"Diplomatik dəstək Azərbaycan üçün önəmlidir"

Həm Avropa, həm də Rusiya və İran kimi ölkələrlə əlaqələrin yaxşılaşdırılması ölkə siyasəti və beynəlxalq aləmdə dəstəklənmək baxımından müstəsna bir haldır.

"İllərdir işğal olunmuş ərazilər Azərbaycan ərazisi kimi tanınıb və qaytarılması istiqamətində də beynəlxalq tribunada çıxışlar edilib. Ancaq problemin həll edilmədiyi həqiqətini görürük".

Bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa AzNews.az-a müsahibəsi zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan diplomatik danışıqlarla bərabər ordu hazırlığını da yüksəltməli və hər zaman torpaqların ordu vasitəsi ilə geri qaytarılmasına hazır olmalıdır.

Həmin müsahibəni sizə təqdim edirik:

- Azərbaycanın beynəlxalq tribunada nüfuzunun artması, xüsusən Avropa ölkələri ilə münasibətlərdə əldə edilən siyasi-diplomatik yaxınlaşma, həmçinin Rusiya və İranın təcrid olunma siyasəti zamanı qonşuluğundakı ölkələri yalnız buraxmaması fonunda bütün bu amillərin Dağlıq Qarabağ münaqişəsinin həllində hansı perspektivlərə səbəb ola bilər?

- Əlbəttə istənilən diplomatik dəstək Azərbaycan üçün önəmlidir. Həm Avropa, həm də Rusiya və İran kimi ölkələrlə əlaqələrin yaxşılaşdırılması ölkə siyasəti və beynəlxalq aləmdə dəstəklənmək baxımından müstəsna bir haldır. Nəzərə almaq lazımdır ki, biz onsuz da illərdir diplomatik dəstək alırıq, illərdir işğal olunmuş ərazilər Azərbaycan ərazisi kimi tanınıb və qaytarılması istiqamətində də çıxışlar edilib. Ancaq problemin həll edilmədiyi həqiqətini görürük. Bu o deməkdir ki, Azərbaycan diplomatik danışıqlarla bərabər ordu hazırlığını da yüksəltməli və hər zaman torpaqların ordu vasitəsi ilə geri qaytarılmasına hazır olmalıdır.

- Azərbaycan və Rusiya prezidentləri arasındakı münasibətlər artıq siyasi münasibətlərdən daha çox - dostluq münasibətləri xarakterini alıb. Hətta 2018-ci ildə İlham Əliyev və Vladimir Putin arasında 6 dəfə rəsmi görüş keçirilib. Rusiyanın regionda siyasi təsirini nəzərə alaraq bunun problemin həllində hər hansı effektiv bir nəticə doğuracağını gözləmək olarmı?

- Yenə deyirəm, diplomatik münasibətlər çox önəmlidir. Çünki bu, hər hansı bir ölkənin beynəlxalq arenada dəstəklənməsi, müdafiə edilməsi deməkdir. Belə olan halda həmin ölkə haqq səsini bütün dünyaya çatdırmaq üçün əlavə perspektivlər qazanır. Rusiyanın həm regionda, həm də bütün dünyaya güc sahibi bir ölkə olduğunu nəzərə alsaq, prezidentlər arasındakı dostluq münasibətlərin ölkələr arasındakı münasibətlərə də effektiv nəticə verəcəyini söyləyə bilərik. Ancaq yenə də təkrar edirəm ki, Azərbaycanın diplomatik dəstəyi hər zaman olub, indi də var. Onsuz da bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Sadəcə ərazilərin qeyri-şərtsiz boşaldılması lazımdır ki, bunu da illərdir diplomatik dəstəklə etmək mümkün olmayıb. Bu halda isə ordu amili əsas perspektivə çevrilir.

