ABŞ-dan Türkiyəyə daha bir zərbə - Konqresdə S-400-lə bağlı qərar layihəsi qəbul edildi

Hami Aksoy: ABŞ xalqının və dövlət rəsmilərinin narahatçılığına heç bir əsas yoxdur

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Türkiyə Rusiyadan S-400 alarsa, F-35 proqramından çıxarılmasını nəzərdə tutan qərar layihəsini qəbul edib.

AzNews.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy “ABŞ-Türkiyə ittifaqı ilə bağlı narahatlıqların ifadə edilməsi” başlıqlı qərar layihəsi barədə verilən suala yazılı cavab verib.

O deyib ki, ABŞ-da Türkiyə əleyhinə olan qüvvələr son vaxtlar konqresdəki fəaliyyətlərini artırıblar:

“Mayın 22-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilən qərar layihəsi bunun yeni təzahürüdür”

Aksoy Türkiyə və ABŞ-ın ortaq dəyərləri və qarşılıqlı mənfəətlərə əsaslanan müttəfiqlik əlaqələri olduğunu bildirib:

“Dünyanın bir çox bölgəsində sülh və təhlükəsizliyə dəstək vermək üçün birlikdə çalışırıq.Türkiyənin milli təhlükəsizliyini təmin etmək üçün atdığı addımların arxasında dayanan haqlı səbəblər gözardı edilərək verilən bu cür qərarlar müttəfiqlik münasibətləri ilə üst-üstə düşmür. Bu səbəbdən dostluğuna önəm verdiyimiz ABŞ xalqının və dövlət rəsmilərinin narahatçılığına heç bir əsas yoxdur”.

Xatırladaq ki, Nümayəndələr Palatasının qərar layihəsi hüquqi deyil və Tramp hakimiyyətinə tövsiyə xarakteri daşıyır.

Pərvanə Ağazadə

AzNews.az