Əfqanıstanda məscidə hücum nəticəsində 6 nəfər ölüb

Əfqanıstanın qərbindəki Herat əyalətində məsciddə namaz qılınarkən silahlı hücum nəticəsində 6 nəfər həyatını itirib.

Taliban administrasiyasının Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Kani Metin sosial media platformasında verdiyi açıqlamada, Herat əyalətinin Guzera rayonunda bir silahlının məscidə Kalaşnikov avtomatından atəş açması nəticəsində 6 nəfərin həyatını itirdiyini bildirib.

Metin hadisə ilə bağlı ətraflı açıqlamanın daha sonra veriləcəyini qeyd edib.

Digər tərəfdən "TOLO News" kanalı şiə məscidinə edilən hücumda aralarında məscid imamı da daxil olmaqla 7 nəfərin öldüyünü açıqlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Əfqanıstanda İŞİD terror təşkilatı xüsusilə şiə həzaralara qarşı zaman-zaman hücumlar təşkil edir.

Mövsüm

Aznews.az