaldan məhsul istehsal edən müəssisələrin yuxarıda sadaladığımız hansı xərcləri artmışdı? Əgər istehsal üçün zəruri olan yerli xammalın qiyməti dəyişməyibsə, işçilərə ödənilən əmək haqqı artırılmayıbsa, ölkədə istesal olunan elektrik enerjisinin və yanacağın qiymətləri sabit qalıbsa, sosial və amortizasiya ayırmalarının həcmi yüksəlməyibsə, onda son məhsulun qiyməti nə üçün dəyişməlidir? Ona görə də bu hərəkətin adı tamah məqsədilə edilən yaramazlıq - möhtəkirlikdir".

BİAB sədri qeyd edib ki, əgər yerli istehsal müəssisəsi məhsul istehsalı üçün hansısa komponentləri xaricdən alıb gətirirsə, bu komponentlərin yeni qiymətlə məhsulun maya dəyərinə daxil edilməsinə heç kim etiraz etməz: "Özlüyündə xaricdən alınıb gətirilən bir neçə komponentin məhsulun maya dəyərinə elə ciddi təsiri də mümkün deyil.
Bəzi qiymət artımlarının olacağı barədə biz də son günlərdə mətbuatda gedən çıxışlarımızda bildirmişdik. Burada söhbət ilk növbədə xaricdən gətirilən mallar və məhsullardan gedir. Manatın ABŞ dollarına nisbətən ucuzlaşması kontekstində ölkəyə xaricdən dollarla alınıb gətirilən malların və məhsulların qiymətindəki müəyyən dəyişikliklər təbidir. Çünki bu mallar və məhsullar ölkə ərazisində milli valyuta ilə satılır.
Təbii ki, idxalla məşğul olan hüquqi və fiziki şəxslər ölkə ərazisinə gətirdikləri məhsulları realizə etdikdən sonra öz dövriyyə vəsaitlərini normal səviyyədə saxlamaq və ziyana düşməmək xatirinə müəyyən qiymət artımına gedirlər. Bu məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı o da bəlli olub ki, qiymət artımının minimum hədlərdə olması üçün idxalla məşğul olan bəzi iri yerli kompaniyalar xaricdən alıb gətirdikləri malların qiymətlərinin çox qaldırılmaması üçün öz xarici tərəfdaşları ilə danışıqlar aparıb onlara yaranmış vəziyyəti izah etməklə bir sıra hallarda aldıqları malların qiymətlərinin aşağı salınması istiqamətində müsbət nəticələr əldə etməyə müvəffəq olmuşdular. Bunun özü də xaricdən alınıb gətirilən malların və məhsulların qiymətlərinin kəskin qalxmasının qarşısını almaq yollarından biridir. Digər yol isə idxalla məşğul olan yerli kompaniyalar tərəfindən qazanılan mənfəətin hədlərinin müəyyən qədər optimallaşdırılmasıdır. Bu yol da qiymət artımının qarşısının alınmasına xidmət edən amillərdən biri kimi çıxış edə bilər".