- İran ilə Azərbaycan arasında zaman-zaman yaşanan problemlərdən sonra, artıq son illərdir ki, iki ölkə arasında münasibətlərin yaxşılaşmasını görürük. Azərbaycanın qonşu ölkəni "təcrid" siyasətinə qarşı müdafiə etməsindən sonra bu münasibətlər daha da inkişaf etdirilib. Məlum məsələdir ki, İran bölgənin ən güclü və söz sahibi ölkələrindən və Ermənistanla yüksək əlaqədə olan dövlətlərindən biridir. Bəs, Azərbaycanın İran ilə mövcud yaxınlaşması problemin həllində hansı töhvələr verəcək?

- Bəli, İran faktoru da önəmli məsələdir. Etiraf etmək lazımdır ki, İran bölgənin siyasi həyatında önəmli ölkələrdən biridir. Ancaq bizim əvvəllər də, indi də İranla Dağlıq Qarabağ problemi fonunda heç bir anlaşılmazlığımız yoxdur. Əksinə, İran da həmişə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Düşünürəm ki, bu, həmişə belə olacaq. Yəni İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyəcək.

- Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edir. İki ölkə arasındakı əlaqələr artıq dostluq çərçivəsini aşaraq qardaşlıq mahiyyəti alıb. Bunun qarşılığında Türkiyə və Ermənistan arasında nəinki əlaqalər qurulmayıb, hətta sərhədlər belə bağlıdır. Bu amilləri əsas götürərək Türkiyə münaqişənin həllində Azərbaycanın xeyrinə hansı üstünlüklər verə bilər?

- Azərbaycan-Türkiyə əlaqələri hər zaman yüksək səviyyədə olub. Dünyada Azərbaycan maraqlarını Türkiyə qədər müdafiə edən ikinci bir ölkə yoxdur, deyə bilərik. Təbii ki, bu, belə davam edəcək. Hətta Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində Türkiyənin dəfələrlə hərbi-siyasi və digər dəstəkləri verməyə hazır olduğu barədə bəyanatlarını da görmüşük. Bütün bunlar beynəlxalq arenada anti-Azərbaycan ünsürlərin "susdurulması" istiqamətində effektiv olacaq.

- Azərbaycan-Gürcüstan əlaqələri də yaxşı qurulub. Qonşu ölkədə yeni hakimiyyətin bərqərar olmasından sonra da münasibətlər inkişaf edən templə davam edir. İki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafı və Gürcüstanın regionun üçüncü ölkəsi olması Dağlıq Qarabağ münaqişəsində effektiv nəticələrə çatmaq üçün hansısa rol oynaya bilərmi?

- Düşünmürəm ki, Gürcüstan bir siyasi qüvvə kimi münaqişənin həlli istiqamtində önəmli rol oynasın. Onsuz da özünün daxili problemləri ilə başı qarışıq olan Gürcüstanın siyasi dairələri Dağlıq Qarabağ kimi dünya güclərini maraqlandıracaq bir problemin həllində çox aciz qalacaq.

- Fazil müəllim, daxili gərginliklərdən söz düşmüşkən, bildiyimiz kimi aylardır davam edən siyasi gərginliklər Ermənistan siyasi dairələrində də ciddi problemlər yaratmışdır. Onsuz da beynəlxalq nüfuzu yox dərəcəsində olan bir ölkənin bu cür ciddi problemlərlə üzləşməsi ölkənin gələcəyini ciddi sual altında qoyub. Bu proseslər münaqişənin həllində hansısa istiqamətdə dəyişikliyə səbəb ola bilərmi?

- Bilirsiniz, Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistanın siyasi güc kimi əhəmiyyəti yox dərəcəsindədir. Problemin həllini Ermənistandan daha çox beynəlxalq təşkilatlar və supergüclərdə axtarmaq lazımdır. Ermənistanın daxilindəki məsələlər, problemlər nə qədər böyüsə də bu, Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli rol oynamayacaq.

Pərvanə Ağazadə

AzNews.az