İƏT hərbi quruma çevrilə bilər?

Cümşüd Nuriyev: “Təzyiqlərə duruş gətirmək üçün İslam ölkələrinə elə bir qurum gərəkdir”


Bu həftə paytaxt Bakı daha bir böyük tədbirə ev sahibliyi etdi. İqtisadi Əməkdaşlıq Təşkilatının Bakı toplantısının sonunda bəyannamə də qəbul olundu. Əksər müsəlman ölkələri də bu tədbirdə dövlət rəhbərləri səviyyəsində təmsil olundular.

Siyasi ekspert Cümşüd Nuriyev AzNews.az-a açıqlamasında deyib ki, İslam dövlətlərini belə bir addım atmağa vadar edən səbəblər var: "Dünyada bir İslamafobiya yaranıb və İslam dövlətlərinə qarşı həm beynəlxalq, həm də dünya bazarında kifayət qədər qısqanclıqla yanaşılır. Çünki dünyanın əsas karbohidrogen ehtiyatlarının əsas hissəsi müsəlman ölkələrinin yerləşdiyi məkandadır. Bu mənada belə bir təşkilatın formalaşdırılması səmərəlidir".

Onun sözlərinə görə, İslam ölkələrinin transmilli koorporasiyaları olmadığından onun formalaşdırılması istiqamətində də qurum müəyyən addımlar ata bilər: "Artıq "SOCAR" transmilli koorporasiya statusu almağa başlayır. Müzakirələrdə də quruma üzv ölkələrin karbohidrogen ehtiyatlarının bundan sonrakı mərhələdə dünya bazındakı roluna xüsusi diqqət yetirildi. İqtisadi məsələləri siyasi müstəviyə keçirmək baxımından tədbiri kifayət qədər əlverişli saymaq olar. Eyni zamanda da dünya bazarında inhisarçılıq mövqeyində durmaq niyyətində olan dövlətlərə qarşı durmaq üçün müsəlman ölkələrinin bir mövqedən çıxış etməsi, konsepsiya hazırlaması zərurəti var".

Bütün bunlarla yanaşı, C.Nuriyevin qənaətincə, İslam dünyasına qarşı istər iqtisadi, istər siyasi mənada, istərsə də informasiya müharibəsi aparılması baxımından da "səlib yürüşü"nə duruş gətirmə də var və bu əsas diqqətçəkən məqamlardandır: "Bütün bunların qarşısında durmaq üçün bir qurum lazımdır.

İƏT təkcə iqtisadi əməkdaşlıq deyil, həm də siyasi qurum kimi başa düşülməlidir. Hətta bu gələcəkdə hərbi təşkilata da çevrilə bilər. Necə ola bilir NATO kimi hərbi qurum ola bilər, amma İslam ölkələrinin ona qarşı duran bir hərbi təşkilatı ola bilmir? Belə bir qurumun mövcudluğu islam dövlətlərinin gələcək təminatı üçün böyük rol oynayır".

Gültəkin
AzNews.az