Cənubi Koreyada meşəlik ərazidə davam edən yanğında bir nəfər ölüb. Cənubi Koreyada meşəlik ərazidə davam edən yanğında bir nəfər ölüb.

Cənubi Koreyada meşə yanır - Ölən var

Cənubi Koreyada meşəlik ərazidə davam edən yanğında bir nəfər ölüb.

Cənubi Koreyada dağ meşələrində baş verən yanğını söndürmək və yanğının törətdiyi fəsadları aradan qaldırmaq üçün ölkə səviyyəsində bütün qüvvələr səfərbər edilib.

Yonhap agentliyi xəbər verir ki, ötən gün Qanvon vilayətinin Qoson şəhərində dağ meşələrində baş verən güclü yanğın küləyin təsiri ilə qonşu İnce, Sokço, Qannın və Donhe şəhərləri ərazisinə də keçib. Yanğınla mübarizəyə ölkənin digər bölgələrindən 13 min yanğınsöndürən, habelə Milli Müdafiə Nazirliyinin 16 min 500 nəfərlik canlı qüvvəsi cəlb olunub. Baş nazir Li Nak-yon yanğınla mübarizə tədbirlərinə birbaşa rəhbərlik edir.

Sonuncu məlumata əsasən, yanğın nəticəsində bir nəfər ölüb, 35-i müxtəlif dərəcədə bədən xəsarəti alıb. Alov 525 hektar meşə ərazisini, 200 evi və inzibati binanı, xeyli avtomobili, habelə turizm zonalarını yararsız hala salıb. Bütün cəhdlərə baxmayaraq hələlik yanğını tam nəzarət altına almaq mümkün olmayıb.

Qeyd edək ki, aprelin 4-də axşamüstü yol kənarından başlandığı güman edilən yanğın sürəti saniyədə 35 metrə çatan küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb. Dövlət qurumları 4200 nəfəri ərazidən təxliyə edib. Bölgədə avtomobil və dəmir yollarında hərəkət dayandırılıb, 52 orta məktəbdə dərslər təxirə salınıb.

Yanğın ölkənin Koreya Xalq Demokratik Respublikası ilə sərhəd bölgələrində baş verdiyindən qonşu ölkənin müvafiq qurumlarına yanğının gedişi barədə məlumat verilir.(AZƏRTAC)

AzNews.az

image description