Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq

Azərbaycanın təqdim etdiyi sülh müqaviləsinin maddələrindən biri də Ermənistanın konstitusiyasında dəyişikliyin olmasıdır. Bu məsələ Ermənistanda bir mənalı qarşılanmır. Burada bəzi diqqət çəkən məqamlar da cəmiyyətdə sual doğurur. Əgər Ermənistan buna razı olmasa, bu maddəyə alternativ nə ola bilər?

Aznews.az xəbər verir ki, mövzu ilə bağlı Herbiand.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı bildirib ki, Ermənistan öz konstitusiyasında Qarabağın Ermənistan ərazisi olduğunu qeyd edib. Bununla da bir daha Azərbaycana torpaq iddiasını ortaya qoyub. Bu da Azərbaycanın dövlət və milli maraqlarına cavab vermir. O baxımdan Azərbaycan Ermənistanla sülh sazişinin həll olunması istiqamətində müəyyən məsələləri müzakirə etməlidir.

Politoloq, həmçinin Ermənistan tərəfinin də müəyyən tələblərinin ola biləciyini söyləyir:

“Biz 1991-ci ildə ikinci dəfə öz müstəqilliyimizi əldə edəndə oktyabrın 18-də açıq formada bildirdik ki, Azərbaycan 1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Demokratik Cümhuriyyətinin varisidir. O zaman da Azərbaycanın ərazisi bilirik ki, 114 min kvadrat km olub və İrəvan da Azərbaycanın ərazisi kimi göstərilir. Onlar da deyir ki, bu məsələyə də Azərbaycan baxmalıdır. Çünki İrəvan, Zəngəzur və digər ərazilər onlara verilib. Bu baxımdan onlar da fikirləşir ki, biz Zəngəzura iddia edirik”.

Politoloq qeyd edib ki, biz əgər sülh sazişini həqiqətən də əldə etmək istəyiriksə, Ermənistan birmənalı şəkildə Qarabağ iddiasından əl çəkməlidir:

“Ermənistan ideoloji bir virusa yoluxub. Onlar nəinki Qarabağ, bütövlükdə xəstə təfəkkürlərindən əl çəkməlidir. Biz bilirik ki, 20-ci ildə Zəngəzur verilib. Amma buna baxmayaraq, 1991-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzvlüyə qəbul olanda Zəngəzuru Azərbaycan ərazisi kimi təqdim etməmişik. Biz həmin ildə Azərbaycan ərazisinin 86,6 kv km olduğunu təqdim etmişik. Yəni Azərbaycanın başqa torpaq iddiası yoxdur. Yalnız 86,6kv km-dən söhbət gedir. Bura Qarabağ, Xankəndi, Xocalı, Şuşa və Qarabağ ətrafı ərazilər də daxildir. Bu ərazilərə Ermənistanın hər hansı bir iddiası olmamalıdır. Növbəti dəfə belə bir xülyaya düşməmək üçün konstitusiyalarında dəyişiklik etməlidirlər. Bunun heç bir alternativi yoxdur. Bütün hallarda Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri birbaşa həm konstitusiyasından çıxarmalı, həm də başlarındakı təfəkkürlərindən silib atmalıdırlar. Ondan sonra digər ölkələr kimi, yəni Gürcüstan, Rusiya və s. kimi Azərbaycanla normal qonşuluq əlaqələri qurula bilər”.

Politoloq onu da vurğulayıb ki, Azərbaycan cəmiyyəti də bilməlidir ki, bütün hallarda bütün müharibələrin sonu sülhlə bitir. Bundan sonra əgər Ermənistan bu şərtləri qəbul edərsə, hər hansı bir iddia fikrinə düşməzlərsə, onlarla qarşılıqlı əlaqələrin qurulması yarana bilər.