Avropa Parlamentindən Azərbaycana qarşı qətnamə

Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr qətnamənin qəbulu ilə başa çatıb.



AzNews.az virtualaz.org saytına istinadən xəbər verir ki, qətnamə layihəsinin mətni bu gün Avropa Parlamentinin saytında yerləşdirilib. Layihənin müəllifləri qeyd edirdi ki, sənədi hazırlayarkən Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair əvvəlki qətnamələrini; Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası və s. qurumların rəhbərlərinin bu ölkədəki repressiyalarla bağlı son dövrlərdə verdikləri bəyanatları; həmçinin Leyla və Arif Yunuslar, Xədicə Ismayılovanın barəsindəki hökmə bağlı beynəlxalq rəyləri; Avropa İttifaqı ilə Azərbaycan arasında 1999-cu ildən qüvvəyə minmiş münasibətləri, o cümlədən Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində əməkdaşlığı nəzərə alıblar.

Qətnamədə Azərbaycanda repressiyaların miqyasının artdığı, həbs olunan jurnalistlərin və hüquq müdafiəçilərinin sayının çoxaldığı bildirilir. Onların dərhal və heç bir şərtsiz azad olunmasına çağırış yer alır.

Sənəd həmçinin Avropa Komissiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.

Qəbul olunmuş qətnamənin layihəsini Avropa parlamentinə liberal-demokratlardan ibarət fraksiya (ALDE qrup) hazırlayıb. Son anda sənəd AP-dəki bütün fraksiyalar adından müzakirəyə təqdim edilib.