Sülh müqaviləsinin imzalanması üçün Rusiyanın Qafqazla bağlı siyasətində dəyişiklik olmalıdır Sülh müqaviləsinin imzalanması üçün Rusiyanın Qafqazla bağlı siyasətində dəyişiklik olmalıdır

Moskva görüşündə sülh müqaviləsi imzalanmayacaq - Deputat

Sülh müqaviləsinin imzalanması üçün Rusiyanın Qafqazla bağlı siyasətində dəyişiklik olmalıdır

“Görüşün əsas gündəmi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin müzakirəsi, onun şərtləri, ABŞ-nin başlatdığı və sonra Brüsseldə davam etdirilən Qərb tərəfindən olunan təkliflərin bir daha gözdən keçirilməsi, yəni Moskva prizmasından yanaşılması olacaq”.

Bunu AzNews.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan və Ermənistan başçılarının Moskvada baş tutacaq görüşü barədə danışarkən deyib.

Deputat qeyd edib ki, istənilən görüşdə müsbət detallarla irəliləyişə nail olmaq olar, ancaq o, Moskva görüşündə böyük sülh müqaviləsinin imzalanmasına şübhə ilə yanaşır:

"Çünki Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin Rusiyanın vasitəçiliyi ilə əldə olunması üçün rəsmi Moskvanın Qafqaza yönəlik siyasətində müəyyən dəyişikliklər olmalıdır. İndiki halda biz bu dəyişiklikləri görmürük. Xarici işlər nazirlərinin görüşündən sonra Rusiya XİN başçısı Sergey Lavrov bəyan etdi ki, mən müttəfiqlərimizin bizim Qafqazdakı geosiyasi maraqlarımıza hörmətlə yanaşdığına inanıram. Bu o deməkdir ki, ənənəvi Rusiya siyasəti davam etdiriləcək. Bu da Rusiyanın Cənubi Qafqazda mövcudluğunun nəzərə alınması mənasına gəlir".

N.Məhəməliyev bildirib ki, heç bir halda Qafqazda böyük sülh müqaviləsinin, iqtisadi əməkdaşlığın əldə olunması, kommunikasiyaların açılması Rusiyaya sərf etmir:

"Belə olan halda Rusiya hesab edir ki, onun burada mövcudluğuna ehtiyac yoxdur və Qafqazdan çıxmalıdır. Bu baxımdan düşünürəm ki, görüşdə bəzi sərhəd məsələlərinin müzakirəsi baş tuta, delimitasiya və demarkasiya proseslərinin başlanması ilə bağlı işçi qruplarına tapşırıqlar verilə bilər. Kommunikasiyaların açılması istiqamətində əvvəllər Rusiyanın da üzərinə götürdüyü öhdəliklərlə bağlı müzakirələr ola bilər. Ancaq sülh müqaviləsinin imzalanmasının konkretləşdirilməsi ilə bağlı addımlar atılacağına inanmıram. İstər kollektiv Qərb olsun, istərsə Rusiya, nə qədər ki tərəflərin maraqları toqquşur və onlar arasında vahid mövqe yoxdur həmişə biri digərinin etdiyi təkliflərin icra olunmasına maneçilik törəcədək”.

Rəşid Qarayev