“Müxalifətin zəif maliyyə imkanları da sıradan çıxarılır”

"Hökumətin qanunvericiliyə etdiyi bütün əlavə və dəyişikliklər demokratik institutların fəaliyyətini mümkün qədər əngəlləməyə, məhdudlaşdırmağa yönəlib"

Bunu AzNews.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı siyasi partiyalar, QHT-lərin qəbul etdikləri ianələrin məbləği, ianə verənlər barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil etmədiyi təqdirdə yüksək məbləğdə cərimələnəcəklərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bununla prinsipial yol tutan qurumlara təzyiq göstərmək üçün qondarma hüquqi əsaslar yaratmağa çalışılır:

"İqtidar həmin siyasi qurumları parlamentdən kənarda saxlamaqla kifayətlənmir, həm də onların mini maliyyə imkanlarını da sıradan çıxarmağa cəhdlər edir".

F.Qəhrəmanlı qeyd edib ki, qəbul edilən ianələr mərkəzləşmiş qaydada həyata keçirilmir:

"Konkret olaraq AXCP könüllülük prinsipi, ictimai əsaslarla fəaliyyət göstərir, hər hansı maliyyə əməliyyatları həyata keçirilmir və onun fəaliyyətinin maliyyələşməsinə hər hansı vəsait də ayrılmır. Digər bir tərəfdən də partiyada daha çox üzvlərin könüllülük təçəbbüsü əsasında müəyyən proseslər icra olunduğundan ehtiyac yarandığı hallarda müəyyən vəsait lazım gəlir".

AXCP funksioneri onu da əlavə edib ki, istər AXCP, istərsə də hansısa digər prinsipial yol tutan müxalifət partiyası üçün hakimiyyət elə bir vəziyyət yaradıb ki, sahibkarlar onlara maliyyə dəstəyini biznesləri üçün təhlükə sayırlar:

"Ona görə də Azərbaycan reallığında imkanlı iş adamlarının müxalifət partiyalarına ianə ayırmaq praktikası yoxdur. Eyni zamanda da nəzərdə tutulan qanunun hansısa praktik təsiri olacağı mümkün deyil. Ola bilsin bu qanun əsas gətirilərək hansısa iddialar irəli sürülsün".


Qeyd edək ki, bununla bağlı dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edilib. Dəyişikliklərə əsasən, qeyd olunan qaydanı pozan vəzifəli şəxslər 1500 manatdan 3000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 8000 manata qədər cərimə olunacaqlar.

Gültəkin
AzNews.az-a