Rusiya sərhədə hərbi gəmi göndərdi – Ortaq layihələr təhlükədə

Rusiya Türkiyə ilə bütün hərbi əlaqələrə son qoyacaq.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bundan sonra Suriya üzərindən uçan və zərbələr endirən Rusiya təyyarələrini qırıcılar müşayiət edəcək. Hər cür təhdid anında isə cavab veriləcək.

Rusiya Müdafiə Nazirliyi Türkiyə ilə bütün hərbi əlaqələrin kəsiləcəyi ilə bağlı açıqlama verib. Rusiya Baş qərargahının sözçüsü general-leytenant Sergey Rudskoinin sözlərinə görə, Rusiyanın "Qara dəniz Filosunu" admiral gəmisi və ölkə donanmasının ən böyük hava müdafiə etmə məqsədli iki döyüş gəmisindən biri olan "Moskva" Türkiyə-Suriya sularının birləşdiyi ərazidə yerləşdirilib.

Hava müdafiə sistemlərinə sahib olan "Moskva" döyüş gəmisi hər hansı bir təhdid anında Türkiyəyə cavab verəcək.

Rusiya baş naziri Dmitri Medvedev təyyarənin vurulmasından sonra Türkiyə ilə əlaqədar ortaq layihələrdən imtina edilə biləcəyini qeyd edib. Belə olan təqdirdə Türk şirkətləri Rusiyadakı bizneslərini itirə bilər.

Qeyd edək ki, noyabrın 24-də Rusiyanın hərbi təyyarəsi Türkiyənin hava məkanına daxil olub. Türkiyə tərəfi isə həmin təyyarəni vurub. Bu isə iki ölkə arasında vəziyyəti daha da gərginləşdirib.

Sevinc YASİNQIZI
AzNews.az