İSESKO üzrə Azərbaycan Milli Komissiyası yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.


İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23–27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi təqdirəlayiqdir.

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

İSESKO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, İSESKO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası aşağıdakı tərkibdə yaradılsın:

Komissiyanın sədri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Komissiyanın üzvləri

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Səyyad Salahlı – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini
Dağbəyi İsmayılov – Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) baş direktorunun müavini
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.