İranın Türkiyədəki səfirliyinin qarşısında etiraz aksiyası- Fotolar

Azərbaycan türkləri İranın Türkiyədəki səfirliyinin binası qarşısında mayın 25-də etiraz aksiyası keçiriblər




Bu barədə APA-ya aksiyanın təşkilatçısı, hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan Güney Azərbaycan Demokrat Partiyasının (GADP) mətbuat məsulu Hadi Musəvi məlumat verib.

Onun sözlərinə görə, piketin keçirilməsində məqsəd 2006-cı il mayın 22-də Güney Azərbaycanda baş vermiş hadisələrin 7-ci ildönümünü xatırlatmaq olub: "Aksiyaya Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH), Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT), Əskişəhir Güney Azərbaycan Kültür Dərnəyi və heç bir təşkilata bağlı olmayan azərbaycanlı fəallar da dəstək verdilər. Azərbaycan və Türkiyə bayraqları, İranda həbsdə olan azərbaycanlı fəalların şəkillərini qaldıran nümayişçilər yerli vaxtla saat 12:00-da İran səfirliyinin binasının qarşısına toplaşdılar. Piketdə İranda həbsdə olan azərbaycanlı fəalların və jurnalistlərin azadlığa buraxılması, onuların pozulan hüquqlarının təmin olunması tələb olundu".

Aksiyada "2006-cı il may ayaqlanması, mücadiləmiz davam etməkdədir!", "İranda türk siyasi məhbuslara azadlıq!", "Azərbaycan türkcəsində təhsil istəyirik!", "Haray, haray mən türkəm!" plakatları qaldırılıb, "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!", "Tutulanlar azad olsun!" şüarları səsləndirilib. Aksiya Əlirza Muxtarpurun (Anıl Urmulu) bəyanatı oxuması ilə sona çatıb.

Piket dinc şəraitdə keçib, heç bir insident baş verməyib.

Qeyd edək ki, 2006-cı il mayında "İran" adlanan rəsmi qəzetdə azərbaycanlıların hamamböcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olub. İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Təbriz, Urmiya, Ərdəbil, Sulduz və digər şəhərlərində keçirilən aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməyə belə çəkinməyiblər. Nəticədə onlarla nümayişçi həlak olub, minlərlə insan həbs edilib.

AzNews.az
image description image description image description